Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2013-cü ilin ilk 6 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə çıxış edən xidmətin rəisi, polkovnik Səxavət Salmanov bildirmişdir ki, 2012-ci ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsis edilmiş, qısa zaman ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələri yaradılmış, onlar gənc və bacarıqlı kadrlarla təmin edilmişlər. Hazırda xidmətin genişləndirilməsi və inkişafı istiqamətində işlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti öz fəaliyyətini Silahlı Qüvvələrin, eləcə də digər silahlı birləşmələrin insan və texnika resursları ilə təminatının gücləndirilməsi istiqamətində qurmuşdur.
Bildirilmişdir ki, 2013-cü ilin birinci yarısında xidmət qarşıya qoyulan vəzifələri yerinə yetirməyə çalışmış, 33 zabit, 48 mülki vətəndaş xidmətə cəlb olunmuşdur. Yeni təyin olunmuş kadrların seçilməsi zamanı əsas diqqət xidmətə qəbul edilənlərin təhsil və bacarıqlarına yönəldilmişdir.
“2013-cü ilin birinci yarısında çağırışçıların həqiqi hərbi xidmətə çağırılması kampaniyası nümunəvi qaydada keçirilmişdir”, – deyən xidmətin rəisi bildirmişdir ki, cari ilin ilk 6 ayında çağırışaqədər gənclərin ilkin qeydiyyata alınması tədbirləri diqqət mərkəzində saxlanılmışdır.
Vurğulanmışdır ki, 2013-cü ilin birinci yarısında qarşıda duran digər vəzifə çağırışaqədər gənclərin seçilərək sürücülük məktəbinə və peşəyönümlü digər məktəblərə göndərilməsindən ibarət olmuşdur. Yanvar-iyun aylarında 180 nəfər gənc sürücülük məktəbini tam kurs üzrə bitirdikdən sonra onlar sürücülük vəsiqələri ilə təmin edilərək hərbi hissələrə göndərilmişlər.
Bəhs olunan dövrdə muxtar respublika məktəbliləri arasında hərbi-idman oyunlarının keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. “Cəsurlar” və “Şahin” hərbi-idman oyunları Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin birgə planı əsasında təşkil edilib həyata keçirilmişdir. “Şahin” hərbi-idman oyunlarında Şahbuz şəhər tam orta məktəbinin şagirdləri qalib gələrək Azərbaycan Respublikasında keçirilən yarışlara vəsiqə qazanmış, “Cəsurlar” hərbi-idman oyunlarında isə Culfa rayon Saltaq kənd tam orta məktəbinin komandası yarışların qalibi olmuşdur.
Qeyd olunmuşdur ki, 2013-cü ilin ötən dövrü ərzində həqiqi hərbi xidmətini başa vuranların qeydiyyata alınması işləri yüksək səviyyədə təşkil olunmuş, hərbi xidmətdən qayıtmış gənclərlə fərdi söhbətlər aparılmışdır. Eyni zamanda yaşayış yerlərini dəyişmiş hərbi vəzifəlilərin qeydiyyat sənədləri dəqiqləşdirilmiş, hərbi uçot məsələləri həll olunmuşdur.
İşdə buraxılan nöqsanlara da toxunan xidmət rəisi həmin nöqsanların aradan qaldırılması istiqamətində idarə və şöbələr qarşısında duran vəzifələrdən danışmışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Müşavirəyə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Səxavət Salmanov yekun vurmuşdur.
* * *
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi və 2013-cü ilin birinci yarısının yekunları ilə bağlı yığıncaq keçirilmişdir.
Yığıncağı müəssisənin direktoru Behruz Əzimov açaraq məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, 2013-cü ilin ilk 6 ayı ərzində muxtar respublika əhalisinin, idarə, müəssisə və təşkilatların neft və maye qaz məhsullarına olan tələbatını təmin etmək məqsədilə Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi bir sıra məqsədyönlü tədbirlər həyata keçirmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Neft Bazası ilə 34000 ton A-92, 5000 ton A-95, 1000 ton A-80 benzin, 75000 ton dizel yanacağı, 35000 ton bitum, 10000 ton mazut, 1300 ton müxtəlif yağlar, 5000 ton maye qaz alınması üçün müqavilə bağlanılmışdır. 2013-cü ilin ilk 6 ayı ərzində adıçəkilən bazadan 15935 ton A-92, 1914,2 ton A-95, 23,8 ton A-80, 37486,5 ton dizel yanacağı, 11302,6 ton bitum, 3053,8 ton mazut, 143,8 ton müxtəlif yağlar, 1320,4 ton maye qaz gətirilmişdir.
Qeyd olunmuşdur ki, müəssisədə 2013-cü ilin ilk 6 ayında ümumi dövriyyəsi 32 milyon 322 min 765 manat olan 68 min 140,4 ton müxtəlif növ neft məhsulları satılmışdır ki, bu da 18 min 586,6 ton avtobenzin, 35 min 716,8 ton dizel yanacağı, 2611,2 ton mazut, 9865 ton bitum, 1271,6 ton maye qaz, 89,2 ton müxtəlif növ yağlardan ibarət olmuşdur. Bu ilin ilk altı ayı ərzində müəssisə 422 min 671 manat mənfəət əldə etmişdir.
2012-2013-cü ilin payız-qış mövsümündə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən muxtar respublikanın Təhsil Nazirliyinə 379 min 856 litr dizel yanacağı, 21 min 92 kiloqram maye qaz, Səhiyyə Nazirliyinə 77 min 860 litr dizel yanacağı, 2250 kiloqram maye qaz, Mədəniyyət və Turizm Nazirliyinə 68 min litr dizel yanacağı, 3000 kiloqram maye qaz olmaqla, ümumilikdə, 525 min 716 litr dizel yanacağı, 26 min 342 kiloqram maye qaz verilmişdir.
2013-cü il iyul ayının 1-nə müəssisənin anbarlarında 2143,3 ton A-92, 4,3 ton A-95 benzin, 3347,8 ton dizel yanacağı, 3263,1 ton mazut, 1547,6 ton bitum, 105,4 ton maye qaz ehtiyatı vardır.
Məruzə ətrafında müzakirələrdə çıxış edən müəssisənin neft anbarının müdiri Seyfəddin Rzayev, maye qaz anbarının müdiri Kazım Rzayev və başqaları qarşıda duran vəzifələrdən danışmışlar.
* * *
“Muxtar respublikamızın uğurlu sosial-iqtisadi inkişafından Sədərək rayonuna da xeyli pay düşüb. Rayonda elə bir sahə yoxdur ki, oradakı inkişaf əvvəlki aylardan üstün olmasın”. Bu fikirlər dünən Sədərək Rayon İcra Hakimiyyətində keçirilmiş 2013-cü ilin birinci yarısının yekunlarına və dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrin icrasına həsr olunmuş müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimovun məruzəsində səsləndirilmişdir. İcra başçısı bildirmişdir ki, cari ilin birinci yarısında rayon ərazisində sürətli və keyfiyyətli abadlaşdırma, tikinti-quruculuq işləri aparılmış, istehsal və xidmət sahələrində uğurlu nailiyyətlər əldə olunmuşdur. Birinci yarım ildə rayon mərkəzi Heydərabad qəsəbəsində 252 yerlik üçmərtəbəli yeni uşaq bağçasının tikintisi, Sədərək kəndində 1 nömrəli tam orta məktəbin yenidən qurulması və “Sədərək rayonunun içməli su və kanalizasiya sisteminin yenidən qurulması” layihəsinin icrası davam etdirilmişdir.
Qeyd olunmuşdur ki, rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cari ilin məhsulu üçün 3574 hektar sahədə əkin keçirilmişdir ki, bunun 2128 hektarını taxıl təşkil etmişdir. Bu ilin birinci yarısında 284 nəfər istehlakçının hesabına 68 min 680 manat yardım köçürülmüşdür. 210 nəfər torpaq mülkiyyətçisinə isə 202 min manat güzəştli kredit verilmişdir. Bunun nəticəsidir ki, əkin sahələrindən indiyədək 120 ton kartof, 3871 ton tərəvəz, 1710 ton bostan məhsulları, 480 ton meyvə tədarük olunmuşdur.
“2013-cü ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu istehsalı 4,5 faiz artaraq 1 milyon 165,2 min manata, kənd təsərrüfatı məhsulları istehsalı 4,8 faiz artaraq 1 milyon 947,2 min manata çatmışdır”, – deyən icra başçısı özəl sektorda sənaye məhsulu istehsalının həcminin 87 faizə, kənd təsərrüfatı məhsullarının həcminin isə 99,8 faizə çatdığını vurğulamışdır.
Bildirilmişdir ki, yarım ildə pərakəndə əmtəə dövriyyəsinin həcmi 11 milyon 16,6 min manat təşkil etmişdir. Bu, ötən ilin müvafiq dövründən 8,4 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2012-ci ilin birinci yarısını 7,4 faiz üstələyərək 1 milyon 463,1 min manat olmuşdur.
Rayonda yaşıllıqların salınması, yeni tinglərin əkilməsi və onların mühafizəsi daim diqqət mərkəzində saxlanılmışdır. Ötən ilin ilk 6 ayında 1,5 hektar sahədə yeni bağ salınmış, 4,5 hektar sahədə bərpa işləri aparılmışdır. Bu sahələrə 3780 ağac əkilmişdir ki, bunun da 2 min ədədi meyvə tingi olmuşdur.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Müşavirəyə rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov yekun vurmuşdur.
Xəbərlər şöbəsi