Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində 2013-cü ilin birinci yarısının yekunları ilə bağlı keçirilən iclasda idarənin rəisi Fazil İbrahimov məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2013-cü ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına 30990,0 min manat vəsait daxil olmuşdur ki, bu da keçən ilin müvafiq dövründən 1235,9 min manat və ya 4,2 faiz çoxdur. Büdcə daxilolmalarının 81,7 faizi və ya 25327,7 min manatı Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən, 15,1 faizi və ya 4660,3 min manatı isə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilmiş, 3,2 faizi və ya 1002,0 min manatı isə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxil olmuşdur.
2013-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 418452,8 min manat dürüst təyinata qarşı 294759,7 min manat və ya 70,4 faiz icra olunmuşdur. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə büdcə xərcləri 29,3 faiz və ya 66832,2 min manat artmışdır.
İdarə tərəfindən 4 təşkilat üzrə aparılan analitik təhlil zamanı maliyyə hesabatlarının düzgün doldurulmadığı müəyyən edilmişdir.
Aparılan audit tədbirləri nəticəsində 3 təşkilatda 36 nəfərə 6280 manat tarif səhvinə görə artıq əməkhaqqının, 2 nəfərə 4748 manat qanunsuz əməkhaqqının, 1 nəfərə 26 manat ezamiyyə xərcinin, 9733 manat normadan artıq qonorarın ödənildiyi müəyyən edilmişdir.
Kimdən və haradan alınması göstərilmədən 12868 manatlıq mal-materialın silinməsi aşkar edilmişdir.
Görülmüş tədbirlər nəticəsində artıq və qanunsuz ödənilmiş 11028 manat əməkhaqqı və 26 manat ezamiyyə xərci büdcəyə bərpa olunmuşdur.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Xəbərlər şöbəsi