22 Dekabr 2024, Bazar

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrin icrası və cari ilin ilk 6 ayının yekunlarının müzakirəsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilmişdir. İclasda nazir Cavid Səfərov məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2013-cü ilin birinci yarısında muxtar respublika sakinlərinin sosial müdafiəsinin, onların məşğulluğunun təmin olunması, əmək hüquqlarının qorunması, əməyin mühafizəsi, sağlamlıq imkanları məhdud şəxslərin tibbi-sosial reabilitasiyası sahəsində qarşıda duran vəzifələrin icrası istiqamətində fəaliyyətini davam etdirmişdir. Bu dövr ərzində əhaliyə göstərilən məşğulluq xidməti çərçivəsində 1303 nəfər münasib işlə təmin edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 78 nəfər çoxdur. Naxçıvan şəhərində və rayonlarda keçirilmiş əmək yarmarkalarında, ümumilikdə, 527 işaxtaran vətəndaş daimi işlə təmin olunmuşdur. Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələblərinə uyğun təşkil olunmuş peşə kurslarını 97 müdavim bitirmişdir. Kursları müvəffəqiyyətlə başa vuran müdavimlər öz peşələri üzrə sahələrdə müvafiq işlərlə təmin olunmuşlar.

İqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin əmək şəraitinin yüksək səviyyədə təmin olunması, iş yerlərində əmək qanunvericiliyinə riayət olunması və əməyin mühafizəsi işinin təşkili istiqamətində həyata keçirilən tədbirlər cari ilin ilk 6 ayında da davam etdirilmişdir. Bəhs olunan dövr ərzində 328 müəssisədə işçilərin bədbəxt hadisələr və peşə xəstəlikləri zamanı peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanması təmin olunmuş, əmək qanunvericiliyi üzrə tələblərin pozulması səbəbindən 7 işəgötürənə 9500 manat məbləğində cərimə tətbiq edilmiş və digər zəruri tədbirlər həyata keçirilmişdir. Bu dövr ərzində iqtisadi və sosial sahələrdə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin nəticəsi olaraq, özəl sektorda muzdla işləyənlərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 faiz artaraq 374,5 manat təşkil etmişdir.
Vurğulanmışdır ki, muxtar respublika sakinlərinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən sosialyönümlü tədbirlər fasiləsiz xarakter daşıyır. İlk yarımil ərzində bütün növ müavinətlərə 5.745.609 manat, o cümlədən ünvanlı dövlət sosial yardımına 1.733.774 manat sərf olunmuşdur. Muxtar respublikada yaradılan yeni iş yerləri hesabına aztəminatlı ailələrdə əmək qabiliyyətli ailə üzvlərinin fəal əməyə cəlb olunması imkanları artmışdır ki, nəticə etibarilə, əhalinin sosial rifah halı yüksəlmiş, ötən ilin birinci yarısı ilə müqayisədə aztəminatlı əhalinin faiz nisbətində azalma qeydə alınmışdır.
Muxtar respublikada məhdud fiziki imkanlı və ahıl vətəndaşların sosial müdafiəsinin təşkili daim diqqət mərkəzində saxlanılmaqdadır. Sağlamlıq imkanları məhdud şəxslərin sosial-tibbi reabilitasiyası, texniki bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təmini, eyni zamanda onların sanatoriya və pansionatlarda müalicələrinin təşkili, habelə cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirilən tədbirlər davam etdirilmişdir. Cari ilin ilk altı ayı ərzində 551 tənha ahıl və əlilə sosial-məişət xidməti göstərilmiş, sağlamlıq imkanları məhdud 128 şəxsin Əlillərin Bərpa Mərkəzində, sağlamlıq imkanları məhdud 115 uşağın isə Uşaq Bərpa Mərkəzində müalicəsi təşkil olunmuşdur. Eyni zamanda onurğa və sinir xəstəlikləri olan məhdud fiziki imkanlı 6 nəfər Ukrayna Respublikasının Saki şəhərinə müalicəyə göndərilmişdir. Əlil vətəndaşlarımızın sanatoriya və pansionatlarda müalicə və istirahət etmələri üçün 60 göndəriş verilmişdir. Dövlətimizin əlillərə göstərdiyi fasiləsiz qayğının növbəti ifadəsi olaraq, cari ilin may ayında müvafiq kateqoriyalı sağlamlıq imkanları məhdud 30 şəxsə minik avtomobilləri təqdim edilmişdir.
İclasda işdə buraxılan nöqsan və çatışmazlıqlar da ətraflı təhlil olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov yekun vurmuşdur.

*   *   *

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində “Naxsutəchizattikinti” İdarəsi ilə birgə kollegiya iclası keçirilmişdir. Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələr və cari ilin ilk 6 ayında görülən işlərin yekunlarına həsr olunan iclası komitənin sədri Əsgər Əsgərov açaraq məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, komitə və onun tabeliyində olan strukturlar 2013-cü ilin birinci yarısında öz işini “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurmağa səy göstərmiş, qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə çalışmışlar. Bəhs olunan dövrdə 114,9 kilometr beton və torpaq kanal, 46 kilometr kollektor, 278,4 kilometr ara arxları təmir edilərək işlək vəziyyətə gətirilmiş, 2,52 kilometr kaptaj tikilmiş, 19,72 kilometr içməli su xətti çəkilmiş, 9,9 kilometr içməli su xətti bərpa olunmuşdur. Həmçinin 5,05 kilometr suvarma boru xətti bərpa edilmiş, 7,41 kilometr yeni suvarma boru xətti çəkilmişdir. Nasos stansiyalarında 3,38 kilometr təzyiqli boru xətti təmir edilmiş, 5,8 kilometr yeni təzyiqli boru xətti çəkilmişdir. Çaylarda və selovlarda 37,15 kilometr sahilbərkitmə işi aparılmışdır.
Qeyd olunmuşdur ki, sututarlarda təmir işləri aparılmış, hesabat dövründə sututarlara 278,7 milyon kubmetr su yığılmışdır. Su anbarlarından, çaylardan və nasos stansiyalarından suvarma üçün 158,14 milyon kubmetr su verilmiş, 130553 hektar sahə təkrar suvarılmışdır. Muxtar respublikada ikinci suvarma mənbəyi olan nasos stansiyalarında və subartezian quyularında xeyli iş görülmüşdür. Belə ki, 74 nasos stansiyasında, 331 subartezian quyusunda təmir işləri aparılmışdır.
İlin ilk 6 ayında “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Naxçıvan şəhərinin daxili su şəbəkəsində 57 kilometr su xətti, 47,5 kilometr kanalizasiya xətti çəkilmiş, 3300 ədəd ev birləşməsinə sayğac qoyulmuşdur. Pro­qram çərçivəsində muxtar respublikanın rayon mərkəzləri və mərkəzlərə yaxın kəndlərdə su və kanalizasiya şəbəkələri işlənməkdədir.
Məruzə ətrafında çıxışlarda Kəngərli, Şahbuz, Babək Rayon Suvarma Sistemləri idarələrinin rəisləri Nəriman Quliyevin, Ağakişi Məhərrəmovun, Yəhya Allahverdiyevin çıxışları olmuşdur.

*   *   *

“Muxtar respublikamızda nəqliyyat-yol kompleksi sahəsində atılan addımlar, ilk olaraq, geniş əhali təbəqəsinin gündəlik ehtiyaclarının ödənilməsində ən yüksək səviyyəyə çatmaq və regionun sürətlə inkişaf edən iqtisadiyyatının tələblərinə cavab verən müasir nəqliyyat infrastrukturu şəbəkəsi yaratmaq məqsədi daşıyır. Son vaxtlar müasir standartlara cavab verən yolların çəkilməsi, bütün xidmət imkanlarına malik avtovağzalların tikilməsi və ya yenidən qurularaq istifadəyə verilməsi, beynəlxalq marşrutlarda, habelə Naxçıvan şəhərdaxili marşrutunda iritutumlu, yüksək komfortlu avtobusların istifadəyə verilməsi sərnişinlərə göstərilən xidmətin səviyyəsini xeyli yüksəltmişdir”. Bu fikirlər dünən Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində keçirilmiş 2013-cü ilin birinci yarısının yekunlarına və dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrin icrasına həsr olunmuş kollegiya iclasında nəqliyyat naziri Mirsənani Seyidovun məruzəsində səsləndirilmişdir. Nazir bildirmişdir ki, son illər nəqliyyat-yol kompleksi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın hüquqi əsaslarının genişləndirilməsi istiqamətində mühüm işlər görülmüş, bu sahənin fəaliyyətini tənzimləyən müvafiq normativ hüquqi baza yaradılmışdır. Hesabat dövrü ərzində “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun təbliği Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən davam etdirilmiş, əhali, habelə sərnişindaşıma ilə məşğul olan sürücülər arasında maarifləndirici söhbətlər aparılmışdır.
Qeyd olunmuşdur ki, Türkiyə Respublikasının “İğdırlı turizm”, habelə İran İslam Respublikasının “Didari Seyri Giti” və “Ədl Seyr İranian” şirkətləri ilə bağlanmış müqavilələrə əsasən, sərnişindaşıma fəaliyyəti davam etdirilmiş, 2013-cü ilin ilk 6 ayı ərzində bu avtobuslarla Naxçıvandan Bakıya 25 min 864, Bakıdan Naxçıvana isə 23 min 494 nəfər sərnişin daşınmışdır.
Bəhs olunan dövrdə 157 nəfər fiziki və hüquqi şəxs lisenziyaya cəlb edilmiş, 304 nəqliyyat vasitəsinə lisenziya kartları verilmişdir. Bu müddət ərzində vergiyə cəlb olunmuş 7042 avtonəqliyyat vasitəsinə fərqlənmə nişanı verilmişdir. Fərqlənmə nişanı verilmiş avtonəqliyyat vasitələri sahibləri tərəfindən dövlət büdcəsinə 123730,42 manat vergi ödənilmişdir. Cari ilin ilk 6 ayı ərzində lisenziya almış avtomaşınların texniki müayinədən keçirilməsindən əldə olunmuş 24 min 622 manat vəsait nazirliyin xüsusi hesabına, lisenziya haqqı olaraq toplanmış 23 min 550 manat vəsait isə büdcəyə köçürülmüşdür.
2013-cü ilin ilk 6 ayı ərzində sərnişinlərin rahatlığını təmin etmək məqsədilə yeni marşrutların açılması diqqət mərkəzində saxlanılmış, Nəcəfalıdizə-Naxçıvan və Biləv-Ordubad xətləri açılmış, Kərimbəyli-Naxçıvan marşrutuna isə əlavə bir avtobus xəttə buraxılmışdır.
Muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilmiş, fəaliyyətdə olan 138 marşrut xəttində 302 ədəd avtobusla rayon mərkəzləri və kənd­lərin hamısı marşrutla təmin edilmiş, sərhəd, eləcə də ucqar dağ kəndlərinə işləyən marşrut avtobuslarının hərəkətinə nəzarət artırılmışdır. Bundan başqa, taksi xidmətində tam şəffaflığa nail olmaq, sürücü-sərnişin münasibətlərindəki anlaşılmazlıqların aradan qaldırılması məqsədilə muxtar respublikada fəaliyyət göstərən 485 ədəd taksiyə taksometr quraşdırılmışdır. Ümumilikdə, bəhs olunan dövrdə 9 milyon nəfərdən çox vətəndaşa avtonəqliyyat vasitəsi ilə sərnişindaşıma xidməti göstərilmişdir.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımillik fəaliyyətindən də bəhs edən nəqliyyat naziri bildirmişdir ki, 2013-cü ilin ilk 6 ayı ərzində 64 min 878 nəfər sərnişin, 131 min 700 ton yük daşınmış, sərnişin daşınmasından 15995,60 manat, yük daşınmasından isə 159446,40 manat vəsait əldə olunmuşdur.
2013-cü ilin ilk 6 ayı ərzində Naxçıvan Beynəlxalq Hava Limanının xidmətlərindən Naxçıvan-Bakı marşrutu üzrə 107 min 600, Naxçıvan-Moskva reysi ilə 2122, Naxçıvan-İstanbul reysi ilə isə 2696 nəfər sərnişin daşınmışdır.
“Naxavtoyol” Dövlət Şirkəti tərəfindən avtomobil nəqliyyatının intensiv və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə yol infrastrukturunun yenidən qurulması, istismar müddəti keçmiş yolların təmiri daim diqqət mərkəzində saxlanılır. Birinci yarım ildə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətinin xidmət etdiyi 1473 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yollarında istismar, təmir-tikinti və yenidənqurma işləri həyata keçirilmişdir.
Sonra məruzə ətrafında Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədlinin, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyevin və Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətinin Baş direktoru Bəhruz Əsgərovun çıxışları olmuşdur.

*   *   *

Avqustun 2-də Culfa Rayon İcra Hakimiyyətində də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulmuş vəzifələr və 2013-cü ilin birinci yarısının yekunları ilə bağlı müşavirə keçirilmişdir. Müşavirəni rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmaməliyev açaraq məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, muxtar respublikanın digər bölgələri ilə yanaşı, Culfa rayonunda da 2013-cü ilin birinci yarısında mühüm iqtisadi nailiyyətlər əldə olunmuş, sosial-iqtisadi inkişafda dayanıqlılığın təmin edilməsində mühüm rol oynayan sənaye və digər istehsalat sahələrinin inkişafına diqqət artırılmışdır. Sənayenin inkişafı üçün həyata keçirilən məqsədyönlü tədbirlər, uzunmüddətli kreditlərin verilməsi və yaradılan əlverişli şərait sənaye məhsulları istehsalının artmasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, 2013-cü ilin yanvar-iyun aylarında rayonda 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çox – 2 milyon 982 min 500 manatlıq sənaye məhsulu istehsal edilmişdir.
Cari ilin ilk altı ayı ərzində Camaldın kəndində su dəyirmanının tikintisi başa çatdırılmış, Gülüstan kəndində quşçuluq, Culfa şəhərində, Gülüstan və Bənəniyar kəndlərinin hər birində bir meyvəçilik təsərrüfatı yaradılmışdır.
Rayon iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafı tikinti-quruculuq, abadlıq və yenidənqurma işlərinin artmasına, yeni infra­struktur obyektlərinin yaradılmasına şərait yaratmışdır. 2013-cü ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 13 milyon 806 min 400 manat və yaxud 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz çox investisiya yönəldilmişdir.
Qeyd olunmuşdur ki, cari ilin ötən dövründə Ləkətağ kəndində kənd və xidmət mərkəzlərinin, 144 şagird yerlik tam orta məktəb binasının, Milax kəndində kənd və xidmət mərkəzlərinin, Boyəhməd kəndində kənd mərkəzinin, Əbrəqunus kəndində məscidin, Camaldın kəndində su dəyirmanının tikintisi, Milax və Boyəhməd kəndlərində məktəb binalarının, Culfa şəhərinin “Təbriz” küçəsindəki 11 nömrəli beşmərtəbəli yaşayış binasının ikinci korpusunun əsaslı təmiri başa çatdırılmış, Culfa şəhərində “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni inzibati binanın və anbar kompleksinin, Teyvaz kəndində məktəb binasının tikintisi, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin 52 saylı Dartı yarımstansiyasının əsaslı təmiri davam etdirilmiş, həmçinin Kırna və Şurud kəndlərində məktəb binalarının əsaslı təmirinə və yenidən qurulmasına başlanmışdır.
Rayon iqtisadiyyatında aparıcı sahə olan kənd təsərrüfatının inkişafının ötən illərdə olduğu kimi, cari ilin birinci yarısında da diqqət mərkəzində olduğunu deyən Nazim İmam­əliyev qeyd etmişdir ki, 2013-cü ilin məhsulu üçün 2012-ci ilin payızında və cari ilin yazında 8226 hektar sahədə əkin aparılmışdır. Bu da ötən ilin müvafiq dövründən 2 hektar çoxdur.
2013-cü ilin ötən dövründə işdə buraxılan nöqsanlardan da bəhs edən məruzəçi bu nöqsanların aradan qaldırılması üçün görüləcək işlərdən danışmışdır.
Sonra məruzə ətrafında Culfa Rayon İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Zahir Xudiyevin və rayon Maliyyə Şöbəsinin müdiri Əhməd Məmişovun çıxışları olmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR