Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul ilə əlaqədar vakant vəzifələrin tutulması üçün 3 iyul 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanları 9-11 sentyabr tarixlərdə keçirilib. Müsabiqəyə çıxarılmış 285 vakant vəzifənin tutulması üçün 82 nəfər sənəd təqdim edib. Test imtahanlarında 80 namizəd iştirak edib, onlardan 13-ü keçid balını toplayıb.
Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə keçirilir. Test imtahanlarının keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin artırılması üçün dövlət musiqi təhsili müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsidir.
Naxçıvan Musiqi Kollecində işə qəbul üçün ali təhsil müəssisələrini, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslər iştirak ediblər.
Test imtahanında hər bir namizədə, ümumilikdə, 80 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə 70, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşırığı təqdim edilib, namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt verilib.
Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün test imtahanında hər bir namizədə müəssisələrdə tədris olunan ixtisaslar üzrə 50 test tapşırığı təqdim edilib. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 75 dəqiqə vaxt verilib. Hər bir düzgün cavab bir balla qiymətləndirilib. Səhv cavablar düzgün cavablara təsir etmir. Orta ixtisas musiqi təhsili müəssisələrinə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün 60 faizini (30 bal) düzgün cavablandıran namizədlər keçid balını toplamış hesab ediliblər.
İmtahan bitdikdən dərhal sonra iştirakçılara nəticəyə dair arayış təqdim edilib. Nəticələr komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti