Dünən Naxçıvan Şəhər İcra Hakimiyyətində 2013-cü ilin birinci yarısının yekunlarına və dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasının qarşıya qoyduğu vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahov məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, 2013-cü ilin birinci yarım ilində Naxçıvan şəhərində abadlıq-bərpa, tikinti-quraşdırma işləri ön plana çəkilərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin, Rəssamlar Birliyinin, Bəhruz Kəngərli Muzeyinin, yeni yaşayış kompleksinin, yeni avtobus parkının, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin inzibati binalarının, Biznes Mərkəzinin, 972 şagird yerlik 10 nömrəli tam orta məktəb binasının, 10 nömrəli uşaq bağçasının, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin, “Buzxana” tarix-memarlıq abidəsinin, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Cahan İnşaat” Sənaye Kompleksinin, Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin yeni Asfalt Zavodunun, Avtomobil Zavodunda yeni model avtomobil istehsalı sahəsinin, Naxçıvan-Şahbuz ortatəzyiqli qaz boru xəttinin, 11 fərdi qazanxananın tikintisi və yenidən qurulması başa çatdırılmışdır.
Bu dövrdə Naxçıvan şəhərinin tikinti obyektlərində 3500 nəfərə yaxın işçi çalışmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çoxdur. Əhalinin mənzil təminatının yaxşılaşdırılması, yaşayış fondunun abadlaşdırılması, elektrik enerjisi, qaz, su, kanalizasiya, istilik təsərrüfatlarının təkmilləşdirilməsi işlərinin aparılması müntəzəm xarakter almışdır.
Vurğulanmışdır ki, əhalinin keyfiyyətli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində “Şəhər su təchizatı və kanalizasiya” layihəsinin icrası üzrə işlər davam etdirilmişdir. Bu dövr ərzində yaşayış mənzillərinə su və kanalizasiya xətlərinin çəkilişi paralel olaraq aparılmış və hazırda bu işlər davam etdirilir. 2013-cü ilin birinci yarısında 59,3 kilometr su, 48,45 kilometr kanalizasiya xətləri çəkilmişdir. Əhalini yerli məhsullarla təmin etmək üçün kənd təsərrüfatı yarmarkalarının təşkili daim diqqət mərkəzində saxlanmışdır.
Məruzə ətrafında Naxçıvan Şəhər Maliyyə Şöbəsinin müdiri Aqil Nəsirovun və Vergilər İdarəsinin rəisi Azər Nağıyevin çıxışları olmuşdur.
Müşavirəyə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov yekun vurmuş, qarşıda duran vəzifələrdən danışmışdır.
Xəbərlər şöbəsi