Dünən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2013-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. Kollegiya iclasını giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-leytenantı Əhməd Əhmədov açmışdır.
Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini, polis general-mayoru Qaçay Quliyev məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2013-cü ilin “Heydər Əliyev ili” elan olunması muxtar respublika daxili işlər orqanları qarşısında daha ciddi məsuliyyət qoymuş və tələbkarlığı artırmışdır. Daxili işlər orqanlarında xidməti vəzifələrin icrası üçün yaradılmış münbit şəraitin, nazirliyin əsas təşkilati tədbirlər planında birinci yarımil üçün nəzərdə tutulan məsələlərin, nazirliyin aparatı tərəfindən tərtib edilmiş bir sıra xüsusi planların tam və qüsursuz icrasının, eləcə də həyata keçirilmiş profilaktik tədbirlərin nəticəsidir ki, vətəndaşların həyatı, sağlamlığı və əmlakı cinayətkar qəsdlərdən qorunmuş, onların təhlükəsizliyi yüksək səviyyədə təmin edilmiş, muxtar respublika ərazisində cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin qorunmasında nailiyyətlər əldə olunmuşdur.
“Təhlükəsiz şəhər” sisteminin imkanlarından istifadə edilmiş və aşkarlanmış hadisələr araşdırılaraq müvafiq tədbirlər görülmüşdür.
Qanunsuz saxlanılan və ya könüllü təhvil verilən 124 odlu silah, o cümlədən 6 ədəd avtomat, 7 ədəd tapança, 9 ədəd TOZ-8, 5 ədəd beşaçılan, 71 ədəd ov silahı, 14 ədəd qaz tapançası, 8 ədəd pnevmatik tir silahı, 2 ədəd kustar üsulla hazırlanmış silah, 1 ədəd qumbaraatan, 1 ədəd işarə tapançası və 6375 ədəd döyüş sursatı götürülmüşdür.
Qeyd olunmuşdur ki, muxtar respublika üzrə qeydə alınmış 6 cinayət hadisəsindən 2-si (Şərur Rayon Polis Şöbəsi tərəfindən qeydə alınmış qəsdən sağlamlığa ağır zərərvurma və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə) əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmişdir. Yetkinlik yaşına çatmayanların hüquqazidd əməlləri qeydə alınmamışdır.
Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində texniki sistemlərin tətbiqi və inzibati tənbehlərin sərtləşdirilməsi hadisələrin qarşısının alınmasına müsbət təsir göstərmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 4-ə qarşı 3 olmaqla, 1 hadisə azalmışdır.
Törədilmiş cinayətləri qısa dispozisiyalarına görə təhlil etdikdə aydın olur ki, qəsdən adamöldürmə cinayətləri, narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılıq yolu ilə muxtar respublika ərazisinə gətirilməsi faktları 100 faiz azalmış, mənimsəmə və ya israfetmə, səhlənkarlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimətgöstərmə və ya zor tətbiqetmə cinayətlərinin hər biri 1 fakt olmaqla, 100 faiz artmışdır.
Bildirilmişdir ki, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, 2013-cü ilin birinci yarımili ərzində Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının bütün şəxsi heyəti yaz-yay geyim formaları ilə təmin edilmişdir. Bundan başqa, əməkdaşların məişət-sosial problemlərinin həlli də dövlət qayğısından kənarda qalmamışdır. Bu baxımdan Daxili Qoşunların Naxçıvan Alayında xidmət edən zabit və gizir ailələrinin mənzil-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində 5 mərtəbədən, 60 mənzildən ibarət, lazım olan avadanlıqlarla tam təchiz olunmuş yeni yaşayış binası tikilmişdir. Bundan əlavə, 5 mərtəbə, 45 mənzildən ibarət yeni yaşayış binası və hərbi qulluqçuların istifadəsində olan 2 mərtəbədən, 8 mənzildən ibarət yaşayış binası yenidən 1 mərtəbə də əlavə olunmaqla əsaslı təmir olunmuşdur və yaxın zamanda istifadəyə veriləcəkdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış etmiş, qarşıda duran vəzifələrdən danışmışdır.
Xəbərlər şöbəsi