22 Dekabr 2024, Bazar

Builki məşğələlər Ağbulaq İstirahət Mərkəzində təşkil edilib

Avqust ayının 1-dən etibarən sayca üçüncü olan Gənclərin Yay Universitetinin növbəti məşğələlərinə başlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə reallaşan GənclərinYay Universitetinin məşğələləri 8 gün davam edəcək. Builki məşğələlər yeni istifadəyə verilmiş Ağbulaq İstirahət Mərkəzində təşkil olunub. Məşğələlərdə, ümumilikdə, muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və müxtəlif sahələrdə çalışan 75 gənc iştirak edir.

Məşğələlər başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxış edərək bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikamızda gənclər üçün “Qızıl Kitab”ın təsis edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması, Naxçıvan şəhərində “Gənclər Mərkəzi”nin inşasına başlanılması muxtar respublikada yeniyetmə və gənclərə göstərilən böyük qayğının ifadəsidir. Gənc­lərin asudə vaxtlarının səmərəli təşkili, istedad və bacarıqlarının üzə çıxarılaraq düzgün istiqamətləndirilməsi, ictimai fəallığının yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Gənclərin Yay Universitetinin təşkili də belə tədbirlərin tərkib hissəsidir.
Qeyd olunub ki, builki məşğələlərin Ağbulaq İstirahət Mərkəzində təşkili yeniyetmə və gənclərə daha bir diqqətin ifadəsidir. Onlar burada həm də səmərəli istirahət etmək imkanı qazanıblar.
Məlumat üçün bildirək ki, məşğələlərdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Dövlət Universitetinin və AMEA Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası”, “Məişət zorakılığının ailə dəyərlərimizə təsiri”, “Gənclik və milli dəyərlərimiz”, “Azərbaycan həqiqətləri: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq müstəvidə”, “Muxtar respublikanın turizm imkanlarını necə tanımalı və tanıtmalıyıq”, “Natiqlik bacarığı: ritorika” mövzularında məşğələlər keçiləcək, gəncləri maraqlandıran suallar cavablandırılacaqdır. Qrafikə əsasən, məşğələdən sonrakı vaxtlarda konsert proqramları, əyləncəli idman oyunları, film nümayişi, mütaliə saatı, kitab müzakirələri, diskussiyalar təşkil ediləcək, özünəqulluq, gigiyena tədbirləri həyata keçiriləcək.
İlk məşğələ günü Naxçıvan Dövlət Universitetinin tələbəsi Aytən İsmayılova, Naxçıvan Tibb Kollecinin tələbəsi Elvin Həsənovla həmsöhbət olduq. Bildirdilər ki, muxtar respublikanın ən səfalı guşələrindən biri olan Şahbuz rayonunun Ağbulaq kəndində təşkil edilən Gənclərin Yay Universitetinin məşğələlərində iştirak etmək onlar üçün də arzu­olunandır. Bu tədbir onu göstərir ki, muxtar respublikamızda yeniyetmə və gənclərin hərtərəfli inkişafı prioritet vəzifələrdən birinə çevrilib.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR