22 Dekabr 2024, Bazar

“Həyatda nə qədər çətinliyin olsa da, heç vaxt obyektivliyi və prinsipiallığı unutma…” Bu fikir Azərbaycan teatr və kino sənətinin inkişafında əvəzsiz xidmətləri olmuş, 17-dən artıq Azərbaycan filminin yaradıcı heyətinin üzvü kimi milli kinematoqrafiyanın inkişafında əvəzsiz xidmətlər göstərmiş Rza Təhmasibin xarakterində diplomatik fəaliyyətin cizgilərini əks etdirən məqamdır. Rza Təhmasibin bu fikri ilə tanış olarkən məşhur ingilis yazıçısı, “Diplomat” əsərinin müəllifi Ceyms Oldricin əsərdəki obrazlardan birinin dili ilə ifadə etdiyi fikri xatırladım: “Diplomatiyanın obyektivliyə öyrəşmiş elmli adamlara ehtiyacı var”.

“Unuda bilmədiklərim” adlı xatiratında bu fikri xüsusi vurğulayan Rza Təhmasib və yaxud Rza bəy Təhmasibbəyovun diplomatik fəaliyyətinin daha dəqiq öyrənilməsi, onu bu fəaliyyətə gətirən yolun gerçək cizgilərinin üzə çıxarılması, təbii ki, Rusiya və Türkiyə arxivlərində araşdırmaların aparılmasını tələb edir.
Bizə məlum olan isə onun 86 illik maraqlı və kəşməkəşli ömrünün bir ilə yaxın bir dövrünü Azərbaycan SSR-in Türkiyədəki diplomatik nümayəndəliyində keçirməsidir.

Onun Azərbaycan və Türkiyə tarixinin çətin bir dövründə diplomatik nümayəndə­liyin fəaliyyətinə cəlb olunması bir tərəfdən geniş dünyagörüşə, əhali arasında xüsusi nüfuza sahib olması, digər tərəfdən isə rus, ərəb, fars və türk dillərini mükəmməl bilməsi ilə bağlı olmuşdur. 1901-ci ildə o, Məmmədtağı Sidqinin açdığı “Məktəbi-tərbiyə”də dərs almağa başlamışdır. Məktəbdə ona rus, ərəb, fars dilləri, tarix və coğrafiya fənləri öyrədilmişdir. Beş il sonra “Məktəbi-tərbiyə”ni bitirərək üçsinifli Naxçıvan şəhər məktəbinə daxil olmuşdur. 1909-cu ildə oranı da başa vurmuşdur. Tarixçi Musa Quliyev deyir ki, Rza Təhmasibin bu fəaliyyətə cəlb olunmasında Rzaqulu Nəcəfovun xüsusi rolu olmuşdur.
Rza Təhmasibin ictimai-siyasi fəaliyyətinin maraqlı dövrlərindən birini 1917-1918-ci illər təşkil edir. Naxçıvanın imperialist dövlətlərinin “didişmə mövqeyi”nə çevrildiyi, ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı qanlı qırğınların törədildiyi bir dövrdə – 1917-ci ilin qışında Rza Təhmasib Naxçıvana qayıdır. Rusiyada baş vermiş burjua inqilabının təsiri ilə Naxçıvanda keçirilən izdihamlı mitinqlərin əsas təşkilatçılarından və natiqlərindən birinə çevrilir. 1918-ci ilin yazında və yayında Naxçıvanda baş verən dəhşətli hadisələr zamanı ermənilərin Nehrəmdə, Şahtaxtı və başqa kəndlərdə törətdiyi qırğınların qarşısının alınması, Naxçıvan şəhərinin talanlardan qorunması üçün Rza özünümüdafiə dəstələrinin tərkibində düşmənə qarşı mübarizə aparır, şəhərin müdafiəsində fəal iştirak edir, erməni quldur dəstələrinə qarşı döyüşür.
1918-ci ildən sonra fəaliyyətini Bakı şəhərində davam etdirən Rza Təhmasib Sovet hakimiyyəti qurulduqdan sonra – 1921-ci ildəTürkiyəyə getmək, diplomatik nümayəndəlikdə tərcüməçi vəzifəsində çalışmaq təklifini alır. Bu təklifi dəyərləndirir. Beləliklə, 1921-ci ilin sen­tyabr ayının əvvəllərində Tiflisdən Batuma yola düşən, buradan isə İtaliyanın “Reno” gəmisi ilə Türkiyəyə gedən 28 nəfərlik Azərbaycan SSR nümayəndə heyətinin tərkibində RzaTəhmasib də olur. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan “Azərbaycan SSR-in Ankaradakı səlahiyyətli nümayəndəliyinin tərkibi və onların aylıq əməkhaqqı cədvəli” adlı sənəddə göstərilir ki, Rza Təhmasib o zaman Azərbaycan nümayəndəliyinin İnformasiya şöbəsinin iki əməkdaşından biri olmuşdur.
Rza Təhmasib burada nümayəndəliyin ən fəal əməkdaşlarından, Azərbaycan SSR-in Türkiyə Cümhuriyyətindəki ilk səfiri olmuş İbrahim Əbilovun yaxın köməkçilərindən birinə çevrilir. Eyni zamanda Türkiyənin mədəni həyatı ilə də yaxından tanış olur. Bu dövrdə Azərbaycan diplomatik nümayəndəliyinin təşkil etdiyi xeyriyyə tədbirlərinin, demək olar ki, böyük əksəriyyətinin ideya müəllifi və təşkilatçısı rolunda Rza Təhmasib çıxış edir. “Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji aspektləri (elm, təhsil, mədəniyyət)” kitabında tədqiqatçı Fərqanə Hüseynova arxiv sənədləri əsasında nümayəndəliyin təşkil etdiyi bəzi tədbir və teatr tamaşaları haqqında məlumat vermişdir. Belə sənədlərdən biri olan “Azərbaycan Gecəsi Proqramı” ilə tanış olduğumuz zaman görürük ki, Rza Təhmasib həmin tədbirdə nümayiş etdirilən tamaşanın rejissorluğunu etməklə yanaşı, həm də burada iki rolun ifaçısı olmuşdur.
“Respublika” qəzetinin 17 fevral 2013-cü il tarixli nömrəsində “Diplomatiya tariximizdən” adlı məqaləsində müəllif Təranə Cəbiyeva da bu barədə məlumat verərkən yazır: “İbrahim Əbilovun rəhbərliyi ilə Azərbaycan səfirliyinin işçiləri xeyriyyə tədbirləri də keçirərdi. Belə tədbirlərin keçirilməsində məqsəd Türkiyədəki yetim uşaqlara maddi yardım göstərmək, qardaş ölkədə zəngin Azərbaycan mədəniyyətini təbliğ etmək idi. O illərdə səfirliyin əməkdaşları tərəfindən “Aşıq Qərib” operası nümayiş olunur. Nadir İbrahimov, Əsgər Topçubaşov, İsmayıl İsmayılov, Mirzə Davud Rəsulzadə ifa etdikləri rolların öhdəsindən məharətlə gəlirlər. İ.Əbilov konsertdə tarın, kamançanın, tütəyin səsləndirilməsinə də diqqət yetirirdi. Xeyriyyə tədbirlərində Rza Təhmasibin rejissorluğu ilə Ə.Haqverdiyevin “Bəxtsiz cavan” pyesi də tamaşaya qoyulur”.
Araşdırmalar göstərir ki, Rza Təhmasib nümayəndəliyin rəhbəri İbrahim Əbil­ovun vəfatından əvvəl, 1922-ci ilin avqustunda Vətənə geri dönmüş və sonrakı dövr fəaliyyətini teatr və kino sənətinin inkişafına həsr etmişdir.
Rza Təhmasibin diplomatik fəaliyyəti haqqında yazı hazırlayarkən onun həyatının sonrakı dönəminə aid diqqətimizi çəkən daha iki məqam oldu. Bu məqamların biri R.Təhmasibin siyasi hazırcavablığının, digəri isə böyük cəsarət sahibi olduğunun göstəricisi hesab edilə bilər.
XX əsrin 30-cu illərinin burulğanlarında, sovet repressiya qılıncının kəsdiyi bir dövrdə aktyor bir gün evə həyəcanlı gəlir. Geyinib tələsik evdən çıxır. Ona gec xəbər verildiyindən iclasa gecikir. Qapını açıb içəri girəndə Mircəfər Bağırovu əsəbi vəziyyətdə görür:
– Roza Tazmazyan sənsən?
Hamı birinci katibin dediklərinə gülür, Rza pərt olur. Əvvəl heç nə başa düşmür. Sonra Bağırovun əlindəki teleqramı görür:
– Yoldaş Bağırov, yəqin, teleqramı vuran ermənidir.
Birinci katibin sifəti ciddiləşir. Otağa sükut çökür. İclas qurtaranda Rza Təhmasib öyrənir ki, teleqram Bolqarıstandan – kinostudiyadan gəlib. Bununla da, belə bir çətin dövrdə Rza Təhmasib özünün cəsarətini və hazırcavablığını nümayiş etdirmişdir.
Onun hədsiz cəsarəti ilə bağlı digər bir məqam isə məşhur Azərbaycan filmi “Arşın mal alan”ın çəkilişləri zamanı səhnələrdən birini çəkmək üçün o dövrdə Azərbaycan DTK-sının sədri Yemelyanovun Şüvəlandakı bağ evini seçməsi və bununla bağlı ona cəsarətli müraciət edərək müraciətinə müsbət cavab alması olmuşdu. Bu haqda yazan tədqiqatçılar qeyd edirlər ki, Yemelyanov Rza Təhmasibi qəbul edib xahişini dinləyir və bağında çəkiliş aparılmasına icazə verir. O, qapıdan çıxmaq istəyəndə Yemelyanov deyir: “Film yaranmasa, özündən küs”. Bu hədə çəkiliş başa çatanadək onun qulaqlarından getmir.
Filmə baxış da çox ağır keçir. Uzun mübahisələrdən sonra qəbul edilən film Rza Təhmasibə də, yaradıcı heyətin bir qrupuna da Dövlət mükafatı qazandırır.
Beləliklə, Azərbaycan kinosunun və teatrımızın inkişafında əvəzsiz xidmətləri olan Rza Təhmasib ötən əsrin 20-ci illərində özünü həm də ictimai-siyasi xadim və diplomatik nümayəndəlik əməkdaşı kimi göstərə bilmişdir.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR