Naxçıvan Beynəlxalq Hava Limanından aldığımız məlumata görə, avqustun 9-dan etibarən Gəncə-Naxçıvan və Naxçıvan-Gəncə reysi fəaliyyətə başlayacaq. Bu reysdə müasir “Embraer-190” tipli təyyarə ilə sərnişinlərə xidmət göstəriləcək. Naxçıvandan Gəncəyə ilk uçuş avqustun 9-da gerçəkləşdiriləcək. Biletlərin qeydiyyatı saat 1055-də başlayacaq, 1255-də təyyarə hava limanından qalxacaq. Uçuş müddəti 40 dəqiqədir.
Hava limanından onu da bildirdilər ki, artıq bu reysə bilet satışlarına başlanıb. Sərnişinlər kassalara yaxınlaşıb 39 AZN-ə bilet əldə edə bilərlər. Uçuşlar həftənin cümə günləri həyata keçiriləcək.
Qeyd edək ki, ikimotorlu, ortamənzilli “Embraer-190” tipli hava gəmisi daha güclü mühərriklərlə, uzadılmış salonla, geniş qanad dizaynı ilə təchiz edilib. Bu təyyarələr daha az xərclə daha çox sərnişin daşımağa imkan verir. Ən yeni texnologiyaların tətbiqi nəticəsində təyyarədə sərnişinlər üçün rahat şərait yaradılıb. Müasir sərnişin təyyarəsi 106 sərnişin üçün nəzərdə tutulub. Bu tipli təyyarələr ekonom sinifli elit oturacaqlı konfiqurasiya ilə təchiz edilib. Yüksək texnologiya ilə təchiz olunan “Embraer” tipli təyyarələr hazırda dünyada ən uğurlu kommersiyatipli hava gəmilərindən sayılır. Fəaliyyətə başlayan Gəncə-Naxçıvan və Naxçıvan-Gəncə reysində bu təyyarə ilə xidmət göstərilməsi sərnişinlərin qısa vaxtda və rahat şəraitdə səyahət etmək, xoş əhval-ruhiyyə ilə mənzil başına çatmaq imkanlarını artırır.
Xəbərlər şöbəsi