Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində keçirilən kollegiya iclasında dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələr və cari ilin ilk 6 ayı ərzində görülən işlərin nəticələri müzakirə olunmuşdur.
İclasda məruzə ilə çıxış edən nazir, general-mayor Şamı Abdullayev bildirmişdir ki, nazirliyin və struktur qurumların fəaliyyətinin gücləndirilməsi diqqət mərkəzində saxlanılaraq onların maddi-texniki bazası möhkəmləndirilmiş, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılmış, texniki təchizat və təminat müasir standartlar səviyyəsində qurulmuşdur.
Mülki müdafiə alayının maddi-texniki bazası təkmilləşdirilərək ümumi ərazisi 60717 kvadratmetr olan sahədə avtomobil parkı tikilib istifadəyə verilmiş, alayın ərazisində Aviasiya manqası üçün vertolyot meydançası yaradılmışdır.
2013-cü ilin birinci yarısında Şərur və Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələri üçün yeni inzibati binalar və texniki qarajlar tikilmiş, yanğın avtomobillərinin müasirləşdirilməsi məqsədilə Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinə 2, Şahbuz, Ordubad və Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin hər birinə isə 1 ədəd müasir yanğınsöndürmə avtomobilləri verilmişdir.
Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində “112” qaynar telefon xəttindən və digər mənbələrdən daxil olan məlumatların toplanması, işlənməsi və arxivləşdirilməsi həyata keçirilmiş, baş vermiş 94 hadisənin məlumatları aidiyyəti üzrə çatdırılaraq qarşısı vaxtında alınmışdır.
Hesabat dövründə 2 yeni təhlükə potensiallı obyekt, 17 avadanlıq və qurğu dövlət reyestrində qeydiyyata alınmış, 66 ədəd texnoloji nəqliyyat vasitəsinə dövlət nömrə nişanları, qeydiyyat şəhadətnamələri və texniki baxış talonu verilmiş, qeydiyyatdan keçmiş 156 ədəd texnoloji nəqliyyat vasitəsinə texniki baxış keçirilmişdir. 12 müəssisədə 86 ədəd təhlükə potensiallı qurğu və avadanlıqlar sertifikatlaşdırılmış, 3 müəssisədə 27 ədəd maşın-mexanizm, 1 müəssisədə avadanlıq və qurğular texniki təhlükəsizlik üzrə ekspertizadan keçirilmişdir.
Qeyd olunan dövrdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, təsərrüfat subyektlərində, təhsil, mədəniyyət və səhiyyə ocaqlarında mülki müdafiə işinin təşkili diqqət mərkəzində saxlanılmış, 1 səhiyyə ocağında kompleks mülki müdafiə təlimi, 4 müəssisədə konfrans, 14 ümumtəhsil məktəbində maarifləndirici tədbir keçirilmiş, 91 təsərrüfat obyektində, 16 səhiyyə ocağında mülki müdafiə işinin vəziyyəti yoxlanılmış, 49 ümumtəhsil məktəbində mülki müdafiə dərslərinin keçirilməsinə nəzarət edilmiş, 9 uşaq bağçasında sənədləşmə işlərinin aparılmasına metodik köməklik göstərilmişdir.
Bildirilmişdir ki, 2013-cü ilin birinci yarısında tikinti obyektlərində təhlükəsizlik, tikinti norma və qaydalarına əməl olunması, mövcud qanunvericiliyin tələblərinin təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir. Belə ki, 94 obyektin layihə-smeta sənədləri razılaşdırılmış və tikinti işlərinin aparılması üçün işçi layihələrə müvafiq rəylər verilmişdir. 91 tikinti obyektində yoxlama keçirilmiş, 2 mühəndis-geoloji axtarış işi aparılmış, mühəndis-geoloji, sement və beton laboratoriyasında ümumilikdə 137 sınaq və analiz keçirilmişdir.
Muxtar respublikada yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2 min 291 obyektdə yanğın-texniki müayinələr aparılmış, 88 min 387 fərdi yaşayış evində və mənzillərdə reydlər keçirilərək 1166 ədəd əlavə çəkilmiş elektrik və qaz xəttinin, standartlara uyğun olmayan qaz cihazlarının istismarı dayandırılmışdır.
Məruzə ətrafında müzakirələrdə nazir müavini, daxili xidmət mayoru Nurlan Həsənovun, Əməliyyat şöbəsinin rəisi, polkovnik Hikmət Kərimovun, Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik-leytenant Emin Qasımovun və Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi Vüqar Kazımovun çıxışları olmuş, nazirliyin 2013-cü ilin ikinci yarımili üçün iş planı təsdiq edilmişdir.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şamı Abdullayev yekun vurmuşdur.
* * *
Şərur Rayon İcra Hakimiyyətində 2013-cü ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunları və dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsinə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirəni rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov açaraq məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, 2013-cü ilin birinci yarısında rayon İcra Hakimiyyətinin yeni inzibati binasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binasının və texniki parkının inşası, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur Rayon Qeydiyyat Şöbəsi üçün inzibati binanın əsaslı təmiri başa çatdırılmışdır. Hazırda daha 30-dək obyektdə quruculuq tədbirləri davam etdirilir.
Son illərin ən böyük obyekti 20,5 meqavat elektrik enerjisi istehsal etmək gücünə malik Arpaçay Su Elektrik Stansiyasıdır ki, burada artıq bütün işlər başa çatdırılmışdır. 1,4 meqavat gücündə olacaq “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinə isə bu ildən başlanmışdır. Şərur Texniki Peşə Təlimi Mərkəzi nəinki rayonda, hətta muxtar respublika miqyasında ərazisinin genişliyinə görə ilin ən iri obyektləri sırasındadır.
Bildirilmişdir ki, Xanlıqlar, Dəmirçi, Sərxanlı, Gümüşlü, Şahbulaq kəndlərində kənd və xidmət mərkəzlərinin, Xanlıqlar, Sərxanlı və Dəmirçi kəndlərində həkim ambulatoriyalarının, Şahbulaq kəndində yeni məktəb binasının inşası, Xanlıqlar, Sərxanlı və Dəmirçi kəndlərində isə məktəb binalarının əsaslı təmiri və yenidən qurulması sürətlə davam etdirilir. Şərur şəhərində iki – 24 və 40 mənzilli yaşayış binalarında əsaslı təmir işləri başa çatdırılmaq üzrədir. “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məmmədsabir kəndi ərazisində inşa etdiyi likör, araq və limonad istehsalı sahəsində avadanlıqlar quraşdırılmış, hazırda istehsal sexində sınaq-yoxlama işləri aparılır.
Rayonda yol infrastrukturunun yeniləşdirilməsi bu il də diqqət mərkəzindədir. Hazırda bu sahədə əsas qüvvələr Püsyan-Xanlıqlar və Gümüşlü-Şahbulaq avtomobil yollarının əsaslı təmiri işlərinə yönəldilmişdir. Gümüşlüdən Şahbulağadək olan yolda isə asfalt döşənməsinə başlanmışdır.
Ümumiyyətlə, cari ilin birinci yarısında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 35 milyon 240,7 min manat investisiya yönəldilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çoxdur.
Vurğulanmışdır ki, Şərur rayonunda aqrar sahədə qazanılan uğurlar ildən-ilə artmaqdadır. Kənd təsərrüfatı ilə məşğul olan istehsalçılara yardım və kreditlərin verilməsi bu sahənin inkişafına zəmin yaratmışdır. Belə ki, cari ilin ilk 6 ayında 411 nəfər torpaq mülkiyyətçisinə 348 min 960 manat yardım edilmiş və 1022 ton 226 kiloqram mineral gübrə paylanmışdır. Bunlarla yanaşı, kənd təsərrüfatı ilə məşğul olan istehsalçılara “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 15 ədəd müxtəlif kənd təsərrüfatı texnikaları lizinq yolu ilə satılmışdır.
Görülən məqsədyönlü tədbirlər nəticəsində bu ilin birinci yarısında 36 milyon 376,1 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 7,5 faiz çoxdur. Rayonda 17 min 112 hektar sahədə əkin aparılmışdır ki, onun da 9181 hektarını taxıl zəmiləri təşkil etmişdir. Taxıl biçini müvəffəqiyyətlə başa çatdırılmış, 28 min tondan çox məhsul istehsal olunmuş, hektarın orta məhsuldarlığı 30,6 sentnerə çatdırılmışdır.
752 hektar sahədə kartof, 1569 hektar sahədə tərəvəz, 623 hektar sahədə qarğıdalı, 488 hektar sahədə paxlalı, 30 hektar sahədə günəbaxan, 471 hektar sahədə bostan bitkiləri də aqrotexniki qaydada becərildiyindən bol məhsul yetişdirilmişdir.
Bəhs olunan dövrdə ekoloji tarazlığın qorunması üçün yaşıllaşdırma və abadlıq tədbirləri davam etdirilmişdir. Yaz iməciliklərində rayonda 11,2 hektarlıq bağa 8442 ədəd meyvə tingi, Naxçıvan-Sədərək magistralının Şərur ərazisindən keçən 19,5 kilometrlik yol kənarlarına 8800 ədəd meşə ağacı və müxtəlif meyvə tingləri əkilmiş, 29 min 100 ədəd 8 növ gül şitili basdırılmış, yeni bağların suvarılması üçün su xətləri çəkilmişdir.
Bildirilmişdir ki, ilin birinci yarısında rayon üzrə sənayedə 42 milyon 368,5 min manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 7,2 faiz çox məhsul istehsal olunmuşdur. Cari ilin birinci yarısında rayonda 219 yeni iş yeri açılmışdır.
2013-cü ilin birinci yarısında əhaliyə göstərilən pullu xidmətlər 15 milyon 819,3 min manat, pərakəndə əmtəə dövriyyəsi 98 milyon 808,9 min manat, nəqliyyat sektorunda yük daşınması 863 min ton təşkil etmişdir.
İlin birinci yarısında ötən ilin müvafiq dövrünə nisbətən poçt və rabitə müəssisələri tərəfindən 6 faiz çox xidmət göstərilmişdir. Cari ilin ilk 6 ayında pensiyaların vaxtında ödənilməsi təmin edilmişdir. Bu dövrdə 2 milyon 758 min 767 manat məcburi dövlət sosial sığorta haqqı yığılmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 97 min 979 manat çoxdur.
2013-cü ilin birinci yarısında 718 ailənin 3149 üzvü 410 min 38 manat ünvanlı sosial yardım almışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Müşavirəyə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov yekun vurmuşdur.
Xəbərlər şöbəsi