Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində cari ilin birinci yarısının yekunlarının müzakirəsinə və dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında kütləvi informasiya vasitələri qarşısında qoyulmuş vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir. Komitə sədri Sahil Tahirli məruzə ilə çıxış edərək bildirmişdir ki, ötən ilk 6 ayda Naxçıvan teleradiosuna yeni efir və çəkiliş avadanlıqları, avtomobil alınmış, burada virtual studiya yaradılmış, 5 yeni telemontaj dəsti qurulmuş, montaj otaqlarında təmir işləri aparılmışdır.
Vurğulanmışdır ki, ötən yarım ildə görülən işlər, hazırlanan verilişlərdəki keyfiyyət dəyişiklikləri, efirin vizuallığının artırılması göstərir ki, Naxçıvan teleradiosunun qarşıya qoyulmuş vəzifələri yerinə yetirməsi üçün həm texniki, həm də yaradıcılıq potensialı vardır.
İşdə buraxılan nöqsanlara da toxunan Sahil Tahirli qeyd etmişdir ki, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında kütləvi informasiya vasitələri qarşısında qoyulan vəzifələr ictimai nəzarətçi orqan kimi Naxçıvan Dövlət Teleradiosunun əsas fəaliyyət istiqaməti olacaqdır. Naxçıvan Dövlət Teleradiosu bundan sonra da fəaliyyətini yeni dövrün tələblərinə uyğun quraraq, cəmiyyətin aktual problemlərinə diqqəti artıracaq, tamaşaçıların və dinləyicilərin informasiya tələbatını ödəməyə çalışacaq, müxtəlif peşə sahibi və sosial təbəqədən olan insanların zövqünə və maraqlarına cavab verən cəlbedici proqramlar hazırlayacaq, “Heydər Əliyev ili”nə öz töhfələrini verəcəkdir.
Sonra Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Fərasət Əsədullasoyun, Naxçıvan Dövlət Televiziyasının İctimai-siyasi verilişlər redaksiyasının baş redaktoru Ramal Məmişovun, “Xəbərlər” redaksiyasının baş redaktoru Lalə Hüseynovanın, Ədəbi-bədii və publisistik verilişlər redaksiyasının baş redaktoru Şölə Əliyevanın, Naxçıvan Dövlət Radiosunun İctimai-siyasi verilişlər redaksiyasının baş redaktoru Məhəmməd Fərəcovun məruzə ətrafında çıxışları olmuşdur.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Ülvi Hüseynli çıxış etmişdir.
Xəbərlər şöbəsi