22 Dekabr 2024, Bazar

Brest, Belarus Respublikasının bütün dünyada məşhur olan qəhrəman şəhəridir. Bu şəhər öz tarixinin 994 ili ərzində dəfələrlə müharibənin ağrı-acısını hiss edib, tamamilə yox olmaq təhlükəsi ilə üz-üzə qalıb. Ancaq şəhər sakinlərinin qəhrəmancasına müqaviməti, istedadı, doğma şəhərlərinə sahib çıxması, yaradıcı əmək nümayiş etdirməsi nəticəsində hər dəfə yenidən doğulub və bütün dünyada məşhur şəhərlərdən birinə çevrilib. Brest o şəhərlərdəndir ki, orada minlərlə insanın taleyi yenidən yazılıb.

2012-ci il avqust ayının 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Belarus Respublikasına səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb, ölkə başçısı Belarus Respublikasının böyük dövlət mükafatı olan “Xalqlar dostluğu” ordeni ilə təltif olunub. Həmin gün “Naxçıvan Şəhər İcra Hakimiyyəti və Brest Şəhər İcra Komitəsi arasında iqtisadi-ticarət və humanitar-mədəni sahələrdə əməkdaşlıq haqqında Saziş”i Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və Brest Şəhər İcra Komitəsinin sədri Aleksandr Palışenkov imzalayıb. Beləliklə, Naxçıvan və Brest şəhərləri qardaş şəhərlər elan olunub. 

27-28 iyul tarixlərində Brest şəhərinin alman-faşist işğalçılarından azad olunmasının 68-ci ildönümü və “Brest 2013” Şəhər Günü münasibətilə bayram tədbirləri keçirilib. Bayram tədbirlərində Brestlə qardaşlaşmış şəhər olan Naxçıvan şəhərini Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov təmsil edib. İcra başçısı Brest şəhərinin meri Aleksandr Sergeyeviç Palışenkovla və Belarusdakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb. Brest vilayətinin qubernatoru Konstantin Sumar Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısını rəsmi qəbul edib.
Bayramlar münasibətilə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək Brest şəhər sakinlərini təbrik edib, Naxçıvan və Brest şəhərləri arasında əlaqələrin yaranmasını əlamətdar hadisə kimi qiymətləndirib. Qeyd edilib ki, hər iki şəhər tarixin böyük kəşməkəşlərinin şahidi olub. Lakin vətənsevər övladlarının böyük səyləri nəticəsində varlığını sürdürə bilib. Bu gün hər iki şəhər inkişaf edir, çiçəklənir. Bu uğur isə Azərbaycanda və Belarus Respublikasında əldə edilən sosial-iqtisadi inkişafın, əmin-amanlığın nəticəsində mümkün olub. Sonra Naxçıvandan aparılmış hədiyyələr ev sahiblərinə təqdim edilib.
Səfər çərçivəsində icra başçısı Brest şəhərinin alman faşizmindən azad olunması münasibətilə yaradılan memorial lövhənin və parkın açılışında iştirak edib, şəhərin gəzməli, görməli yerləri və Brest qalası ilə tanış olub. Brest qalası ilə tanışlıq zamanı bildirilib ki, 1941-ci il iyunun 22-də alman faşistləri Brestə hücum edən zaman ciddi müqavimətlə üzləşiblər. Mühasirədə qalan 4 min nəfər sakin şəhər ətrafında keşik çəkən hərbçilərə qoşularaq Brest qalasının müdafiəsinə qalxıb. Onlar Vermaxtın 12 ordu korpusunun qarşısında bir ayadək duruş gətirməyi bacarıblar. 1965-ci ilin mayında Brestə “Qəhrəman şəhər” adı verilib. 1971-ci il sentyabrın 25-də isə Qəhrəman şəhərin şərəfinə abidə ucaldılıb. Hazırda Brest qalasının ərazisində böyük park salınıb. İnsanlar bura sevə-sevə səyahət edirlər. Qala ərazisindəki mühafizə qurğuları, səngərlər və hündür daş hasar müharibədən sonra olduğu kimi saxlanılıb. Divarlarda güllə izləri də açıq-aydın görünür. Şəhərin müdafiəsində iştirak edən əsgərlərin adları abidə qarşısındakı mərmərlərə həkk olunub. Burada müxtəlif millətlərdən olan hərbçilərin adlarını görmək mümkündür. Brest qalasının müdafiəsində 44 nəfər azərbaycanlı da iştirak edib.
Qeyd edək ki, Naxçıvan və Brest şəhərləri arasındakı əlaqələrin genişləndirilməsi Azərbaycanla Belarus arasındakı dostluq əlaqələrinin nəticəsidir.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR