Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Ordubad rayon ümumtəhsil məktəblərinin ikinci, beşinci və altıncı siniflərinin rəhbərləri ilə tədris-metodik toplantı keçirilib.
Ordubad Rayon Mədəniyyət Evində keçirilən tədbirdə əsas məqsəd yeni tədris ilinə hazırlıqla bağlı ümumtəhsil məktəblərində tədris olunan mülki müdafiə dərslərinin keyfiyyətini yaxşılaşdırmaq, müəllimlərin bu sahə üzrə pedaqoji səviyyələrini artırmaqdan ibarətdir.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov çıxış edərək bildirib ki, təsdiq olunmuş tədris proqramı əsasında ümumtəhsil məktəblərinin ikinci siniflərində mülki müdafiə dərsləri 6 saat, 5-ci və 6-cı siniflərdə isə 8 saat həcmində keçilir. Mülki müdafiə fənni 2-ci və 5-ci siniflərdə tədris ilinin ikinci, 6-cı siniflərdə isə birinci yarım ilində tədris olunur.
Vurğulanıb ki, mülki müdafiə dərslərinin keçilməsinin xüsusiyyəti öyrədilən materialın praktik təmayülə malik olmasıdır. Dərslər zamanı şagirdlərin fərdi xarakterləri nəzərə alınmaqla onlarda mülki müdafiə fənninə maraq artırmaq mümkündür. Bu məqsədlə Mülki müdafiə işinin təşkili şöbəsi tərəfindən müvafiq təlimatlar hazırlanıb, əyani vəsaitlər, slaydlar və videomateriallar məktəblərə təqdim olunub.
Sonra bir sıra mövzularda mühazirələr dinlənilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi