Bu günlərdə Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndə heyəti, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri, Qanat və Tarixi Hidravlik Strukturlar üzrə Beynəlxalq Mərkəzin mütəxəssisləri muxtar respublikada kəhrizlərin bərpasında qazanılan təcrübənin öyrənilməsi məqsədilə Naxçıvanda səfərdə olublar. Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində qonaqlara məlumat verilib ki, muxtar respublikada əhalinin su ilə təmin olunması üçün 31 su anbarı tikilib, 100-dən artıq nasos stansiyaları quraşdırılıb. Qeyd olunub ki, muxtar respublikada 386 kəhriz var. Həmin kəhrizlərin 335-i işlək vəziyyətdədir. Hazırda Kəngərli və Ordubad rayonlarında 5 kəhrizdə təmir işləri aparılır.
Səfər müddətində qonaqlar Kəngərli rayonunun Çalxanqala kəndində Baş bulaq, Qarabağlar kəndində Torxuc, Bəydilli, Bostanlar-1 və digər kəhrizlərdə aparılan təmir işləri ilə tanış olublar. Onlar, həmçinin Ordubad rayonunun Yuxarı Əylis kəndində Bəyləlov, Aşağı Əylis kəndində Çiçək, Ordubad şəhərindəki Qırxpillə, Töyənək, Məmməd Sadiq, Hacı Əhməd və Hacı Fəttah kəhrizlərində aparılan təmir-bərpa işləri, eləcə də kəhriz sistemlərinin quruluşu, tarixi ilə yaxından maraqlanıblar.
Səfər çərçivəsində nümayəndələr Naxçıvan Dövlət Universitetində də olublar.
Qonaqların Naxçıvan şəhərindəki Qələndər, Kalba Musa, Naxçıvanqala kəhrizləri ilə tanışlığı da maraqlı anlarla yadda qalıb. Onlar “Şərq qapısı” qəzetinə müsahibələrində səfərlərinin məqsədi və mahiyyəti barədə danışıblar.
Vladimir Georgiev – Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri: –
Səfərimizin məqsədi Beynəlxalq Miqrasiya Təşkilatı ilə yerli orqanlar tərəfindən bərpa edilən kəhrizlərlə yaxından tanış olmaq, təcrübələrdən yararlanmaq, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri ilə birlikdə qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır. Burada öyrəndiklərimiz əsasında Azərbaycanın 8 rayonundakı 40 kəhrizdə bərpa işləri görüləcək.
Onu da deyim ki, Beynəlxalq Miqrasiya Təşkilatı Naxçıvanda 120-dən artıq kəhrizin bərpasında iştirak edib. Layihənin həyata keçirilməsinin səbəblərindən biri də muxtar respublikada bunun üçün hərtərəfli şəraitin yaradılmasıdır. Əminik ki, əhalinin həmin kəhrizlərdən düzgün istifadə edərək qoruyub saxlaması onların daim işlək vəziyyətdə olmasını təmin edəcəkdir.
Çox məmnunuq ki, Azərbaycanın belə gözəl və qədim regionuna gəlmişik. Mən ilk dəfədir Naxçıvana səfər edirəm. Bu diyarla tanışlığım mənə yüksək təəssüratlar bağışladı. Buranın qeyri-adi təbiəti, dadlı yeməkləri var. İstərdim ki, qədim diyarınıza bir daha səfər edim.
Hüseyn Qafuri – Qanat və Tarixi Hidravlik Strukturlar üzrə Beynəlxalq Mərkəzin direktor əvəzi: – Biz Gəncə şəhərindən sonra muxtar respublikaya səfər edərək buradakı kəhrizlərlə tanış olduq. Bilirik ki, bu diyarda ən yaxşı kəhrizlərdən düzgün istifadə təcrübəsi vardır. Naxçıvanda kəhriz sistemləri çox böyükdür və əminik ki, bu sistemlər bundan sonra da inkişaf etdirilərək gələcək nəsillərə çatdırılacaq. Qədim diyarda kəhrizlərin bərpası, idarə olunması layihələrinin həyata keçirilməsi təcrübəsini öyrənmək, eləcə də bu sistemlərin tarixi, təmiri və yenilənməsi barədə məlumatları əldə etmək bizim üçün çox əhəmiyyətlidir. Biz burada öyrəndiklərimizi digər yerlərdə tətbiq edəcəyik.
Mirnaib Mirsalahov – Azərbaycan Dövlət Aqrar Universitetinin professoru: – Naxçıvana səfərimiz çərçivəsində Qələndər, Kalba Musa və digər kəhrizlərdə olduq, bu su mənbələrinin çıxışının necə gözəl memarlıq üslubunda işləndiyini gördük. Həqiqətən də, bu diyarda turizmi inkişaf etdirmək, turistlərdə maraq yaratmaq üçün kəhrizlərin mövcudluğu, onların bərpası olduqca vacib məsələlərdəndir. Naxçıvanda bizi yüksək qonaqpərvərliklə qarşıladılar. Yaradılan şəraitə, mehriban münasibətə görə minnətdaram.
Macid Labbaf – baş ekspert: – Biz üç gün ərzində Naxçıvanda kəhriz sistemləri ilə yaxından tanış olduq. Səfərimiz çox maraqlı keçdi, bizi xüsusi qonaqpərvərliklə qarşıladılar. Bu diyarda kəhrizlərin təmiri, qorunub saxlanılması çox təqdirəlayiq haldır. Naxçıvan, bu mənada, fərqlənən yerlərdəndir. Diqqətimi çəkən əsas məqamlardan biri də burada birgə addımların atılmasıdır. Yəni həm dövlətin dəstəyi, həm də sakinlərin bu sahəyə diqqəti çox yaxşıdır. Burada, həmçinin qeyri-adi kəhrizlərin də şahidi olduq. İstərdik ki, gələcəkdə də əməkdaşlığımız davam etsin.
Nail ƏSGƏROV