Azərbaycanda ilk dəfə reallaşdırılan “Azərbaycanın 7 möcüzəsi” layihəsinin məqsədi cəmiyyətdə vətənpərvərlik hisslərini artırmaq, milli-mədəni və tarixi irsimizi qorumaq, Azərbaycan tarixinin mübahisəli və təhrif edilmiş faktlarını dövrün tarixi abidələri fonunda öyrənərək araşdırmaq, ölkəmizin ərazisində yerləşən tarixi, mədəni və təbii obyektlərin tanıdılmasına, qorunmasına və bərpa edilməsinə diqqəti yönəltməkdir. Həmçinin “Azərbaycanın 7 möcüzəsi” layihəsi ölkə daxilində və xaricində Azərbaycanın tarixi, mədəni və təbii incilərini tanıtmaqla yerli və xarici turizmin, eləcə də həmin ərazilərdəki infrastrukturun inkişafına təkan verməyi öz qarşısına məqsəd qoyub.
1-6 sentyabr tarixlərində layihə çərçivəsində Möminə xatın türbəsində, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində, Naxçıvanqalada, Nuh Peyğəmbərin türbəsində, Duzdağ Fizioterapiya Mərkəzində və duz istehsalı sahəsində, Əlincəqalada, Haçadağda, Xanəgah Abidə Kompleksində, Qarabağlar Türbə Kompleksində, Gülüstan türbəsində, Gəmiqayada, Sədərək rayonunun Heydərabad qəsəbəsində, Cəlilkənd buzxanasında və Yengicə kəndindəki Şərq hamamında çəkilişlər aparılıb, tarixi və memarlıq abidələrimiz “Azərbaycanın 7 möcüzəsi” seçimlərinə daxil edilib.
Layihənin yaradıcı direktoru Elnur Talıblı Naxçıvan televiziyasına müsahibəsində deyib: “Layihənin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın 7 möcüzəsi xalqımız tərəfindən seçiləcəkdir. Seçilən həmin abidələr Azərbaycanın 7 möcüzəsi kimi tarixdə qalacaqdır. Bu layihə çərçivəsində bütün Naxçıvanı gəzdik və çəkilişlər apardıq. Müşahidə etdiyim bir neçə məsələni qeyd etmək istəyirəm. Naxçıvanda heyrətləndirici amillər çoxdur. Məsələn, qonaqpərvərlik, insanların gülərüzlülüyü, xoşbəxt simaları. İndiki dövrdə bu çox önəmlidir. Çox az ölkələr var ki, orada küçədə gəzərkən xoşbəxt simalı insanlara rast gələsən. Lakin Naxçıvanda bu belədir.
Muxtar respublikada çəkiliş apararkən üç amil məni daha çox heyrətləndirdi. Birincisi, Naxçıvanda oturmuş bir ideologiya var. Yəni Naxçıvan Muxtar Respublikasında yaşayan hər bir Azərbaycan vətəndaşının ideoloji cəhətdən düşüncəsi tam formalaşıb. O bilir nə üçün yaşayır, necə yaşayır. Onun gələcəyi necə olacaq və bu gələcəkdən çox ümidlidir. O bilir ki, nəyə görə çalışır, nəyə görə zəhmət çəkir. Onun gələcəyə baxışı tam fərqlidir, öz gələcəyindən çox əmindir. Bu, çox önəmlidir.
İkincisi, Naxçıvanın iqtisadi sistemi, ən əsası isə idarəçilik sistemi mənim çox xoşuma gəldi. Çünki bilirsiniz, blokada şəraitində olan Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə heç bir quru əlaqəsi yoxdur. Lakin Naxçıvanda çox mükəmməl idarəetmə sistemi qurulub. Ucqar kəndlərə getdik, sərhədyanı zonalarda, hətta birbaşa sərhəddə olduq. Hara getdiksə, biz bu sistemin effektli işlədiyinin şahidi olduq.
Üçüncüsü və ən əsası Naxçıvanın gələcək inkişaf strategiyası var. Yəni Naxçıvanın bugünkü inkişafı xaotik deyil. Muxtar respublikada planlı və nizamlı şəkildə gələcəyin inkişaf strategiyası formalaşdırılıb. Naxçıvan bu strategiya üzərində elə iri addımlarla irəliləyir ki, bizə bəzən elə gəlir ki, bunun bəhrəsini yalnız bu gün görürük. Təbii ki, bu gün də görürük. Amma biz Naxçıvanın bugünkü inkişaf strategiyasının əsl bəhrəsini 50 il sonra gördükdə inana bilməyəcəyik. Yəni 10 il bundan əvvəlki Naxçıvanla bugünkü Naxçıvan arasında necə fərq varsa, 50 il sonra 10 qat fərqin şahidi olacağıq. Çünki bu gün onun çox gözəl təməli qoyulur.
Naxçıvanın inkişaf strategiyası möhkəm fundament üzərində həyata keçirilir. Məktəblər, uşaq bağçaları, ali təhsil ocaqları tikilir. Əsas güc insanların rahatlığına, təhsilinə, gənc nəslin formalaşdırılmasına sərf olunur. Layihəmiz “Azərbaycanın 7 möcüzəsi” adlanır. Lakin tam səmimi etiraf edirəm ki, Azərbaycanda 8-ci möcüzə layihəsi təqdim olunmalıdır və 8-ci möcüzə olaraq da Naxçıvanın idarəçilik sistemi nümunə kimi götürülməlidir. Çünki dünyanın bir çox ölkələrində olmuşam, lakin bu cür mükəmməl idarəçilik sistemi görməmişəm. Belə düşünürəm ki, bir çox ölkələrdə Naxçıvanın idarəçilik sistemi dərslik kimi öyrənilməlidir. Ən əsası isə təbliğ olunmalıdır ki, belə bir idarəetmə sistemi var və bu, sırf Naxçıvanda tətbiq olunan idarəçilik sistemidir”.
Layihənin baş prodüseri İslam Əhmədovun fikirləri də maraqlıdır: “Sentyabrın 1-dən Naxçıvanı qarış-qarış gəzdik. Bütün abidələrlə tanış olduq. Abidələri tanıyırdıq, lakin bu dəfə abidələrin tarixi əhəmiyyəti ilə yanaşı, həm də möcüzələrini öyrəndik. Çox yaxşı təəssüratlarımız var. Layihə boyunca da onları tamaşaçılarımıza təqdim edəcəyik. Yeddi.az saytına daxil olub onlarla tanış ola bilərsiniz. Üstəlik, saytda “Öz möcüzəni əlavə et” bölməsi də var ki, hər bir şəxs möcüzə hesab etdiyi bir abidəni əlavə edə bilər. Bundan başqa, yeddi.az saytında hər kəs 7 möcüzəyə səs verə bilər. İlk 25-likdə olan abidə finala vəsiqə alacaq və onların hər biri haqqında film və verilişlər hazırlanıb geniş ictimaiyyətə təqdim olunacaqdır.
İlk dəfədir, Naxçıvanda oluram. Naxçıvandakı inkişafın, qonaqpərvərliyin, qədimliklə müasirliyin vəhdətini bu dərəcədə təsəvvür etmirdim. Muxtar respublikanın hər bir guşəsində bir nizam-intizam, səliqə-sahman var. Əvvəllər düşünürdüm ki, Naxçıvana nə vaxtsa imkan olsa, ailəmlə birlikdə gedərəm. Amma gəlib gördükdən sonra qəti olaraq qərar verdim ki, bu yaxınlarda ailəmlə birlikdə yenidən Naxçıvana qayıdacağam. Mənə məlumat verdilər ki, Naxçıvanda müxtəlif festivallar keçirilir. “Ailə təsərrüfatları” və “Bal” festivalları xüsusilə diqqətimi çəkdi. Ailəmlə birlikdə mütləq həmin festivalların birində iştirak edəcəyəm. İstəyirəm ailəm də əyani surətdə bu gözəlliyin, nizamın, səliqə-sahmanın şahidi olsun.
Naxçıvanda tarixi abidələr çoxdur və ən qürurverici cəhət ondan ibarətdir ki, abidələr yüksək səviyyədə qorunub saxlanılır, zamanında restavrasiya edilir. Səfər müddətində tarixə sahib çıxmaq, abidələri qorumaq baxımından da bir Naxçıvan nümunəsinə şahidlik etdik. Naxçıvanı Azərbaycan tarixinin beşiyi kimi tanıyırdıqsa, bu abidələri, eləcə də Gəmiqayanı gördükdən sonra, əminliklə deyə bilərik ki, Naxçıvan dünya tarixinin beşiyidir”.
Qeyd edək ki, foto və videogörüntüləri götürülən abidələr haqqında məlumatlar yeddi.az saytına yerləşdirilir. Sözügedən saytda “Azərbaycanın 7 möcüzəsi” layihəsinin səsverməsi keçirilir. Səsvermə oktyabrın 18-də başa çatacaqdır.