Azərbaycanda ilk dəfə reallaşdırılan “Azərbaycanın 7 möcüzəsi” layihəsinin çəkiliş qrupu 1-6 sentyabr tarixlərində Naxçıvan Muxtar Respublikasında çəkiliş aparıblar.
Layihənin yaradıcı direktoru Elnur Talıblı Naxçıvan televiziyasına müsahibəsində deyib: “Layihənin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın 7 möcüzəsi xalqımız tərəfindən seçiləcəkdir. Seçilən həmin abidələr Azərbaycanın 7 möcüzəsi kimi tarixdə qalacaqdır. Bu layihə çərçivəsində bütün Naxçıvanı gəzdik və çəkilişlər apardıq. Müşahidə etdiyim bir neçə məsələni qeyd etmək istəyirəm. Naxçıvanda heyrətləndirici amillər çoxdur. Məsələn, qonaqpərvərlik, insanların gülərüzlülüyü, xoşbəxt simaları. İndiki dövrdə bu, çox önəmlidir. Çox az ölkələr var ki, orada küçədə gəzərkən xoşbəxt simalı insanlara rast gələsən. Lakin Naxçıvanda bu, belədir.
Muxtar respublikada çəkiliş apararkən üç amil məni daha çox heyrətləndirdi. Birincisi, Naxçıvanda oturmuş bir ideologiya var. Yəni Naxçıvan Muxtar Respublikasında yaşayan hər bir Azərbaycan vətəndaşının ideoloji cəhətdən düşüncəsi tam formalaşıb. O bilir nə üçün yaşayır, necə yaşayır. Onun gələcəyi necə olacaq və bu gələcəkdən çox ümidlidir. O bilir ki, nəyə görə çalışır, nəyə görə zəhmət çəkir. Onun gələcəyə baxışı tam fərqlidir, öz gələcəyindən çox əmindir. Bu, çox önəmlidir.
İkincisi, Naxçıvanın iqtisadi sistemi, ən əsası isə idarəçilik sistemi mənim çox xoşuma gəldi. Çünki bilirsiniz, blokada şəraitində olan Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə heç bir quru əlaqəsi yoxdur. Lakin Naxçıvanda çox mükəmməl idarəetmə sistemi qurulub. Ucqar kəndlərə getdik, sərhədyanı zonalarda, hətta birbaşa sərhəddə olduq. Hara getdiksə, biz bu sistemin effektli işlədiyinin şahidi olduq.
Üçüncüsü və ən əsası Naxçıvanın gələcək inkişaf strategiyası var. Yəni Naxçıvanın bugünkü inkişafı xaotik deyil. Muxtar respublikada planlı və nizamlı şəkildə gələcəyin inkişaf strategiyası formalaşdırılıb. Naxçıvan bu strategiya üzərində elə iri addımlarla irəliləyir ki, bizə bəzən elə gəlir ki, bunun bəhrəsini yalnız bu gün görürük. Təbii ki, bu gün də görürük. Amma biz Naxçıvanın bugünkü inkişaf strategiyasının əsl bəhrəsini 50 il sonra gördükdə inana bilməyəcəyik. Yəni 10 il bundan əvvəlki Naxçıvanla bugünkü Naxçıvan arasında necə fərq varsa, 50 il sonra 10 qat fərqin şahidi olacağıq. Çünki bu gün onun çox gözəl təməli qoyulur.
Naxçıvanın inkişaf strategiyası möhkəm fundament üzərində həyata keçirilir. Məktəblər, uşaq bağçaları, ali təhsil ocaqları tikilir. Əsas güc insanların rahatlığına, təhsilinə, gənc nəslin formalaşdırılmasına sərf olunur. Layihəmiz “Azərbaycanın 7 möcüzəsi” adlanır. Lakin tam səmimi etiraf edirəm ki, Azərbaycanda 8-ci möcüzə layihəsi təqdim olunmalıdır və 8-ci möcüzə olaraq da Naxçıvanın idarəçilik sistemi nümunə kimi götürülməlidir. Çünki dünyanın bir çox ölkələrində olmuşam, lakin bu cür mükəmməl idarəçilik sistemi görməmişəm. Belə düşünürəm ki, bir çox ölkələrdə Naxçıvanın idarəçilik sistemi dərslik kimi öyrənilməlidir. Ən əsası isə təbliğ olunmalıdır ki, belə bir idarəetmə sistemi var və bu, sırf Naxçıvanda tətbiq olunan idarəçilik sistemidir”.