23 Dekabr 2024, Bazar ertəsi

Şahbuz muxtar respublikamızın ən ucqar və dilbər bölgələrindəndir. Əzəmətli dağların qoynuna sığınan bu rayon ölkəmizdə Batabat yaylağı ilə və bir də Məmməd Araz yurdu kimi hər kəs tərəfindən tanınır. Şahbuz həmçinin diyarımızda uzun illərdən bəri həyata keçirilən sosial-iqtisadi inkişafdan bəhrələnən bölgələrimizdəndir.

Muxtar respublikamızda aparılan quruculuq işləri, əsasən, ucqarlardan başladığından Şahbuz rayonu da uzun bir yeniləşmə dövrünə qədəm qoydu. Bu yenilik Şahbuzun möcüzəli təbiəti ilə bir harmoniya yaradıb. Elə bu harmoniya ucqar dağ rayonunun axarlı-baxarlı, qonaqlı-qaralı olmasına da şərait yaradıb. İndi rayona gələnlər bu harmoniyanı təəccüblə qarşılayır və buradan yüksək təəssüratla ayrılırlar.
Yayla payızın yolayrıcında – havaların nisbətən sərinləşdiyi, bu dağlıq rayonun dağ vüqarlı, torpaq sevda­lı insanlarının zəhmət bəhri olan bol məhsulun toplandığı bir vaxtda üz tuturuq təbiət gözəli Şahbuza...

Nə gözəldir yollar, yol boyunca ağaclar...

Təxminən, 25-30 il bundan əvvəl tək təbiətin bəxş etdiyi gözəlliklərlə kifayətlənməli olan bu rayonun yol infrastrukturu dözülməz vəziyyətdə idi. Naxçıvan şəhərindən rayon mərkəzinə, hələ buradan kənd­lərə getmək insana dağ aşmaq qədər ağır gəlirdi. Çünki 30-45 dəqiqəyə rayon mərkəzinə, 1 saatdan artıq vaxta isə rayonun ucqar kəndlərinə ancaq çatmaq olurdu. Çala-çökək, yağışlı havalarda zığ-palçıqlı yollar qışda daha təhlükəli olur, bu da avtomobillərin normal hərəkətinə çətinlik yaradırdı.

Maşınımız get-gedə yüksəkliklərə doğru qıvrılan asfalt, hamar yollarla irəlilədikcə ötənləri xatırlamamaq, təbii ki, mümkün deyildi. Çünki ətrafa göz gəzdirdikcə abad yolların sağında-solunda sıralanan ağacların sərin küləyin mehindən dalğalanan yarpaqları da xəyalən insanı o illərə aparır, o yollarla, bu yolların müqayisəsini gözlər önündə canlandırır. Canlandırmaya da bilməz axı. O illərin daşlı-­çınqıllı, tullantılı yol kənarlarını indi göz uzandıqca uzanan, insanların iməciliklər yolu ilə əkib-­becərdikləri, zəhmətin bəhrələri bəzəyir. Şahbuza doğru uzanan yollara ağaclar yoldaşlıq edir. Bu yoldaşlıq “Abad yurd yolundan bəlli olar” deyiminə yaşıllığın da bolluğunu əlavə edərək hələ qarşıdakı yaşayış məntəqələrində bizi hansı gözəlliklərin qarşılayacağından xəbər verir. Bəli, bir vaxtlar 30-45 dəqiqəmizin keçdiyi yollar bu gün bizi 15-20 dəqiqəyə rayon mərkəzinə çatdırır. Buradan rayonun bütün kəndlərinə istiqamətlənən yollar da ötən illərin quruculuq töhfələrindən bəhrələnərək abadlaşıb, gözəlləşib. Ağaclarsa, sanki yollarla yaşıdmış kimi onlarla başlayıb, onlarla bitir...

Yaşıllıqlara bürünən şəhər

Rayona üz tutan bütün qonaqları rayon mərkəzi olan, 89 yaşlı bu bölgənin 12 yaşlı “gənci” – Şahbuz şəhəri qarşılayır. Dağların əhatə etdiyi bu yaşıllıqlara bürünən şəhər “ömrünün uzun illərini” qəsəbə statusu ilə yaşayıb. Quruculuq illərinin bir-birinin ardınca bu yaşayış məntəqəsinin hüsnünə vurduğu naxışlar onun qəsəbədən şəhərə çevrilməsinə səbəb olub.
“Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbəsinə şəhər statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il 27 dekabr tarixdə Sərəncam imzalayıb. Şəhər elə bir ərazidə yerləşir ki, buradan rayonun bütün yaşayış məntəqələrinə yollar uzanır. Sanki bir “ana” kimi qollarını övladlarına açır.
Quruculuq prosesinin ağuşuna aldığı muxtar respublikamızın hər bir bölgəsi, rayonu, qəsəbəsi, kəndi kimi Şahbuz şəhəri də müasir dövrün tələblərinə uyğun həyata keçirilən kompleks yeniləşmə, abadlıq tədbirləri ilə sovet dövründəki köhnəlik, miskinlik yağan simasını tərk edib. Burada ildən-ilə ucaldılan, əsaslı təmir olunan yaraşıqlı inzibati və ictimai yaşayış binaları, salınan parklar, bağlar, abadlaşdırılan yol və küçələr kiçik şəhərə böyük dövlət qayğısının göstəricisidir.

Quruculuq töhfələri rayonun hüsnünü oxşayır

Günü-gündən gözəlləşən Şahbuzun hüsnünü quruculuq töhfələri daha da gözəlləşdirir. Bu il Şahbuz şəhərində Mədəniyyət Sarayı, aviakassa binasının istifadəyə verilməsi bu füsunkarlığı daha da artırıb. Hazırda Şahbuz şəhərində çoxmənzilli yaşayış binasının, Badamlı qəsəbəsində “Badamlı” mineral sular zavodunun, xidmət mərkəzinin, Türkeş kəndində 66 yerlik məktəb binasının, kənd və xidmət mərkəzlərinin, Ağbulaq kəndində Xizək Mərkəzinin tikintiləri, 4,2 kilometr Sələsüz-Türkeş avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması, yenidən çəkilən 5,4 kilometr Sələsüz-Badamlı qəsəbə yolunun genişləndirilərək eninin 10 metrə çatdırılması, üzərində iki körpünün yaradılması, yol yatağında işlərin yekunlaşdırılaraq asfalt örtüyün salınması kimi quruculuq töhfələri isə rayonun çox yaxında hüsnünə hansı naxışları vuracağını göz önünə gətirir.
Bu il aprel ayının 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Badamlı” mineral sular zavodunun inşası ilə maraqlanması, istehsal sahəsində avadanlıqların quraşdırılması, zavodun ərazisində, eləcə də Badamlı qəsəbəsində abadlıq işlərinin aparılması barədə tapşırıqlar verməsi burada görülən işlərin keyfiyyətinə və sürətinə öz təsirini göstərib.
Sözsüz ki, istifadəyə veriləcək “Badamlı” mineral sular zavodunun fəaliyyəti ilə bu möcüzəli suyun şöhrəti dünyanın daha neçə-neçə ölkə­sinə yayılacaq. Ulu Yaradanın Naxçıvanımıza bəxş etdiyi bu təbii nemət muxtar respublikamızın iqtisadiyyatına xeyli gəlir gətirəcəkdir.

Təhsil ənənələri, müasir səhiyyə və mədəniyyət sistemi əsas inkişaf prioritetləridir

Rayonun şəhər və kənd məktəblərinin onlarla məzunu ölkəmizdə elmi potensialları ilə seçilən qabaqcıl ziyalılardandır. Bu rayon muxtar respublikamızın özünə­məxsus təhsil ənənələri ilə seçilən bölgələrindəndir. Son illər ən ucqar dağ kəndlərimizdəki müasir standartlara cavab verən məktəblərdən tutmuş şəhər məktəblərinədək hər birində ali təhsil ocaqlarına qəbulun səviyyəsi ildən-ilə yüksəlir. Buna yeni tikilən və hərtərəfli şərait yaradılaraq istifadəyə verilən, maddi-texniki bazası gücləndirilən, savadlı müəllim kollektivlərinin çalışdığı məktəblərdə təlim-tərbiyə işinin düzgün təşkili nəticəsində nail olunub. Builki məzunların uğurları da ürəkaçandır. Rayonun tam orta məktəblərindən 2018-2019-cu tədris ilində orta ümumtəhsil məktəblərini bitirən 139 məzunun 128-i, yaxud 92 faizi ali məktəblərə sənəd qəbulunda iştirak edib. İmtahanın nəticələrinə əsasən 17 nəfər 500-dən yuxarı, 1 nəfər isə 600-dən yuxarı topladığı balla tələbə adını qazanaraq rayonun bütün pedaqoji kollektivlərini və valideynlərini sevindiriblər. Bu il Heydər Əliyev adına Hərbi Liseyə isə rayondan 15 şagird qəbul olub.
Əhalinin sağlamlığına həssaslıqla yanaşılan muxtar respublikamızda səhiyyə sistemi son illər ən çox diqqət göstərilən sahələrdəndir. Şahbuz rayonunda da ötən illər bu sahəyə böyük investisiya qoyulub, rayon mərkəzindən ta ən ucqar kənd­lərədək hər birində müasir səhiyyə ocaqları yaradılıb, onların hər biri müasir avadanlıqlarla təchiz olunub, maddi-texniki bazaları möhkəmləndirilib. Əvvəllər bu sahədəki çatışmazlıqlar üzündən adi bir xəstəlik üçün Naxçıvan şəhərinə üz tutan, bunun üçün xeyli vaxtını itirən və vəsait sərf edən insanlar indi yaşadıqları kənd­lərdəki müasir həkim ambulatoriyalarının və feldşer­-mama məntəqələrinin xidmətlərindən yararlanırlar.
Ötən illərdə tikilib istifadəyə verilən mədəniyyət müəssisələri əvvəllər heç bir şəraiti olmayan uyğun­laşdırılmış binalarda çalışan işçilərin fəaliyyətində də dönüş yaradıb. Şahbuz şəhərində bu il istifadəyə verilən müasir üslubda ucaldılmış memarlıq abidəsi olan rayon mədəniyyət sarayı mədəniyyət işçiləri üçün əvəzsiz töhfədir.

Şahbuzlular torpağa tər verib, ondan zər alırlar…

Bu yerin insanları torpağa sevdalı, zəhmətkeş, əməyi ilə çörəyini qazananlardır. Rayonun dağlıq ərazidə yerləşməsi burada aqrar sahənin üstünlük təşkil etməsinə səbəb olub. Bineyi-qədimdən əkin-biçin, arıçılıq, heyvandarlıq, maldarlıq, quşçuluq rayonun iqtisadiyyatının əsasını təşkil edib.
Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatları ili” elan olunan 2019-cu ilin ötən dövründə rayonda əhalinin əsas məşğulluq sahəsi olan aqrar sektorun inkişafına göstərilən dövlət qayğısı sayəsində bu sahəyə maraq xeyli artıb, ötən il bu ilin məhsulu üçün 1411 hektar sahədə payız əkini, cari ilin yazında 205 hektar sahədə yaz əkini aparılmaqla, ümumilikdə, 1616 hektar sahədə taxıl əkini keçirilib. Həmçinin cari ildə 434 hektar sahədə kartof, 160 hektar sahədə tərəvəz, 9 hektar sahədə bostan bitkiləri və 440 hektar sahədə digər əkinlər aparılıb. Bu dövr ərzində 4437 ton taxıl, 1248 ton kartof, 1018 ton tərəvəz yığılıb. 2019-cu ilin ötən dövrü ərzində barverən meyvə bağlarından 1368 ton məhsul yığılıb. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz çoxdur.
Ötən yarım ildə təsərrüfat sahiblərinə istifadə etdikləri yanacaq, motor yağlarına görə yardımların və gübrələrin verilməsi davam etdirilib, məhsul istehsalçılarına 431 nəfər olmaqla, 70 min 550 manat vəsait ödənilib, 317 tondan artıq gübrə verilib.
Kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı ildən-ilə artdığından torpaq mülkiyyətçiləri güzəştli kredit hesabına lizinq vasitəsilə 2019-cu ilin ötən dövründə 1 taxılbiçən kombayn, 1 presvuran, 2 yaş və quru otdoğrama maşını alıblar.
Aqrar sahənin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması heyvandarlığın inkişafına da öz müsbət təsirini göstərib. Rayon əhalisinin fərdi təsərrüfatlarında 24 min 750 baş iribuynuzlu, 133 min 520 baş xırdabuynuzlu, 121 min 756 ədəd quş, 20 min 547 arı ailəsi saxlanılır ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 394 baş iribuynuzlunun, 2091 baş xırdabuynuzlunun, 1215 baş quşun, 163 arı ailəsinin artımı ilə müşahidə olunur. Bu artım tempinin nəticəsidir ki, 2019-cu ilin ötən dövründə, 1558 ton ət, 11046 ton süd, 9 milyon 93 min 800 ədəd yumurta, 147,8 ton yun istehsal olunub.
Cari ilin ötən dövrü ərzində malların cins tərkibinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb, bu məqsədlə 241 baş inəkdə süni mayalanma aparılıb, əvvəlki dövrdə mayalanmış inəklərdən 113 baş cins buzov doğulub.
İndi dövlət qayğısı ilə abadlaşan kəndlərdə insanlar üçün hər cür şərait yaradılıb. Abad yollar, müasir infrastruktur kəndlərin inkişafına səbəb olub. Torpaqdan əldə olunan gəlirlə evlərini, həyət-bacalarını da abadlaşdıran şahbuzlular xoş, firavan həyat sürürlər.
2019-cu ilin Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatları ili” elan olunması rayonun zəhmətkeş insanlarını daha da həvəsləndirib, onların müxtəlif festival və kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında iştirakını fəallaşdırıb.

Dövlət qayğısı Şahbuzu cəlbedici turizm məkanına çevirib

Muxtar respublikamızın təbiət gözəli olan Şahbuz bütün fəsillərdə füsunkar görünüşü, bənzərsiz havası ilə turistləri cəlb edən bölgədir. Yazı çiçək ətirli, qışı möcüzə, yayı bir başqa mənzərə, payızı bol meyvəli olan rayonun son illər aparılan quruculuq işləri ilə daha da gözəlləşən, müasirləşən hüsnü, infrastruktur sahələrin inkişafı buranı əsl turizm məkanına çevirib. Şahbuzda 140-a yaxın tarix mədəniyyət abidəsinin qeydiyyata alınması, onlardan 6-nın dünya əhəmiyyətli, böyük əksəriyyətinin isə arxeoloji abidələr olması turistlərin diqqətini çəkən məqamlardandır. Rayonun coğrafi mövqeyi isə burada ekoturizm, kənd yaşıl, müalicə, qış və digər turizm növlərinin inkişafına böyük imkan yaradır.
Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən Ağbulaq isə gözəl təbiəti, heyrətamiz coğrafi mövqeyi olan turizm üçün çox əlverişli kənddir. Burada 2013-cü ildən fəaliyyət göstərən istirahət mərkəzi kənddə turizmin inkişafına təkan verib.
Güneyli-quzeyli, axarlı-baxarlı Nursu kəndi sevimli şairimiz Məmməd Arazın ata yurdudur. “Xalq şairi Məmməd Arazın ev-muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 28 iyun tarixli Sərəncamı ilə yaradılan ev-muzeyi kəndi turistlərin ilin bütün fəsillərində ən çox üz tutduqları ünvanlardan birinə çevirib.
Batabat yaylağına göstərilən davamlı qayğı ilə bir dəfə Şahbuzda olan qonaq və turistlər bu doyumsuz gözəllikləri görmək, əsrarəngiz məkanın dörd fəslinin bir-biri ilə harmoniya yaradan mənzərələrini seyr etmək üçün yenidən bura qayıdır.

Son söz…


Bəli, illərin quruculuq töhfələri, böyük diqqət və qayğı muxtar respublikamızın digər bölgələri kimi, Şahbuz rayonunun da sosial mənzərəsinə daha gözəl, yaddaqalan naxışlar vurub, əhalinin rahat yaşamasına xidmət edib. Çalışdıqları inzibati binaların, yaşadıqları ictimai binaların, hər gün dəfələrlə keçdikləri küçə və yolların, park və səkilərin abadlaşması, tozanaq, çirkab mənbəyi olan hektarlarla boş sahələrdə yeni binaların ucaldılması, bağların salınması, uşaqların təhsili üçün müasirtipli məktəblərin, hərtərəfli şəraiti olan uşaq bağçasının istifadəyə verilməsi, Batabat, Salvartı və sair kimi təbiət gözəli olan bölgələrdən çəkilib gətirilən saf suların evlərindən, həyətlərindən axması, kəndlərdə şəhər rahatlığının yaradılması şahbuzlulara illərlə həsrətində olduqları, arzularında canlandırdıqları hərtərəfli, rahat həyat tərzini bəxş edib. Bu gün Şahbuza gələn qonaqlar yaradılan yenilikdən böyük zövq alır, əvvəllər burada yaşayıb, sonra köçüb gedən insanlar isə gözlərinə inanmırlar ki, bu rayon onların qoyub getdikləri həmin rayondur. Hər kəsin isə ümumi fikri budur: “Məhz indi dağlara sığınan Şahbuzun gözəl təbiəti ilə xarici görünüşü bir-birini tamamlayır”.


 Mətanət MƏMMƏDOVA
Bu yazı “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR