Xalqın tarixi, elmi və mədəni abidələrinin, maddi və mənəvi dəyərlərinin qorunması, saxlanılması, təbliğ edilməsi və gələcək nəsillərə ötürülməsində qiymətli sərvətlər qalereyası hesab olunan muzeylərin müstəsna əhəmiyyəti vardır. Muxtar respublikanın nazirlik, komitə və baş idarələrinin kollektivlərinin “Muzey günləri” çərçivəsində cari ildə həmin mədəniyyət müəssisələrimizi ziyarətləri də milli-mədəni irsimizin öyrənilməsi və təbliğinə xidmət edir.
İyulun 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun kollektivləri Naxçıvan şəhərində fəaliyyət göstərən Xatirə Muzeyində olublar.
Muzeyin baş fond mühafizi Leyla Məmmədova bildirib ki, bu mədəniyyət müəssisəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1997-ci ildə yaradılıb, 2000-ci ilədək Şəhidlər Muzeyi, həmin ilin 8 avqust tarixindən Xatirə Muzeyi kimi fəaliyyət göstərir. Ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsinin əbədiləşdirildiyi muzey 2014-cü ildən Şəhidlər xiyabanı yaxınlığında yerləşən yeni binada fəaliyyət göstərir.
Qeyd edilib ki, ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərin izləri buradakı eksponatlarda öz əksini tapıb. Muzeydə, ümumilikdə, 2 minədək eksponat var ki, bunlardan 400-ə yaxını ekspozisiya zalında nümayiş olunur. Bu eksponatlar içərisində Azərbaycanın Milli qəhrəmanlarının, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların fotoşəkilləri və şəxsi əşyaları, həmçinin qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar da nümayiş etdirilir.
Vurğulanıb ki, Azərbaycanda baş verən soyqırımlara ilk siyasi-hüquqi qiyməti ümummilli lider Heydər Əliyev verib. Bir-birinin davamı olan 1918-ci il 31 mart, 1990-cı il 20 Yanvar, 1992-ci il 26 fevral faciələri ilə bağlı ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamların surətləri qiymətli sənədlər kimi muzeydə saxlanılır. Bu sənədlər görkəmli dövlət xadiminin xalqımızın şərəfli tarixinə böyük ehtiramının ifadəsi kimi diqqəti çəkir.
Qeyd edək ki, həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi Qarabağlar Türbə Kompleksində, Ali Məhkəmənin kollektivi isə Cəmşid Naxçıvanskinin ev-muzeyində olublar.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksi və Gülüstan türbəsini, Ədliyyə Nazirliyinin əməkdaşları “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Ədəbiyyat Muzeyini, Dövlət Gömrük Komitəsinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyini, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının əməkdaşları Dövlət Bayrağı Muzeyini, Maliyyə Nazirliyinin kollektivi Heydər Əliyev Muzeyini, Vergilər Nazirliyində fəaliyyət göstərənlər Bəhruz Kəngərli Muzeyini, İqtisadiyyat Nazirliyinin əməkdaşları Nəbatat bağını, Nəqliyyat Nazirliyinin kollektivi Naxçıvan Dövlət Rəsm Qalereyasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Cəlil Məmmədquluzadənin ev-muzeyini, Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları Naxçıvan Duz Muzeyini, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Baytarlıq Xidmətinin kollektivləri isə Naxçıvan Biznes Mərkəzini ziyarət ediblər.
Güntac ŞAHMƏMMƏDLİ