Naxçıvan Muxtar Respublikasında ordumuzun qüdrətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə qazanılan əsas uğurlardan biri də xalq-ordu birliyinin günbəgün daha da möhkəmləndirilməsidir.
Bu gün muxtar respublikamızdakı ordu, birləşmə və hissələr hərtərəfli təminata, ən müasir silah-sursata və peşəkar şəxsi heyətə malikdir. Qədim diyarımızın əhalisinin, dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin hərbi hissələrə vaxtaşırı sovqat aparmaları şəxsi heyət tərəfindən onlara qayğı kimi dəyərləndirilir, ruh yüksəkliyi ilə qarşılanır.
Həmin tədbirlərin davamı olaraq “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Kəngərli rayonundakı “N” hərbi hissəyə 1,5 tona yaxın alma təhvil verilib.
Əsgərlərlə keçirilən görüşdə cəmiyyətin İnfrastruktur İdarəsinin rəisi Aslan Babayev və hərbi hissənin zabiti Qurban Behbudov çıxış edərək muxtar respublikada orduya göstərilən hərtərəfli dövlət qayğısından danışıblar. Çıxış edənlər hərbçilərimizin dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu vurğulayıblar. Onlar bildiriblər ki, yerli təsərrüfat sahiblərinin, sahibkarların, müəssisə və təşkilatların əsgərlərimizi belə sovqat və hədiyyələrlə sevindirmələri xalqımızın ordumuzla həmrəyliyini bir daha bariz şəkildə nümayiş etdirir.
Sonra dəmiryolçular tərəfindən gətirilən alma sovqatı şəxsi heyətə təhvil verilib.
Qeyd edək ki, bundan əvvəl də dəmiryolçular Naxçıvan şəhərindəki “N” hərbi hissəyə 1 tondan çox meyvə aparıblar.
Xəbərlər şöbəsi