23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında bütün sahələrdə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri gömrük münasibətlərinin də inkişafına şərait yaradıb. Əldə olunan razılığa əsasən Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarına tətbiq olunan gömrük nəzarəti sadələşdirilib. Belə ki, sərhədkeçmə prosesi zamanı tətbiq edilən gömrük nəzarəti yoxlamalarının azaldılması ilə sərnişinlərin mənzilbaşına daha tez çatması təmin olunub.
Buna qədər isə Bakı-Naxçıvan-Bakı avtobus marşrutundan istifadə edənlər müəyyən çətinliklərlə üzləşirdilər. Sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında, ümumilikdə, 4 dəfə gömrük nəzarətindən keçirilir, əl yükləri dəfələrlə yoxlanılırdı. Sərnişinlər gömrükləri keçərkən yüklərini özlərilə bərabər daşımalı olurdular. Bu da vaxt itkisi ilə yanaşı, sərnişinlər üçün yorucu və narahat vəziyyət yaradırdı.
İndi Azərbaycan tərəfdə gömrük nəzarətindən keçirilən avtobuslar sərnişinlərə aid yüklərə birka vurulduqdan və yük yerləri gömrük təminatları ilə eyniləşdirildikdən sonra İran ərazisinə daxil olur. İki ölkənin gömrük orqanları arasında imzalanan memoranduma əsasən, Azərbaycan qarşı tərəfə avtobusların yük yerlərində qaçaqmal faktı təşkil edən və İran ərazisində dövriyyəsi qadağan edilən malların olmadığına dair təminat verdiyi üçün əlavə gömrük yoxlaması keçirilmir. Beləliklə, İran ərazisinə daxil olan avtobusun gömrük postlarından sürətli keçidi təmin olunur. Bu vaxta qədər İran İslam Respublikası üzərindən Naxçıvandan Bakıya və əks-istiqamətdə hərəkət edən sərnişin avtobusları 12 saat yolda olurdularsa, indi bu müddət 8 saat təşkil edir.

Sadələşdirilmiş gömrük nəzarəti qaydaları əsasında Naxçıvandan Bakıya hərəkət edən ilk sərnişin avtobusu dünən səhər saatlarında Culfa Gömrük İdarəsinin “Culfa” gömrük postunda rentgen nəzarəti qurğularından istifadə olunmaqla gömrük yoxlamasından keçirilib. Sərnişinlərə məxsus əl yükləri müvafiq birkalarla təmin edildikdən sonra avtobusun yük yerinə yığılıb və nəqliyyat vasitəsi gömrük təminatı altında yola salınıb.
Avtobus sürücüləri və vətəndaş­lar yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq ediblər.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR