İclasda cari ilin ilk altı ayında görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov məruzə edib. Bildirib ki, rayon təşkilatı və ərazi ilk təşkilatları 2019-cu ilin birinci yarım ilində məqsədyönlü işlər görüb, əlamətdar və tarixi günlər, o cümlədən ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinin 50-ci ildönümü qeyd edilib.
Vurğulanıb ki, son illər muxtar respublikamızın davamlı, sürətli inkişafı Culfa rayonunun timsalında da özünü göstərir. Belə ki, həyata keçirilmiş irimiqyaslı abadlıq, yaşıllaşdırma və quruculuq tədbirlərində, iməciliklərdə partiya üzvlərinin fəallığı yüksəlib, rayonda yaşayış məntəqələrinin siması tamamilə dəyişib, insanların həyat səviyyəsi yaxşılaşdırılıb. Muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində tikilib istifadəyə verilmiş 18 kənd mərkəzində ərazi ilk təşkilatları üçün iş otaqlarının ayrılması onların fəaliyyətinin gücləndirilməsinə imkan verib.
Qadir İbrahimov qeyd edib ki, 54 ərazi ilk təşkilatını əhatə edən rayon təşkilatının 5 min 650 üzvü vardır. Onların 2697-si qadın, 1668-i gəncdir. 2019-cu ilin 6 ayında rayonda Yeni Azərbaycan Partiyası sıralarına 45 üzv qəbul olunub. Gənclərlə aparılan işlərə xüsusi diqqət yetirildiyini vurğulayan təşkilatın sədri deyib ki, Gənclər Birliyinin, Qadınlar Şurasının fəaliyyəti də qənaətbəxşdir.
İclasda rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev muxtar respublikamızda Heydər Əliyev siyasətinin ardıcıl şəkildə davam etdirilməsi nəticəsində əldə olunan uğurlardan bəhs edib. Vurğulayıb ki, bu gün muxtar respublikada, o cümlədən Culfa rayonunda bütün sahələr sürətlə inkişaf edir, ümumi daxili məhsul, həyata keçirilən quruculuq və abadlıq tədbirlərinin miqyası, tikinti-quraşdırma işlərinə qoyulan investisiyanın həcmi ildən-ilə daha da artır. Yeni Azərbaycan Partiyasının Culfa Rayon Təşkilatının üzvləri də bu proseslərdə yaxından iştirak edir, bölgənin ictimai-siyasi həyatında fəallıq göstərirlər.
Şura yığıncağında çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov deyib ki, 1993-cü ilin fevralında ulu öndərimizin iştirakı ilə təsis edilmiş partiyanın Culfa Rayon Təşkilatı şərəfli inkişaf yolu keçərək hazırda rayonun siyasi aktiv əhalisinin, yəni seçicilərin 22 faizini öz ətrafında birləşdirir.
Anar İbrahimov Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun təsdiq etdiyi illik İş Planı əsasında həyata keçirilən tədbirlərin və işlərin icrasının mövcud durumuna toxunub, partiya təşkilatının, onun ərazi təşkilatları və struktur bölmələrinin cari ilin birinci yarısında həyata keçirdikləri işlər barədə danışıb. Qeyd olunub ki, cari ilin ikinci yarısında da qarşıya qoyulan tapşırıqların icrası zamanı keyfiyyət amilinə diqqət yetirilməli, partiya təşkilatı sədrinin prioritet istiqamət kimi qarşımızda müəyyənləşdirdiyi sahələr – gənclərlə iş, yerlərdə fəal gənclərin təşviq edilməsi, təşəbbüskarlığın artırılması və digər bu kimi istiqamətlər üzrə fəaliyyət diqqət mərkəzində saxlanılmalıdır.
Şura iclasında Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin sədri Təbriz Hüseynzadə, Qadınlar Şurasının sədri Xanım Tağıyeva, şura üzvləri Vaqif Abdullayev və Sevinc Mustafayeva müzakirə olunan məsələlərlə bağlı çıxış ediblər.
İclasda müzakirə olunan məsələlərlə əlaqədar qərar qəbul olunub.
Alim AĞAYEV