Naxçıvan Muxtar Respublikasında artıq ənənə halını almış “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin onbirinci tirajının qalibləri müəyyənləşib.
1 yanvar 2019-cu il tarixdən 1 iyul 2019-cu il tarixədək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Hədiyyə alanlar arasında Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonlarının sakinləri də vardır.
Dünən Naxçıvan Biznes Mərkəzində hədiyyələrin təqdim olunması ilə əlaqədar keçirilən tədbiri giriş sözü ilə Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyev açıb. Bildirib ki, nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində 1 iyul 2019-cu il tarixə muxtar respublika sakinlərinin daha çox üz tutduqları ticarət və iaşə obyektlərində, xidmət sahələrində 1276 POS-terminal elektron qaydada qeydiyyatdan keçirilərək quraşdırılıb. Kəndlərdə yaşayan sakinlərin də daha rahat ödənişini təmin etmək məqsədilə həmin yaşayış məntəqələrində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərinin böyük əksəriyyətində nağdsız ödənişlərin aparılması üçün POS-terminallar quraşdırılıb.
Vurğulanıb ki, nağdsız dövriyyənin artırılması məqsədilə aparılan maarifləndirici və stimullaşdırıcı tədbirlər öz müsbət nəticələrini verib. Belə ki, bu tədbirlər nəticəsində muxtar respublika üzrə 2019-cu ilin 6 ayı ərzində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin həcmi 20 milyon 363 min 143 manata çatdırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 235 min 433 manat çoxdur. Hər 6 ayda bir dəfə keçirilən “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 11-ci tirajında, ümumilikdə, 398 şəxsə 25 min manat dəyərində hədiyyələr təqdim edilir.
Diqqətə çatdırılıb ki, belə stimullaşdırıcı tədbirlər 2014-cü ildən başlanılıb və ümumilikdə, keçirilmiş 10 tirajda 2179 vətəndaşa 140 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib. Bu, aparılan maarifləndirmə və məlumatlandırma tədbirlərinin geniş əhali kütləsini əhatə etdiyini göstərir.
Tədbirdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli qeyd edib ki, müasir dövrdə maliyyə infrastrukturunun əsas tərkib hissələrindən biri olan elektron ödəniş sistemi maliyyə sabitliyinin və ümumi iqtisadi inkişafın təminatında mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Mübariz Əhmədov çıxışında bildirib ki, qaliblər müəyyən edilərkən 400 manatdan yuxarı həcmdə nağdsız ödənişlər edən və POS-terminallardan daha çox istifadə edən şəxslərə üstünlük verilib. Muxtar respublikamızın bütün şəhər və rayonlarını əhatə etməklə 398 şəxs, o cümlədən Naxçıvan şəhəri üzrə 72 sakin hədiyyə qazanmaq hüququnu əldə edib.
Sonra hədiyyələr təqdim edilib. Həmin gün muxtar respublikanın Şərur, Sədərək, Kəngərli rayonlarında da nağdsız ödənişlərdə fəallıq göstərmiş sakinlərə də hədiyyələr təqdim olunub.
Qeyd edək ki, analoji tədbirlər bu gün Babək, Culfa, Ordubad və Şahbuz rayonlarında keçiriləcəkdir.
Əli CABBAROV