23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanın qədim tarixə və mədəniyyətə malik rayonlarından olan Ağdamın işğalından 26 il ötür. 1993-cü ilin iyun ayında erməni qəsbkarları tərəfindən işğal olunan Ağdam rayonu həm iqtisadi və elmi, həm də tarixilik potensialı baxımından ölkəmizin həyatında mühüm rol oynamışdır. Bu rayonun ərazisi, hər şeydən əvvəl, milli ­tariximizin şahidi olan qədim memarlıq abidələri ilə zəngindir. 

Rayonun Xındırıstan kəndindəki Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndində 1314-cü ildə tikilmiş Qutlu Musa oğlu günbəzi, Salahlı-Kəngərli kəndindəki XIV əsrə aid türbə və daş abidələri, Papravənd kəndindəki XVII əsrə aid Xanoğlu türbəsi, Qarabağ xanı Pənahəli xanın və onun nəslinin Ağdam şəhərindəki XVIII əsrə aid imarəti, Şahbulaq qalası və digər mеmarlıq abidələri rayonun qədim tarixini özündə yaşadır. Eyni zamanda Ağdamın qədim türk-oğuz yurdu olduğunu göstərir.
Ağdam inzibati rayon kimi 1930-cu ildə təşkil olunmuşdur. Ancaq rayonun əsas sosial-iqtisadi inkişafı ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-ci illərindən sonra başlamışdır. Məhz həmin dövrdən etibarən Ağdamda iri aqrar – sənaye kompleksləri yaradılmış, rayon əsl təsərrüfat bölgəsinə çevrilmişdir. İşğaldan əvvəl rayonun 88 min 395 hektar ərazisi, 1 şəhəri, 119 kənd və qəsəbəsi olub. Burada mişardaşı, Çobandağ əhəngdaşı, Boyəhmədli və Şorbulaq kimi gil yataqları vardır. Ağdam rayonu həm də təbii gözəllikləri ilə seçilən bölgələrdəndir. Rayon ərazisindən uzunluğu 104 kilometr olan Xaçın çayı axır. Ağdam şəhərində yaşı 150-250 olan 14, Boy­əhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 Şərq çinarı ağacı təbiət abidəsi kimi qorunurdu. Təəssüflər olsun ki, rayon ərazisindəki tarixi abidələrlə yanaşı, təbiət abidələri də erməni vandalizmi nəticəsində məhv edilmiş, məktəb, xəstəxana, klub, kitabxana və digər obyektlər dağıdılmışdır.

Bütün bunlarla yanaşı, ötən əsrin 90-cı illərindən sonra məlum hadisələrin yaşandığı dövrdə Ağdam özünü Qarabağın məğrur qalası kimi göstərmişdir. Belə ki, erməni təcavüzkarlarının və onların havadarlarının hücumlarına məruz qalan Ağdam 43 gün qəhrəmancasına müdafiə olunmuş, 1993-cü il iyulun 23-də işğal edilmişdir. Həmin dövrdə Azərbaycandakı siyasi böhrandan istifadə edərək havadarlarının hərtərəfli dəstəyi ilə Ağdamı işğal edən ermənilərlə döyüşlərdə 6 mindən çox insan şəhidlik zirvəsinə yüksəlmiş, minlərlə insan əlil olmuş, 126 min nəfərdən çox sakin öz doğma еv-еşiyindən didərgin düşmüşdür. Hazırda Ağdamın böyük bir hissəsi düşmən nəzarətində olsa da, xalqımız onun tezliklə azad olunacağına əmindir.
Bu gün hər bir ağdamlı, o cümlədən bütün xalqımız inanır ki, tezliklə erməni əsarətində olan torpaqlarımız işğaldan azad еdiləcək. O zaman Ağdam da yenidən abadlaşacaq, gözəlləşəcək. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı ­cənab İlham Əliyev bununla bağlı fikirlərini belə ifadə etmişdir: “…Ağdamda bir dənə də salamat bina qalmamışdır. Bütün binalar dağıdılıb, sökülüb. Binalardan bütün əşyalar erməni talançıları, erməni oğruları tərəfindən aparılıb, talan edilibdir. Ona görə biz o bölgələrə, Ağdama qayıdandan sonra yenidən o gözəl tarixi şəhərimizi bərpa edəcəyik. Bizim buna gücümüz, iradəmiz çatacaqdır. Mən ümid edirəm ki, biz Ağdamı və bu gün işğal altında qalan başqa şəhərlərimizi qısa müddət ərzində tam bərpa edəcəyik”.
Ötən əsrin sonlarında torpaqlarımızın, o cümlədən Ağdamın işğal edilməsinin bir səbəbi də o zaman mütəşəkkil, nizami orduya malik olmamağımız idi. Ancaq bu gün Azərbaycanın güclü ordusu var. Bu ordu ən müasir silah-sursatla, hərbi texnikalarla təchiz olunub. Azərbaycan əsgərinin də döyüş ruhu çox yüksəkdir. Son illərdə ölkəmizin müxtəlif sərhəd bölgələrində, həmçinin Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən hərbi əməliyyatlar ordumuzun gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Ordumuz bu əməliy­yatlarla, eyni zamanda keçirilən genişmiqyaslı təlimlərlə sübut etdi ki, Silahlı Qüvvələrimiz istənilən anda torpaqlarımızı işğaldan azad etməyə hazır və qadirdir. Buna görə də tezliklə Ağdamda, eləcə də işğal olunmuş digər bölgələrimizdə üçrəngli bayrağımızın dalğalanacağı gün uzaqda deyil.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR