23 Dekabr 2024, Bazar ertəsi

Ötən əsrin 90-cı illərinin əvvəllərindəki Naxçıvanı yada saldıqda gözlərimiz önündə iqtisadi cəhətdən geridə qalmış, ərazi bütövlüyü təhlükə altında olan, dəmir yolu, elektrik və təbii qaz infrastrukturu sıradan çıxmış bir diyar canlanır. Ölkənin əsas ərazisindən təcrid olunan tarixi Azərbaycan diyarı blokada məngənəsində sıxılırdı. Blokada təkcə iqtisadi deyil, həm də müasir dövrün əsas tələblərindən olan informasiya sarıdan da muxtar respublikanı ciddi sıxıntı altında saxlamışdı. Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvana qayıdışı və bu əzəli torpaqda Azərbaycanı real müstəqilliyə, davamlı inkişafa aparacaq siyasi fəaliyyət göstərməsi Naxçıvanı da real təhlükələrdən qurtardı, blokadanı hər mənada məhv etdi.
Bugünkü söhbətimizdə Naxçıvanda informasiya blokadası, onun yarılması və əldə olunan nailiyyətlərdən danışacağıq. Həmsöhbətim Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimovdur.

– Anar müəllim, bildiyiniz kimi, ötən əsrin 90-cı illərində Naxçıvan təkcə iqtisadi baxımdan deyil, həm də informasiya blokadasına salınmışdı. Bu gündən baxdıqda həmin dövrü necə xarakterizə edərdiniz?
– Ötən əsrin 80-ci illərinin sonlarına doğru SSRİ-nin zəifləməsi, bu vəziyyətdən yararlanmaq istəyən qüvvələr üçün illər, hətta deyərdim ki, yüzilliklərlə vaxtaşırı və sistematik olaraq əzəli Azərbaycan torpaqlarının ələ keçirilməsi üçün bir fürsət yaratdı. Sovetlər Birliyinin həmin dövrdəki siyasi elitasının zəifliyi, bir çox hallarda isə erməni tərəfinə dəstəyi istər-­istəməz Azərbaycanda hiddətlə qarşılanırdı. Zəifləməsinə baxmayaraq, 1990-cı illərin əvvəllərində Sovet ­İttifaqı hələ də kifayət qədər güclü hərbi, siyasi və deyərdim ki, ideoloji təsir vasitələrinə malik idi. Yəni bu fonda həmin dövrün ən aktual məsələsi ictimai fikir üzərində nəzarətin yaradılması məsələsi idi. Həmin mübarizədə tərəflərin əsas məqsədi ittifaq kütləvi informasiya vasitələrində mövqelərinin çatdırılması, əks olunması idi. Düşünülürdü ki, bu yolla Qarabağ problemi ilə bağlı gələcəkdə qəbul edilə biləcək istənilən siyasi qərara və siyasətə ciddi təsir etmək mümkün olacaq.

Lakin Azərbaycanın ozamankı naşı, qətiyyətsiz və imperiya mərkəzindən son dərəcə asılı vəziyyətdə olan rəhbərliyinin kobud səhvlərinə görə, birmənalı demək olar ki, informasiya müharibəsinin birinci mərhələsinə ölkəmiz hazırlıqsız daxil olduğundan Ermənistana və ermənilərə uduzmuşduq. Bu sahədə təşəbbüs düşmən və ona loyal, yaxın olan qüvvələrin tərəfinə keçmiş, onlar isə ustalıqla ölkəmizin və xalqımızın mənfi imicini formalaşdırmağa başlamışdılar.
– Bütün bu tendensiyalar, təbii ki, Naxçıvanda da özünü büruzə verməyə bilməzdi...
– Haqlısınız. Əvvəlcə onu qeyd edim ki, totalitar və təkpartiyalı, sərt mərkəzləşmiş idarə­etmə strukturuna malik sovet sistemində informasiya axını da mərkəzləşmiş qurulmuşdu. Məlumat rayon-vilayət (muxtariyyət) -respublika­-ittifaq sxemi üzrə şaquli vektorla aşağıdan yuxarı istiqaməti ilə hərəkət edirdi. Siyasi senzuranın mövcud olduğu şəraitdə sistem lazımsız və təhlükəli saydığı istənilən xəbəri neytrallaşdırırdı. İllərcə bu tip sistemlə və oyun qaydalarında çalışmağa öyrənmiş şəxslər və qurumların Sovet İttifaqı çökdükdə yeni reallığa uyğunlaşa bilmədikləri də yeni problemlər yaradırdı. İnformasiya siyasətinin sistemsiz təşkili müşahidə edilirdi. Bəzi məqamlarda qeyd etdiyiniz informasiya blokadasını yarmaq mümkün olurdu. Məsələn, 1990-cı ilin yanvarında Naxçıvan MSSR Ali Sovetinin erməni təcavüzünə qarşı tədbir görmədiyi üçün Sovetlər İttifaqının tərkibindən çıxması barədə məlum qərarı bütün dünyada geniş rezonans doğurdu və bir neçə gün dünyanın aparıcı kütləvi informasiya vasitələrinin xəbər lentlərində qaldı. Bununla belə, yuxarıda qeyd etdiyim sistemsiz yanaşma vəziyyəti müsbətə doğru dəyişməkdə ciddi mane kimi çıxış edirdi. Bir sözlə, yeni reallığa uyğun informasiya ilə işləyə bilən, xarici dildə yazan, xarici mətbuatda məqaləsi dərc olunan mütəxəssislər də az idi. Yəni bu gündən baxdıqda həmin problemlərin əksəriyyəti, təbii ki, obyektiv idi və sistem problemi kimi xarakterizə edilə bilər.
– Ötən əsrin 90-cı illərində Moskvadan Naxçıvana qayıdan ulu öndər Heydər Əliyev bu qədim yurd yerinin təlatümlərdən xilas olması məqsədilə misilsiz işlər gördü, taleyüklü qərarlar qəbul etdi. Həmin dövrdə informasiya blokadasının yarılması istiqamətində hansı tədbirlər həyata keçirildi?
– Ulu öndərin Naxçıvana qayıdaraq burada yaşaması, sonradan isə yerli əhalinin təkidli tələbi ilə muxtar respublikada siyasi rəhbərliyə seçilməyə razılıq verməsi yaxın siyasi tariximiz, Naxçıvanın və bütövlükdə Azərbaycanımızın sonrakı həyatındakı əhəmiyyəti qəbul edilən bir aksiomdur. Bu qayıdış həm də Naxçıvanın informasiya blokadasından xilas olmasında müstəsna hadisə kimi qiymətləndirilməlidir. SSRİ-nin siyasi rəhbərliyində, ondan öncə isə Sovet Azərbaycanının lideri olmuş, tanınmış siyasi xadimin imperiyanın paytaxtından ucqar bir əyalət şəhərinə qayıtması ­istər-istəməz ozamankı yerli və xarici medianın diqqətini bu hadisəyə yönəltdi. SSRİ-nin ali siyasi elitasında təmsil olunmuş, olduqca populyar, partiya və idarəetmə strukturunda ciddi nüfuz sahibi olan ulu öndərin Mixail Qorbaçov başda olmaqla, ozamankı avantürist siyasətə açıq etirazını da yada salsaq, həmin dövr medianın marağını anlamaq olar. 1990-cı ilin Qanlı Yanvar hadisələrində ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib orada təşkil olunan mətbuat konfransında çəkinmədən Bakıdakı qırğını qınaması, həmin hadisələrdə ittifaq rəhbərliyinin məsuliyyət daşıdığını söyləməsi, bir sözlə, qətiyyətli və milli mövqeyi həmin dövrdə ciddi əks-səda yaratmışdı.
– “Şərq qapısı” qəzetinin bir əməkdaşı kimi, mənim üçün də çox qürurvericidir ki, müstəqilliyin ilk illərində ulu öndər ilk olaraq məhz “Şərq qapısı” qəzetinə müsahibə verib. Bu, dahi şəxsiyyətin bütövlükdə odövrkü Azərbaycan mətbuatında ilk orijinal müsahibəsi idi. Bu, müstəqil demokratik mətbuatın inkişafının ilk təməl addımları idi. Ümummilli liderin sonrakı siyasi fəaliyyətində də bu mətbu orqanla yaxından bağlılıq vardır...
– “Şərq qapısı” qəzeti dahi öndər Heydər Əliyevin müstəqillik illərində Naxçıvandakı həyat və fəaliyyətinin güzgüsü olmaqla yanaşı, ulu rəhbərin müharibə şəraitində Naxçıvanda blokadanın yaratdığı ağır sosial­-iqtisadi durumdan yaxa qurtaran tədbirlərini, imzaladığı fərman və sərəncamları, apardığı beynəlxalq səviyyəli danışıqları dolğun əks etdirib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev “Şərq qapısı” qəzetinin onun həyatında oynadığı rolu qiymətləndirərək, hətta Azərbaycan Respublikasının Prezidenti işlədiyi dövrdə onun 75 illik yubileyini unutmayıb, ölkə rəhbəri kimi qəzet redaksiyasına təbrik məktubu ünvanlayıb. Dahi rəhbərin onun həyat və fəaliyyətində mühüm rol oynamış doğma qəzetinə təbrik məktubu göndərməsi qəzetin respublika səviyyəli nüfuzunu artırıb, onun dövlət səviyyəsində diqqətdə olduğunu bir daha təsdiqləyib. Dahi rəhbər təbrik məktubunda redaksiya əməkdaşlarının əməyini yüksək qiymətləndirərək onun gələcək fəaliyyət istiqamətini də göstərirdi: “Azərbaycan müstəqillik əldə etdikdən sonra “Şərq qapısı” qəzetinin kollektivi öz fəaliyyətində canlı dönüş yaradıb, ölkəmizdə gedən yeni cəmiyyət quruculuğu və demok­ratik dəyişikliklərin həyata keçirilməsi prosesinə fəal qoşulub. Əminəm ki, “Şərq qapısı” qəzeti Azərbaycanın azad və demokratik mətbuat sistemində layiqli yer tutaraq dövlətçiliyimizin möhkəmlənməsi yolunda bütün qüvvələri səfərbər etmək, hər oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaq üçün var gücünü sərf edəcəkdir”.
– Xalq tərəfindən sevilən və etimad göstərilən siyasətçinin muxtar respublikadakı fəaliyyəti Naxçıvana diqqəti dəfələrlə artırdı...
– Tamamilə doğrudur. Birincisi, ümummilli liderin təşəbbüsü ilə Naxçıvanda başlanılan demokratikləşmə siyasəti, milli dövlətçiliyin bərpası istiqamətindəki addımlar, totalitar sistemin və kommunist ideologiyasından imtina təşəbbüsləri keçmiş Sovetlər İttifaqında və ondan kənarda Naxçıvanın siyasi çəkisini və populyarlığını ciddi surətdə artırdı. Həmin dövrdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet”, “sosialist” sözlərinin çıxarılması və bir sıra digər konstitusion islahatlar, keçmiş SSRİ məkanında ilk dəfə aqrar sahədə islahatın həyata keçirilməsi, bir sıra özəlləşdirmə tədbirləri və sair bu kimi işlər Naxçıvanın yeni – postkommunist cəmiyyətinin müsbət imicini formalaşdırdı və beynəlxalq ictimai rəydə tanınmasına şərait yaratdı.
Bu tədbirlərlə yanaşı, Naxçıvandakı kütləvi informasiya vasitələrinin: Naxçıvan Televiziyası və Dövlət Radiosunun, “Şərq qapısı” qəzetinin imkanları da artırıldı, yerli medianın potensialından səmərəli istifadə edilməyə başlanıldı. Elə həmin dövrdə Naxçıvanın səsinin çatdırılması üçün “Real” adlı ilk yerli müstəqil informasiya agentliyi təsis edildi. Təsadüfi deyil ki, həmin dövrdə ümummilli liderimizin Naxçıvana qayıdışından narahat olan erməni tərəfi bu qayıdışla Naxçıvanla bağlı planlarının ciddi təhlükə ilə üzləşdiyini açıq etiraf edirdi. Görkəmli siyasi xadim, uzun illərin təcrübəsinə söykənən ulu öndər hər zaman kütləvi informasiya vasitələri, media ilə işin əhəmiyyətini yaxşı anlayırdı. Həmin dövrü xatırlasaq, görərik ki, informasiya blokadasının aradan qaldırılması, erməni dezinformasiyasının ney­trallaşdırılması üçün media ilə ciddi iş aparılır, tanınmış informasiya agentliklərinin, qəzet və jurnalların təmsilçiləri ilə mütəmadi və sistemli əlaqələr qurulması hesabına real informasiyanın çatdırılması mümkün olmuşdur. Mən burada “Vaşinqton Post”, “Frans Press”, “AP” və bir çox digər nüfuzlu kütləvi informasiya vasitələrinin adını çəkə bilərəm.
Məhz həmin dövrdə dünya mediasında Naxçıvanın problemləri, iqtisadi, kommunikasiya blokadası, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması ilə bağlı informasiyalar yer almağa başladı. Bütün bu tədbirlər, təbii ki, həmin ölkələrin ictimai rəyinə təsir etməklə sonrakı siyasi qərarların verilməsində mühüm rol oynadı. Ulu öndərin ənənəvi diplomatik əlaqələr və kanallarla yanaşı, kütləvi informasiya vasitələri ilə həyata keçirdiyi sistemli təşəbbüsləri sayəsində o zaman ABŞ, Türkiyə, İran, Fransa və bir sıra digər ölkələr və beynəlxalq təşkilatlar Naxçıvanla bağlı humanitar addımlar həyata keçirdi. Artıq 1992-ci ilin may ayında Ermənistanın Naxçıvan Muxtar Respublikasına qarşı növbəti genişmiqyaslı hərbi təcavüzü zamanı ulu öndərin təşkil etdiyi, yaratdığı informasiya mexanizmi erməni təbliğatı üzərində qələbə qazana bildi. Azərbaycan-Ermənistan münaqişəsində ilk dəfə idi ki, erməni tərəfi dünya ictimaiyyətini çaşdıra bilmədi, onların təcavüzü isə aparıcı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən pislənildi, 50-dən artıq dövlət Ermənistandan təcavüzün dayandırılması ilə bağlı tələb və çağırış etdi. Bütün bunlar Naxçıvanın müdafiəsinin və təhlükəsizliyinin təşkilində müstəsna rol oynadı və düşmənin planlarının reallaşmasına imkan vermədi.
– Bu gün Naxçıvanın informasiya təhlükəsizliyinin təmin olunmasını ictimai-siyasi baxımdan necə təhlil edərdiniz?
– Hər bir dövrün özünəməxsus xüsusiyyətlərinin olduğunu nəzərə alsaq, bu gün muxtar respublikanın informasiya təhlükəsizliyinin tam olaraq təmin edildiyi qənaətinə gələrik. Bu, bir faktdır ki, həmin təhlükəsizliyin təmin olunması sistemli xarakter alıb. Birincisi, Naxçıvanın informasiya resurslarının potensialı, xüsusən də ənənəvi kütləvi informasiya vasitələrinin istər peşəkarlıq səviyyəsi, istərsə də maddi-texniki bazası yüksək səviyyədə artıb. Kadr hazırlığında yerli potensialdan səmərəli istifadə olunduğunu da qeyd etmək lazımdır. Bütün bunlar Naxçıvan mediasını fərqli bir statusa gətirib, onun operativliyinin və əhatəliliyinin artmasına səbəb olub. Bu gün muxtar respublikada ictimai rəyin formalaşması, əhalinin məlumatlandırılmasında yerli medianın (Naxçıvan televiziyası, “Şərq qapısı” və yerli qəzetlər, “Nuhçıxan” İnformasiya Agentliyi və sair) müstəsna mövqeyi var. Bütün bunlar isə, təbii ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bu sahədə apardığı, onun rəhbərliyi ilə hazırlanıb həyata keçirilən sistemli siyasətin nəticəsində reallaşıb. Həmin tədbirlər muxtar respublikanın ictimai fikrində neqativ xarici faktorun təsir səviyyəsinin neytrallaşdırılmasında mühüm rol oynayır.
Bununla belə, müasir informasiya siyasətində və vasitələrində baş verən struktur və keyfiyyət dəyişiklikləri, elektron KİV-lərin ictimai rəyin formalaşdırılmasındakı yeri və rolunun getdikcə artması, ümumiyyətlə, media sahəsində variativliyin artması daim yeniləşməni tələb edir. Bu gün muxtar respublikanın yaşayış məntəqələrinin yüksək sürətli internetə çıxışının təmin edilməsi, ərazisinin qlobal şəbəkə ilə əhatə olunması bu sahədə yeni imkanlar açır.
Bu da bir həqiqətdir ki, sosial şəbəkələrin və sosial medianın inkişafı informasiya mübadiləsində yeni imkanlarla yanaşı, informasiya təhlükəsizliyi sahəsində yeni təhdidlər də yarada bilər. Bununla belə, muxtar respublika əhalisinin, xüsusən də sosial media istifadəçiləri arasında çoxluq təşkil edən gənc­lərin təhsil səviyyəsinin kifayət qədər yüksək olması, dayanıqlı sosial statusları həmin şəbəkələrdən səmərəli istifadəyə şərait yaradır.
İnformasiya ilə bağlı digər bir vacib məqam onun subyektlərinin sayının artmasıdır. Bildiyimiz kimi, hər il muxtar respublikaya yüz minlərlə turist və qonaq gəlir. Onların əksəriyyəti ziyarətləri zamanı Naxçıvanla bağlı sosial mediada ciddi həcmdə paylaşımlar edirlər. Bütün bunlar muxtar respublikanın real həqiqətlərinin tanınmasına və dezinformasiyaların sıradan çıxmasına xidmət edən vasitələrdir. Təbii ki, ümumi informasiya mühitinə də ciddi təsir edirlər.
– Anar müəllim, qeyd etdiniz ki, diyarımıza hər il minlərlə turist səfər edir və Naxçıvanla bağlı informasiyaları dünya ictimaiyyətinə çatdırırlar. Buna muxtar respublikaya səfər edən xarici ölkə KİV nümayəndələrini də əlavə etsək, bu gün Naxçıvanın xarici mediada mövqeyi barədə nə deyə bilərsiniz?
– Mən, sadəcə, müşahidələrimi söyləyə bilərəm. Son illər Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, təbii ki, Naxçıvanın tanınmasında ciddi amilə çevrilib. Mübaliğəsiz demək olar ki, tarixdə Naxçıvan heç zaman indiki qədər güclü, abad, iqtisadi və sosial cəhətdən dayanıqlı olmayıb. İqtisadi cəhətdən perspektivli, siyasi cəhətdən sabit, tarixi və mədəni yöndən zəngin, yüksək təhsilli toplumu və gəncliyə sərmayə qoyan bir cəmiyyət olaraq Naxçıvan diqqəti çəkməkdədir. Məhz buna görə Naxçıvan, onun iqtisadi və mədəni potensialı barədə dünya mətbuatında vaxtaşırı məlumatlar gedir. Son illərdə Avropa Birliyinin aparıcı televiziya kanalı “Euronews”da və digər nüfuzlu media resurslarında Naxçıvanın tarixi abidələri, memarlıq nümunələri və inanc yerləri, rəqsləri və mətbəxi barədə filmlər, veriliş, tanıtım videoları və onların izlənmə statistikaları muxtariyyətə beynəlxalq marağın yüksək olduğundan xəbər verir. Naxçıvanın iri beynəlxalq forumlar, zirvə toplantılarına ev sahibliyi etməsi, elə keçən il Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması, onunla bağlı silsilə tədbirlər, müxtəlif beynəlxalq idman yarışlarının burada keçirilməsi, xarici mediada bunların geniş işıqlandırılması ciddi nailiyyətlərdən biridir.
– İqtisadi blokada və informasiya blokadası... Hər ikisi ötən əsrin 90-cı illərinin Naxçıvan mənzərəsi idi. Bəs günümüzdə bu necədir?
– Naxçıvan Muxtar Respublikasının iqtisadi cəhətdən möhkəmlənməsi, buradakı həyat səviyyəsinin artması, demoqrafik artım, məskunlaşmanın təmin olunması, elm, təhsil cəhətdən güclənməsi, təhlükəsizliyin və müdafiə qabiliyyətinin artması bəhs etdiyiniz blokadanın təsirini dəfələrlə aşağı endirib. Paradoksal vəziyyət yaranıb, Naxçıvanı blokadada saxladığını düşünən Ermənistan bütün parametrlərə görə muxtar respublikadan geri qalır, infrastrukturu dağılır, kəndləri boşalır, iqtisadi aktivlik yox dərəcəsindədir. Bu mənada, blokada şüurda dəyişikliyi tələb edir. Müstəqillik dövrünün Naxçıvanı, buradakı siyasi düşüncə sübut etdi ki, heç bir məhdudiyyət və təhdid xalqın yaradıcı potensialına arxalanan, Vətənə sevgi ilə əhatə olunmuş sistemli və milli siyasətə əngəl törətmək qabiliyyətinə malik deyildir.
– Anar müəllim, qeyd etdiklərinizdən məlum olur ki, günümüzdə informasiya da artıq bir müharibə vasitəsidir. Naxçıvan isə bu gün bütün reallıqları ilə qapılarını dünyaya açıb. Bu isə onu deməyə əsas verir ki, Naxçıvan informasiya blokadasını və dezinformasiya təhdidlərini bütövlükdə məhv edib. Fikrimcə, bu, düşmən üzərində böyük qələbədir.
Maraqlı müsahibəyə görə təşəkkür edirəm.

 Gülcamal TAHİROVA
Bu müsahibə “Muxtariyyətin quruculuq, inkişaf
və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR