Müdriklərdən biri deyib ki, keçmişdən yazılanlar xatirələr, gələcəkdən yazılanlar arzular, bu gündən yazılanlar isə reallıqdır. Ona görə də bu gündən, reallıqdan yazmaq istəyirəm. Artıq üç ilə yaxındır ki, əməkaşı olduğum qəzet haqqında yazı qələmə almaq istəyim mənə illər öncə – 2002-ci ildə bu ünvana üz tutduğum günləri xatırlatdı:
17 il bundan əvvəl kiçik, şəraitsiz bir yerdə yerləşirdi redaksiya. Böyük bir binanın birinci mərtəbəsi, dar dəhlizlər, yarı işıqlı otaqlarda jurnalistlər günün nəbzini tutmağa, oxucu marağına uyğun yazılar qələmə almağa, uzun illərdən bu günə kimi qəzetin yaşatdığı adət və ənənələri qoruyub saxlamağa çalışırdılar. Həmin illərdə bir neçə məqaləm dərc olunmuşdu “Şərq qapısı” qəzetində. Qəzetin bu nömrələrini bu gün də o günlərin xatirəsi kimi hələ də saxlayıram. Cəmi iki il kənar əməkdaşı olduğum “Şərq qapısı” aradan 13 il keçəndən sonra yenə məni özünə cəlb etdi. Və illər sonra bir sayını nəşrə hazırlamaq üçün bəzən gecə yarılarına, bəzən isə səhər açılana qədər redaksiyada kollektiv şəkildə əmək sərf etdiyimiz bu qəzet mənim üçün həm də ikinci ev oldu...
100 ilə yaxındır ki, qəzetin yaradıcı kollektivi jurnalistikanın yüksək amalına həmişə sədaqətlə xidmət edib, 70 illik sovetlər dönəmində milliliyimizi, tariximizi yaşatmağa çalışıb, müstəqillik dövrünün ədəbi salnaməsinə yeni parlaq səhifələr yazıb, ağıl və təmkin, səbir və dəyanət yolları ilə addımlayan bu keşməkeşli yollarda heç bir qasırğa, boran, çovğundan qorxmayıb, yolundan, amalından, məqsədindən dönməyən bu mətbu orqan öz səhifələrində tarix yazıb. Elə bir tarix ki o tarix xalqımızın dəyanətini, mərdliyini, illərin əsarətindən azadlığa gedən yolunu, dostunun, düşməninin kim olduğunu, zəfər dastanını sətirlərdə, məqalələrdə toplayıb. Naxçıvanın iki əsrə yaxın tarixini öz arxivində qoruya bilib. Burada Naxçıvanın inkişafı üçün imzalanan sərəncamlar, fərmanlar, qəbul edilən qərarlar, tarixin həmin dövrünün salnaməsinə çevrilən neçə-neçə məqalələr dərc olunub. Bütün bunlar “Şərq qapısı” qəzetinin cəmiyyətimin bu günü və gələcəyi üçün göstərdiyi əhəmiyyətli xidmətlərdir. Vaxtilə dünyanın supergüclərindən biri olan Sovetlər Birliyinin rəhbərliyinin təəccübünə səbəb olan dövlət sənədi də bu qəzetdə dərc edilib. Həmin vaxt Naxçıvan 70 il idi ki, 15 respublikanı özündə birləşdirən, onlara hökm edən bir quruluşa etirazını bildirib öz müstəqilliyini elan etdi. Kiçik bir diyar – bəlkə də, o vaxta kimi bir çox dövlətin tanımadığı Naxçıvan SSRİ kimi nəhəng bir dövlətin tərkibindən çıxıb özünü müstəqil elan etdi. Və həmin gecə 70 ildir ki, nəşr olunan qəzetin tarixində ilk dəfə olaraq sovet rəhbərinin məruzəsi bir kənara atıldı. Müstəqil respublikanın qəzetində 19 yanvar 1990-cı il Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qəbul etdiyi qərar dərc olundu. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli “Şərq qapısı” qəzetinin 95 illiyi ilə bağlı qələmə aldığı “Şərq qapısı” məktəbi: uzaqdan və yaxından” məqaləsində bu barədəyazırdı: “Şərq qapısı”qəzeti həmin qərarı çap etməklə müstəqil Naxçıvan Muxtar Respublikasının mətbuat orqanı funksiyasını həyata keçirmişdir. 1990-cı ilin yanvar-fevral aylarında “Şərq qapısı” qəzetinin 8 sayı o zaman bütün qəzetlərdə məcburi şəkildə yazılan “Bütün ölkələrin proletarları, birləşin” şüarı ilə deyil, “Birlik və demokratiya uğrunda” çağırışlı başlığı ilə çap olunmuşdur. Bu, təkcə “Şərq qapısı” qəzetinin yox, XX əsr sovet mətbuatının tarixində nadir hadisədir. Beləliklə, 1990-cı ildə “Şərq qapısı” Azərbaycanda ilk müstəqil qəzet kimi nəşr edilmiş, ölkənin və xalqın milli maraqlarına xidmət göstərmişdir. “Şərq qapısı” qəzetinin senzura nəzarəti olmadan çıxan həmin tarixi saylarında Naxçıvan Muxtar Respublikasının konstitusiya hüquqlarının müdafiəsi, torpaqların işğaldan qorunmasını təşkil etmək üçün əhalinin səfərbər edilməsi, vətənpərvərlik çağırışlarının xalqa çatdırılması, çaşqınlıq, təxribat yaratmaq niyyətlərinə ayıq-sayıq baxış kimi aktual məsələlər öz əksini tapmışdır. Eyni zamanda həmin dövrdə “Şərq qapısı”qəzeti Bakıda qanlı 20 Yanvar hadisələri zamanı Sovet ordusu qüvvələri tərəfindən susdurulmuş, fəaliyyətinə qadağa qoyulmuş ölkə mətbuatının da funksiyalarını yerinə yetirərək, faciəli Azərbaycan həqiqətlərinin xalqa və qonşu ölkələr vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasına şərəflə xidmət etmişdir. Azərbaycan Respublikası dövlət müstəqilliyi qazandıqdan sonra “Şərq qapısı”qəzeti xalqımızın milli dövlətçilik və maarifçilik yollarındakı tarixi hünərini, zəfərlərini və böyük əzmini salnaməyə çevirməkdə davam edir”.
Mətbuat günü ərəfəsində müxtəlif illərdə qəzetdə əmək sərf edən bir neçə ziyalı ilə həmin illərdən bu günümüzə gələn yolun keşməkeşləri haqqında həmsöhbət olduq. Qahirə Hüseynova həmin gecəni belə xatırlayır: Həmin günlər Naxçıvanda ictimai-siyasi vəziyyət çox gərgin idi. Muxtar respublikanın eksklavı olan Kərki kəndi sovet hərbi hissələrinin dəstəyinə arxalanan ermənilər tərəfindən işğal edilmiş, Sədərək kəndi silahlı hücuma məruz qalmışdı. Yanvarın 19-da səhər saatlarında güclü top va raket atəşi nəticəsində Sədərəkdə çox sayda evlər, sosial obyektlər dağıdılmış, kəndin iki azyaşlı sakini isə həlak olmuşdu. Elə həmin günün axşamı muxtar respublikanın ərazi bütövlüyünün pozulması və təcavüzə məruz qalması, əhalinin dinc yaşayışı üçün yaranan təhlükənin artması şəraitində xalqın tələbi ilə çağrılan Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası Naxçıvanın SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul etdi. Mən çalışdığım Naxçıvan Vilayət Partiya Komitəsi, Nazirlər Soveti və Ali Sovetin orqanı “Şərq qapısı” qəzeti redaksiyasına gələndə qəzetin növbəti nömrəsinin çapına məsul şəxslər iş yerlərini tərk edib getdilər. Mətbəədə isə bir-iki texniki işçi qalmışdı. Lakin necə olursa-olsun qəzet çıxmalı və Ali Sovetin qərarı dərc edilməli idi. Qəzetin məsul katibi Afiq Haqverdiyevlə danışdıq, o, qəzetin maketinin hazırlanması, çıxarılmasını öhdəsinə götürdü. Telman Quliyev, Namiq Cəlilov, Tofiq Seyidov da gecə saat ikidə mətbəəyə gəldilər. Linotipçilər Gülsevər xanım və Natella xanımın, metranpaj (səhifə bağlayan işçi) Lətafət xanımın evlərinə gedib mətbəəyə gətirdik. Bütün narahatlığa baxmayaraq, səhərə yaxın qəzetin materiallarını həvəslə yığdılar. Həmin gün Sovet İKP MK-nın baş katibi M.S.Qorbaçovun məruzəsi çap olunmalı idi. Ancaq bu, olmadı... Səhər saat səkkizdə qəzet çap üçün hazır idi. Saat on birdə qəzet nəşr olunub bütün muxtar respublikaya yayıldı. Qəzetin nüsxələrindən paytaxt Bakıya, Azərbaycanın rayonlarına da göndərildi. Naxçıvan Respublikasının qəzetinin ilk nömrəsi belə çap olundu. İndi bu qəzetin nəşrində əməyim olduğu üçün özümdə mənəvi rahatlıq tapıram.
Azərbaycan Milli Elmlər Akademiyasında Folklor institutunda böyük elmi işçisi, uzun illər mətbuatda çalışmış və fasiləsiz olaraq 26 il “Şərq qapısı” qəzetində kiçik vəzifədən başlayaraq pillə-pillə daha yuxarı vəzifələrə yüksələn, 10 il qəzetin baş redaktoru vəzifəsini daşıyan Sənubər Kərimovanın dediklərindən: – O vaxtlar redaksiya və mətbəə şəraitsiz binalarda yerləşirdi. Mətbəə avadanlıqları köhnə və yararsız idi. Qəzet bəzən səhərə yaxın hazır olurdu. Sonradan redaksiya və mətbəə üçün yeni binalar inşa edildi. “Şərq qapısı” “Sovet Naxçıvanı – Sovetskaya Naxiçevan” adı ilə böyük formatda, gündəlik rus və Azərbaycan dillərində nəşr edilməyə başladı. Qəzetin rus dili variantı üçün jurnalist kadrları çatışmırdı. Amma redaksiya kollektivi bütün bu çətinliklərə sinə gərərək “Şərq qapısı”nı Azərbaycan Respublikasının müstəqilliyi dövrünə çatdırdı. Bu gün biz yüksək texnologiyalar əsrində yaşayırıq. İndi qəzet çıxarmağa nə var ki... Ölkəmizdə mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur. Ölkə vətəndaşlarının söz və fikir azadlıqları Konstitusiyada təsbit olunmuşdur. Prezidentin Ehtiyat Fondundan kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi göstərilir. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün əhəmiyyətli tədbirlər görülür.
Sənubər xanım deyir ki, biz əsrlərin, minilliklərin qovuşduğu bir zamanda yaşayırıq. İndi hər bir dövlət, xalq öz milli xüsusiyyətlərini, milli mənəvi dəyərlərini qorumağa, təbliğ etməyə çalışır. Çünki bunu etməsə, bir millət kimi sıradan çıxa bilər. Qloballaşan dünyada bir millət kimi qala bilməyimizin formulları məhz bunda təcəssüm olunur: Milli və mənəvi ideyalara, kökə, genə, yaddaşa qayıtmaq, çağdaş dünyada gənc nəsli unutqanlıqdan çəkindirmək. Bu, jurnalistlərin müqəddəs borcudur. Gənc jurnalistlərə məsləhətim odur ki, qələmlərini zamanın tələblərinə uyğun mövzularda sınasınlar. Yalnız o zaman müstəqillik dövrünün işığında milli mətbuatın inkişafı yollarında inamla irəliləyə bilərlər. Bu gün müstəqil Azərbaycan dövləti əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Mətbuatın inkişafına göstərilən diqqət və qayğı muxtar respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin də hərtərəfli inkişafını təmin edib. Bu qəzet gənc jurnalistlərin yetişməsi üçün əsl yaradıcılıq ocağıdır. Qəzetin təcrübəli müxbirləri redaksiyada aylarla zəhmət sərf edib gənclərə bir-bir qələm tutmağı, yazı vərdişinə yiyələnməyi öyrədirlər. Onlar bir yaradıcı adamın yetişməsi üçün lazım olan ən əsas olanları – yaradıcılıq azadlığını, sərbəstliyini, özünəinam hissini və cəmiyyət qarşısında sosial məsuliyyət mühitini bura üz tutan hər bir gənc üçün təmin edə biliblər. Bu üç keyfiyyətə malik hər kəs qısa müddətdən sonra “Şərq qapısı” məktəbində yetişməyə başladığını hiss edə bilir. Yaradılmış şərait jurnalistlərin bundan sonra da yaxşı işləməsinə, üzərlərinə düşən məsuliyyətli və şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməsinə imkan verəcəkdir. “Şərq qapısı” redaksiyasının bugünkü kollektivinə bu estafeti gələcək nəsillərə çatdırmaqda uğurlar diləyirəm.
Şərur rayon Həmkarlar İttifaqının sədri Ümbülbəni Musayeva da qeyd edir ki, “Şərq qapısı” qəzeti daim Naxçıvan ziyalılarının bilik mənbəyi, həyat güzgüsü olub və 1 əsrə yaxındır ki, bu xalqa xidmət edir. Ümummilli liderimiz “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada – orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm o vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıbdır”,– deməklə muxtar respublikanın ictimai, siyasi, mədəni həyatında böyük rol oynayan qəzet haqqında müasir oxucuya da bu qəzeti diqqətlə oxumaq fikrini aşılayır, mətbuata maraq oyadır. Sevindirici haldır ki, özünün inkişaf və tərəqqi dövrünü yaşayan, öz simasını dəyişən qədim Oğuz elində gedən quruculuq proseslərini salnamələşdirən “Şərq qapısı” qəzetində bu gün yaxşı qələm sahibləri, ziyalılar yetişib.
Qəzet əməkdaşları qədim Şərqin qapısı sayılan və çoxəsrlik tarixə və milli mədəniyyətə malik olan Naxçıvan torpağının keçmişini və bu gününü öz səhifələrində işıqlandırmaqla gələcəyimizə zəngin bir tarixi mənbə yaradıb və bu gün də yaradırlar.
Onu da deyək ki, 1990-1993-cü illəri “Həqiqətlər dövrü” adlandıranlar yanılmayıblar. Üçrəngli bayrağımız bu qəzetin səhifələrindən anamız Azərbaycana qanad açdı. İlk dəfə Qanlı Yanvar faciəsinə siyasi qiymətin sədası yüksəldi buradan, Xocalı faciəsi “Xocalı soyqırımı” adlandı. Dünya azərbaycanlılarının bir araya gəlməsi, bir Vətən üçün bir yumruq kimi birləşməsi qərarı buradan pərvazlandı. Artıq 25 ildir ki, bu qəzet muxtar respublikada təhsilə, səhiyyəyə, mədəniyyətə göstərilən sonsuz dövlət qayğısından, bu gün kəndlə şəhərin inkişaf oxşarlığından, ilan mələyən çöllərə, kəndlərə çəkilmiş su-artizan quyularından, gözəlliyi gözoxşayan yaşıllıq zolaqlarından, əsrarəngiz gözəlliyi ilə yaddaqalan yaylaqlarından, barlı-bərəkətli bağlarından, dünya şöhrətli Duzdağın, “Gəmiqaya”nın möcüzələrindən, min bir dərdin dərmanı olan “Sirab”, “Badamlı”, Vayxır” sularından, göylərə yüksələn minlərlə yeni tikinti obyektlərindən, od-ocağımızı isıqlandıran çoxsaylı elektrik stansiyalarımızdan söz açır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması tədbirləri haqqında” Sərəncamından sonra öz görünüşünü dəyişən “Şərq qapısı” qəzeti 2010-cu ildən həftədə beş dəfə rəngli nəşri ilə öz oxucularının görüşünə gəlir. Xalqımızın tarixiliyini, milli və mənəvi mədəniyyətini işıqlandırır. “Şərq qapısı” qəzeti hər nömrəsində oxucularını ümummilli liderimiz Heydər Əliyevin “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır” müdrik kəlamları ilə salamlayırvə yeni bir mətbuat tarixinin yazarı olur. Yolunuz açıq, qələminiz iti olsun bizim həyat dünyamızın real güzgüsü olan “Şərq qapısı”.
Dünyada çox sayda sənət və minlərlə peşə var. Rəssam şəkil çəkir, bəstəkar musiqi bəstələyir, müəllim təhsilli gənclik yetişdirir, şair şeir yazır, yazıçı əsər. Jurnalistin işi isə dünəni, bu günü yazmaqdır. Sənətini, gördüyü işi ürəkdən sevən hər kəs yaratdığı bir əsərə, ya da ki, gözəl bir rəsmə, qələmə aldığı məqaləyə illər sonra baxanda qürurlanır. Çalışdığı işi ürəkdən sevə bilmək, ona aşıq olmaq isə hər kəsə nəsib olmur. Mənim üçün yazmaq, sadəcə, bir qələm və ağ kağızdan ibarət deyil, yazmaq həm də Vətənini qəlbən sevməkdir.
Bu günün biz mətbuat işçiləri xoşbəxtdirlər. Ona görə ki, onlar Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi Naxçıvanın zəngin tarixi keçmişinin və parlaq gələcəyinin yazarıdırlar.
Ramiyyə ƏKBƏROVA