23 Dekabr 2024, Bazar ertəsi

Son vaxtlar kütləvi informasiya vasitələrinə artan tələbat bu sahədə çalışanlardan peşəkar fəaliyyət tələb edir.
Artıq muxtar respublikada fəaliyyət göstərən qəzetlər, tele­viziyalar, “Nuhçıxan” İnformasiya Agentliyi və internet portalları məlumatları ilk mənbədən əldə etməyə çalışır. Bu isə mərkəzi İcra hakimiyyətlərində və özəl qurumlarda fəaliyyət göstərən mətbuat xidmətlərinin işlərinin bir qədər də canlanmasına təkan verir. Amma muxtar respublikanın “mətbuat xidməti məktəbi” ənənəsi yeni yaradıldığı üçün hələ ki, bu sahədə bir qədər təcrübəsizlik hiss olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilərinin fəaliyyətlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi ilə uzlaşdırmaları, günün tələbləri əsasında qurmaları ilə bağlı tapşırıqlarının icrası bu sahədə əsaslı dönüş yaratsa da, müəyyən çatışmazlıqlar da yox deyil. Bu sahəni inkişaf etdirmək məqsədilə bir sıra görüşlər, tədbirlər keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü ilə mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilərin vəzifələrini özündə əks etdirən məlumat kitabçası hazırlanıb. Bu işdə həmkarlarımıza – mətbuat xidmətlərinin gənc əməkdaşlarına yardımçı olmaq üçün onların fəaliyyət istiqaməti ilə bağlı bəzi məqamları diqqətə çatdırmaq istərdik.

Sözsüz ki, hər birimiz televiziya ekranlarında, radioda, qəzet və jurnal səhifələrindəki xəbərlərdə məlumatların mətbuat xidmətlərinə istinadən verilməsi ilə tez-tez rastlaşırıq. Oxuduğumuz xəbərlərin və ya məlumatların çəkisinə uyğun olaraq həmin anda bizim təsəvvürümüzdə istər-istəməz savadlı, işgüzar və vacib bir peşə sahibinin – mətbuatla işləyən mütəxəssisin obrazı yaranır. Düşünürük ki, bu insan o qədər təcrübəli və savadlıdır ki, böyük bir şirkətin direktoru və hətta rəsmi qurumların ­rəhbərləri belə, ona etibar edərək özünün informasiya məlumatlandırılması sahəsində səlahiyyətli nümayəndəsi seçib.
Adından da görünür ki, mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilərin fəaliyyəti birbaşa bu sahə ilə əlaqədardır. Yəni onun əsas vəzifəsi jurnalistlərlə işləməkdir. Mətbuat xidmətinin təmsilçisi üçün bütün məlumatları düzgün, dəqiq və müəyyən müddət ərzində təqdim edə bilməsi çox vacib amildir. Eyni zamanda mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilər təmsil etdikləri təşkilatın müsbət imicinin yaradılmasına diqqət yetirməlidirlər.
Müasir mediada bu vəzifə “mətbuat katibi” də adlanır. Günümüzdə bütün idarə və təşkilatlarda daha çox ehtiyac duyulduğu üçün bu, ən aktual vəzifə sayıla bilər.
Təşkilat daxilində baş verən bütün əhəmiyyətli hadisələri məhz mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilər xəbər portalları, elektron poçt, telefon və faks vasitəsilə jurnalist ictimaiyyətinə çatdırır. Mətbuata açıqlanması lazım olan xəbərlər, nəzərdə tutulan mətbuat konfransı və brifinqlər barədə mediaya da məhz onlar məlumat verirlər. Həmçinin keçirilən hər bir tədbirdən qabaq onunla bağlı mətbuat üçün pres-relizləri yazmaq da həmin vəzifə sahiblərinin üzərinə düşür.
Bu gün texnologiyanın inkişaf etdiyi bir vaxtda internet istifadəçilərinin dairəsi daha da genişlənir. Buna görə də bir çox təşkilatlar və ya şirkətlər öz internet saytlarını yaradırlar. Mətbuat xidmətlərinin təmsilçiləri də, ilk növbədə, bu işin və həmin saytın mütəmadi məlumatlarla təmin edilməsinin məsuliyyətini daşıyırlar.
O da faktdır ki, mətbuat xidmətinin rəhbəri vəzifəsində işləmək üçün müvafiq ixtisasa uyğun ali təhsil diplomu mütləq olmalıdır.
Mətbuat katibi çalışdığı qurumun fəaliyyətini əhatə edən bütün proseslərin fərqində olmalıdır. O, jurnalistlərin suallarını əhatəli və dəqiq cavablandırmalıdır. Bundan başqa, müəssisə ilə bağlı çəkiliş və ya müsahibəni təşkil etməklə yanaşı, prosesin özündə də iştirak etməlidir.
Mətbuat xidmətləri, eyni zamanda təşkilatın saytını mütəmadi xəbər, elan və maarifləndirici məlumatlarla davamlı şəkildə təmin etməlidir. Həm də bu yazı və məlumatlar rəsmi dildə deyil, anlaşılan tərzdə, hamının başa düşə biləcəyi sadə ifadələrlə hazırlanmalıdır. Bu isə mətbuat və ictimaiy­yətlə əlaqələr üzrə baş məsləhətçilərdən Azərbaycan dilini mükəmməl bilməyi tələb edir.
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilər təşkilatın işi ilə bağlı davamlı olaraq göndərilən sorğuları, verilən jurnalist suallarını dolğun və dəqiq cavablandırmalı, təmsil etdiyi qurumla bağlı nəşr edilən, efirə verilən materialları müntəzəm izləməlidirlər.
Mətbuat katibi peşəsi zehni yaradıcılıq tələb edən, intellektual, yaradıcı fəaliyyət sahələrinə aid edilir. İş prosesində bütün bacarıq ortaya qoyulmalı, güclü yaddaş, düşüncə, soyuqqanlılıq nümayiş etdirilməlidir. Ona görə də mətbuat xidmətləri maraq dairəsi, analitik düşüncə qabiliyyəti və emosionallıqla fərqlənməlidirlər.
Onu da qeyd edək ki, yeni işə ­başlayanda mətbuat xidmətlərinin ­rəhbərləri, adətən, o qədər də populyar olmurlar. Lakin mətbuat katiblərinin peşəkar sahədə karyera qurma şansı digər əməkdaşlardan daha yüksəkdir. Ən fəal və qabiliyyətli olanlar geniş auditoriyanın diqqətini öz üzərlərinə çəkməklə təşkilatdakı əsas fiqurlardan birinə çevrilə bilirlər.
Əslində, mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilər praktik olaraq çalışdığı təşkilatın siması sayılır və hətta işini ustalıqla qurduqda cəmiyyətdə təşkilatın nüfuzunu yüksəldə bilirlər.
Mətbuat xidmətinin təmsilçisi özündə bir neçə peşənin bacarıqlarını birləşdirməlidir. Bir sözlə, o, universal peşə sahibi olmalıdır. Eyni zamanda onda sosial ünsiyyətcillik, ətrafda baş verənlərlə ciddi şəkildə maraqlanma, xəbərləri gündəmdə saxlama kimi keyfiyyətlərin olması zəruridir. Bu vəzifə sahibləri öz üzərlərində daim çalışmalı, natiqlik qabiliyyətlərini, intellektual səviyyələrini inkişaf etdirməlidirlər.
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilər bu peşə məziyyətlərini əxz edib, onu təcrübədə də həyata keçirməyi bacarmalıdırlar. Əks halda, heç bir uğurdan söhbət gedə bilməz.

Səməd CANBAXŞIYEV
jurnalist

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR