Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının şura iclası keçirilib. İclasda 2019-cu ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli məruzə edib.
Bildirilib ki, 27 il əvvəl Naxçıvan şəhərində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan partiya dahi liderin milli dövlətçilik konsepsiyasını dönmədən həyata keçirib, ötən müddətdə ölkəmiz, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolu ilə irəliləyib. Partiyanın Naxçıvan Şəhər Təşkilatı da öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının qurultayları, partiyanın Muxtar Respublika Təşkilatının 2014-cü ilin noyabrında keçirilən V Konfransı və Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il martın 16-da keçirilən iclasında qarşıya qoyulan vəzifələrin ardıcıl icrası istiqamətində qurub, günün tələblərinə uyğun fəaliyyət göstərib.
Ötən müddətdə təşkilatda 6 İdarə Heyəti, 2 şura yığıncağı, əlamətdar və tarixi hadisələrlə bağlı elmi-praktik konfranslar və digər kütləvi tədbirlər keçirilib. 2019-cu ilin 6 ayı ərzində 499 nəfər Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunub ki, bunların da 491-ni 18-35 yaşlı gənclər, 251-ni qadınlar təşkil edir. Nəticədə, 2019-cu il iyulun 1-nə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 152 ilk partiya təşkilatı üzrə 18 min 253 nəfərə çatıb ki, bunlardan 9 min 651-i qadın, 11 min 332-si 18-35 yaşlı gənclərdir. Üzvlərdən 2 nəfəri Azərbaycan Respublikası Milli Məclisinin, 19 nəfəri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Həmçinin təşkilatda 2 akademik, AMEA-nın 6 müxbir üzvü, 26 elmlər doktoru, 162 fəlsəfə doktoru təmsil olunub.
Məruzə ətrafında Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Şurasının üzvü, ilk təşkilat sədri Tural Haqverdiyev, Naxçıvan Tibb Kolleci ərazi ilk təşkilatının sədri Leyla Vəliyeva çıxış ediblər.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Şurasının üzvü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək 2019-cu ilin birinci yarısında Naxçıvan şəhərində həyata keçirilən quruculuq və abadlıq işlərindən danışıb. Çıxışda muxtar respublika paytaxtının sosial-iqtisadi inkişaf göstəriciləri diqqətə çatdırılıb. Qeyd olunub ki, Naxçıvan şəhəri müasirliklə qədimliyin, Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu məkan kimi tanınıb, özünün abadlığı, təmizliyi və gözəlliyi ilə sakinlərin qürur yerinə çevrilib, turistlərin və qonaqların zövqünü oxşayıb. Həyata keçirilən quruculuq işlərində Yeni Azərbaycan Partiyası üzvləri fəal iştirak ediblər.
Şura iclasında çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov qeyd edib ki, partiyanın Naxçıvan Şəhər Təşkilatının siyasi potensialı, yeri və rolu daim fərqlənib. Bu gün şəhər təşkilatının, bütövlükdə, muxtar respublika təşkilatının üçdəbirini təşkil etməsi də bir göstəricidir. Ona görə təşkilatın fəaliyyətinin təhlili, cari ilin birinci yarısında həyata keçirdiyi tədbirlərin qiymətləndirilməsində işin keyfiyyət parametrlərinin daha diqqətlə nəzərə alınması təbiidir.
İcra katibi bildirib ki, 2019-cu ilin ikinci yarısında da Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun təsdiq etdiyi İş Planındakı tədbirlər yerinə yetirilməli, gənclərlə iş, ərazi təşkilatları ilə əlaqələr möhkəmləndirilməli, şəhərin sosial-ictimai həyatında partiya üzvlərinin fəal iştirakı diqqətdə saxlanılmalıdır.
İclasın sonunda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib.
* * *
Şura iclasında Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov cari ilin birinci yarısında görülmüş işlər barədə geniş məruzə edib.
Qeyd olunub ki, bu il Azərbaycan xalqının və dövlətinin həyatında olduqca əlamətdar ildir. Belə ki, xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin ölkəmizdə rəhbərliyə gəlişinin 50 illiyi tamam olur. Dahi şəxsiyyətin siyasi fəaliyyətinin Naxçıvan dövründə təsis olunan Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı ötən 26 il ərzində Partiya Nizamnaməsinin tələb və tövsiyələrinə uyğun fəaliyyət göstərərək 56 ilk təşkilatda 6939 üzvü birləşdirən mütəşəkkil, böyük bir təşkilata çevrilib.
Cari ilin birinci yarısında təşkilatın gördüyü işlər barədə məlumat verən İsa Məmmədov bildirib ki, hesabat dövrü ərzində idarə heyətinin 6, şura yığıncağının isə 2 iclası keçirilib, müxtəlif tarixi hadisə və günlərlə əlaqədar yığıncaqlar olub. Ötən dövr ərzində partiya sıralarına 55 üzv qəbul edilib ki, onlardan 39-u gənc, 40-ı isə qadındır. Üzvlərin 3349-u dövlət, 3040-ı isə özəl sektorda fəaliyyət göstərir.
İclasda Babək Rayon İcra Hakimiyyətinin başçısı, şura üzvü Rasim Hüseynov çıxış edərək bu ilin birinci yarısında rayonda həyata keçirilən tikinti-quruculuq tədbirlərindən danışıb. Qeyd olunub ki, hesabat dövrü ərzində rayon Elektrik Şəbəkəsinin inzibati binası və yarımstansiyası Ali Məclis Sədrinin iştirakı ilə istifadəyə verilib. Bundan başqa, rayonun Gülşənabad və Kültəpə kəndlərində də kompleks quruculuq işləri aparılır, yeni sosial obyektlər inşa olunur. Babək qəsəbəsində rayon Baytarlıq İdarəsi üçün yeni inzibati binanın və Süni Mayalanma Mərkəzinin tikintisi də sürətlə aparılır.
Həyata keçirilən abadlıq-quruculuq işlərini Yeni Azərbaycan Partiyasının uğurları kimi qiymətləndirən icra başçısı Babək rayonunun davamlı inkişafına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirib.
Şura yığıncağında çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov rayon təşkilatının, eləcə də struktur bölmələrinin, yerli təşkilatların bu ilin birinci yarısındakı fəaliyyətlərini təhlil edərək qarşıdakı dövrdə müəyyənləşdirilmiş vəzifələrdən bəhs edib.
Məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi