23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin 2019-cu ilin II toplanış ilkin hazırlıq kursunu bitirmiş gənc polis əməkdaşlarının andiçmə mərasimi keçirilib. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov çıxış edərək bildirib ki, son dövrlərdə həyata keçirilən tədbirlər gənclərin müasir dünyəvi dəyərlərə uyğun, təşəbbüskar, müstəqil və mübariz ruhda tərbiyəsinə, dövlət quruculuğu işlərinə yaxından cəlb edilməsi məsələsinin ön plana çəkilməsinə xidmət edib. Daxili işlər orqanlarının fəaliyyətinə yaradılan şərait və polisin cəmiyyətdə tutduğu mövqe son dövrlər bu orqanda xidmət etmək arzusunda olanların sayını xeyli artırıb.
Qeyd olunub ki, daxili işlər orqanlarında xidmətə yeni qəbul edilən gənc əməkdaşların müstəqil xidmətə başlamaları münasibətilə keçirilən andiçmə mərasimi hər bir polis əməkdaşının həyatında ən yaddaqalan və əhəmiyyətli bir gündür. Əməkdaşlar qəbul etdiyi bu anda sadiq qalmalı, polis adını daim uca tutmalı, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, peşəkarlıqlarını artırmaq üçün daim öz üzərlərində çalışmalıdırlar.

Nazirliyin Kadrlar şöbəsinin rəisi, polis kapitanı Səadət İsgəndərli çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə yaradılan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi muxtar respublikanın daxili işlər orqanlarında kadr potensialının formalaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Hazırda Orta İxtisas Polis Məktəbinin inzibati bina kompleksinin tikilməsi, əməkdaşların peşə hazırlığının yüksəldilməsi üçün dərs proqramlarının və təhsil müddətinin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi və andiçmə mərasiminin dövlətçilik tariximizin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən Dövlət Bayrağı Muzeyində keçirilməsi göstərilən yüksək diqqətin bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, ilkin hazırlıq kursunu müvəffəqiyyətlə başa vurmuş 15 gənc polis əməkdaşı bütün xidməti dövrü anda sadiq qalmalı, ictimai asayişin və təhlükəsizliyin təmin olunması istiqamətində vəzifə borcunu ləyaqətlə yerinə yetirməlidir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov çıxışında gənc əməkdaşları təbrik edərək bildirib ki, Orta İxtisas Polis Məktəbində təşkil olunan xüsusi hazırlıq kursları səriştəli polis əməkdaşı yetişdirilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli təşkilati-hazırlıq prosesidir. Polis veteranları da mütəmadi olaraq həmin məktəbdə, eləcə də əməkdaşların xidmət etdik­ləri polis orqanlarında olur, peşəkar­lığın artırılması sahəsində lazımi köməkliklər göstərirlər. Bundan sonra da bu istiqamətdə tədbirlər davam etdiriləcək.
Sonra andiçmə mərasimi başlayıb, gənc əməkdaşlar təntənəli şəkildə polis andı içiblər.
Tədbirdə polis sıravisi Şamxal Mərdanlı çıxış edərək gənc polis əməkdaşları adından yaradılan şəraitə və göstərilən etimada görə dövlətimizə minnətdarlıq edib, Vətənə, xalqa, dövlətə sədaqət ruhunda xidmət edəcəklərini bildirib.
Sonda Dövlət Bayrağı Muzeyində nümayiş etdirilən eksponatlara baxış olub.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR