23 Dekabr 2024, Bazar ertəsi

  Bu ərazinin adının çoxları kimi, mənə də çoxdan tanış olmasına baxmayaraq, mənasını heç cür anlaya bilmirdim. Açığı bunu öyrənmək üçün elə bir səy də göstərməmişdim. Sadəcə, məqamı düşdükcə soruşduğum insanlardan aldığım cavab – “bilmirəm” idi. Yəqin ki, mərhum dilçi alim Adil Bağırovun Naxçıvan oykonimləri ilə bağlı tədqiqatları olmasaydı, “Başbaşı” haqqında toponimik məlumatlarımın kasadlığı ilə qənaətlənməli olacaqdım. Alim qeyd edir ki, “Başbaşı” adı bəzi mənbələrdə kənd adı kimi qeyd olunsa da, bura kənd yox, vaxtilə heyvandarların qışlama üçün istifadə etdikləri müvəqqəti yaşayış məntəqəsi olub, sonralar isə Bakı-İrəvan dəmiryol xətti ərazidən keçdiyi üçün buraya Başbaşı dəmiryol stansiyası adı verilib. “Başbaşı” adı tədqiqatçılar tərəfindən “təpənin başı”, “təpənin üstü” mənasında açıqlanır. Yerli əhali isə buraya təpələrin bitkisiz , çılpaq olduğuna görə Bozbaşlı adını verib. Odur ki, Başbaşı adı Bozbaşlı sözünün canlı danışıq dilindəki variantıdır. 

Doğrudan da, ərazi Araz çayı boyunca uzanan boz və çılpaq təpələrdən ibarətdir. Bizim isə söhbətimiz ərazi ilə deyil, buradakı dəmir yolu stansiyası ilə bağlıdır. O stansiya ki vaxtilə muxtar respublika ərazisində mövcud olan stansiyalar içərisində adla seçilib. Naxçıvan, Culfa, Şahtaxtı kimi məşhur stansiyalardan fərqli olaraq Başbaşı stansiyasında vaqonlara gündəlik yüklənən yükün həcmi min tonlarla ölçülüb. Və bu yüklərə keçmiş ittifaqın hər yerində ehtiyac olub. Elə bu və bir azdan açıqlayacağım digər amillərə görə Başbaşı stansiyasının adı hər yerdə tanınıb. İndilik isə avtomobil yolu ilə istiqamətimiz bir azdan haqqında bəhs edəcəyimiz Başbaşı stansiyasınadır…

Stansiyaya dəmir yolu ilə deyil, məhz avtomobillə getməyimizin səbəbi Duzdağ istiqamətindən Başbaşıya uzanan dəmiryol xətti haqqında həmsöhbətimdən soruşacaqlarıma həm də əyani cavab almaq idi.
Birinci ondan başlayaq ki, Naxçıvanda magistral avtomobil yolları ilə kəsişən iki dəmiryol körpüsü var. Yəni körpünün üstü qatarların, altı isə avtomobillərin hərəkəti üçün nəzərdə tutulub. Bunlardan biri hazırda Babək rayonunun ərazisində yerləşir ki, vaxtilə bu dəmiryol xəttinin çəkilməsində məqsəd Sirab kəndində istehsal olunan məşhur “Sirab” sularının birbaşa Naxçıvan dəmir yolları vasitəsilə muxtar respublikadan kənara daşımaq olub. Lakin işin müəyyən bir qismi görülsə də, ötən əsrin sonlarında mövcud vəziyyətlə əlaqədar olaraq bu iş dayandırılıb. Digər belə bir körpü isə Naxçıvan-Sədərək magistral yolu üzərində tikilmişdi ki, bu dəmir yolu da, əsasən, Duzdağ istiqamətindən Başbaşı stansiyasına qədər uzanırdı. Ancaq adıçəkilən magistral yol yenidən qurulan zaman körpünün avtomobil yolu ilə arasındakı hündürlük məsafəsi az olduğuna görə sökülməsi qərara alınıb. Çoxları kimi mən də bu dəmiryol xəttindən, əsasən, duz daşınmasında istifadə olunduğunu eşitmişdim. Amma yolboyu bizimlə həmsöhbət olan, hazırda Başbaşı stansiyasının rəisi vəzifəsində çalışan Müseyib Abdinov bildirdi ki, bu dəmir yolunun çəkilməsi duz daşınması üçün nəzərdə tutulmayıb. Düzdür, əvvəllər belə bir layihə nəzərdə tutulsa da, bu, mümkün olmayıb. Çünki duz mədənlərinə doğru getdikcə relyefin yüksəlməsi 50-60 vaqonluq yük qatarlarının ərazidə hərəkətini məhdudlaşdırdığından sovet dövründə bu dəmir yolu xəttindən nisbətən yaxın məsafəyə hərbi təyinatlı yüklərin daşınmasında istifadə olunub. Müstəqilliyimizin bərpasından sonra isə bu dəmir yolu marşrutunda bir daha yük vaqonları görünməyib. İndi isə qayıdaq Başbaşı stansiyasına.
Başbaşı stansiyası Naxçıvan şəhərindən, təxminən, 12 kilometr cənub-qərbdə yerləşir. Bu stansiyanın yaradılması hələ 1908-ci ildə Culfa-Uluxanlı dəmir yolu xəttinin çəkilməsi zamanına təsadüf edir. Həmin ərazidə əvvəllər dəmir yolu xətti düz Arazın yaxınlığından keçirdi. 1971-ci ildə Araz Su Elektrik Stansiyasının inşası səbəbi ilə Araz çayı boyunca Şahtaxtı kəndinədək 38 kilometr uzunluğunda dəmir yolu xətti, təxminən, 100 metr içəriyə doğru çəkilir. Beləliklə, Başbaşı stansiyası da indi mövcud olduğu yerdə salınır. Həmin dövrdə burada stansiya üçün lazımi infrastruktur binaları tikilir, sərnişinlərin gediş-gəlişi üçün şərait yaradılır. Yəqin düşünəcəksiniz ki, yaşayış məntəqələrindən uzaqda yerləşən bu stansiyadan hansı sərnişinlər istifadə edib? Bu sualı mən də müsahibimə vermişdim. 1982-ci ildən dəmiryol sahəsində çalışan Müseyib müəllim dedi ki, Başbaşı stansiyasından sovet dövründə, əsasən, Böyükdüz, Təzəkənd, Xıncab kənd­lərinin sakinləri istifadə ediblər. Xüsusilə bu kəndlərin hərbi xidmətə gedən gəncləri Naxçıvan və Şahtaxtı stansiyaları uzaq olduğundan buradan yola salınıblar. Amma stansiya daha çox burada yüklənən və məhz bu stansiyaya göndərilən malların həcminə görə digərlərindən fərqlənib. Və bu malların içərisində Naxçıvanın təbii sərvəti olan daşduz xüsusi rol oynayıb. Yuxarıda qeyd etdiyimiz kimi, əvvəllər Duzdağa yaxın ərazidən Başbaşıya qədər dəmiryol xətti çəkilib. Ancaq bu xətlə duz daşınmayıb. Ümumiyyətlə, Sovetlər Birliyi yaradılandan Naxçıvandan duzun böyük həcmdə ixracı yalnız dəmir yolu vasitəsilə həyata keçirilib. Məsələ burasındadır ki, mədənlərdən stansiyaya qədər duzun daşınması 1968-1970-ci illərədək yalnız bu, ondan sonra isə digər vasitələrlə olub. Hər iki prosesin canlı şahidi olmuş və 1954-cü ildən dəmir yollarında müxtəlif vəzifələrdə çalışmış Naxçıvan şəhər Qara­xanbəyli kənd sakini 86 yaşlı Rüstəm Quliyev bizimlə söhbətində bildirdi ki, o, uzun müddət Başbaşı stansiyasında malların yüklənməsi sahəsinə nəzarət edib. Dedi ki, Araz çayı üzərində elektrik stansiyası tikilənədək duzun daşınması mədənlərdən Başbaşıya çəkilmiş kanatlar vasitəsilə həyata keçirilirdi. Bu kanatların ayaq dirəklərinin yeri indiyədək qalmaqdadır. Elə Naxçıvan-Sədərək magistral yolundan Başbaşıya dönən avtomobil yolu ilə gəlsəniz, yol kənarlarında, təxminən, 30-40 metrdən bir bu kanatların beton tökülmüş ayaqlıqlarına rast gələ bilərsiniz. Kanatların yükgötürən qovuşları isə dörddayaqlı dəmir dirəklərin üzərinə bağlanmış möhkəm troslar vasitəsilə hərəkət edərək düz stansiyaya qədər gəlir və burada dayanmış üstüaçıq vaqonlara boşaldılırdı. Elektrik stansiyasının tikintisi ilə əlaqədar stansiyanın yeri dəyişdirildikdən sonra hansısa səbəblərə görə duzun kanatla daşınmasına da son qoyulur. Bu kanatlar xeyli müddət baxımsız qalır, onların bəzilərinin söküntüləri su elektrik stansiyası tikilərkən suyun altında qalıb, bəzilərinin ayaq dirəklərinə isə indi də stansiya ərazisində rast gəlinir.
Kanatlardan sonra duzun daşınmasında, əsasən, yük avtomobillərindən istifadə olunub. Bunun üçün Başbaşı stansiyası ərazisində xüsusi bir yer də düzəldilir. Müseyib Abdinov həmin yeri bizə göstərərək bildirdi ki, yüksəklikdə yerləşən bu yerdən avtomobillər yükü birbaşa vaqonlara boşaldarmışlar. Bəs gün ərzində nə qədər yük daşınarmış buradan? Rüstəm dayı deyir ki, bir vaqona 60 ton hesabı ilə nəzərə alsaq, iki günə 50-60 vaqon yüklənirdi. Bu da, təxminən, 3000-3500 ton daşduz deməkdir. Sözün həqiqi mənasında, duz yükü aparan belə vaqonlara isə SSRİ-nin hər yerindən, uzaq Sibirdən belə, sifarişlər gəlirdi. Bir də görürdün, Yakutiyadan sifarişlər gəlib ki, oradakı maralların tələbatının ödənilməsi üçün filan qədər duza ehtiyacımız var. Eyni zamanda buradan xammal kimi göndərilən daşduzun emalı üçün də müxtəlif bölgələrdə sənaye müəssisələri var idi. O müəssisələrdən də daim sifarişlər gəlirdi. Bir sözlə, Naxçıvanın bu təbii daşduzu kimə lazım deyildi ki?
Qocaman dəmiryolçu onu da qeyd etdi ki, Duzdağda müalicəxana yaradıldıqdan sonra bura keçmiş ittifaqın bir çox yerlərindən gəlməyə başladılar. Və onların da əksəriyyəti gəlib Başbaşı stansiyasında düşürdü. Biz isə müalicəxana ilə əlaqə saxlayıb onlara məlumat verir və oradan göndərilən avtobusla xəstələri mərkəzə yola salırdıq.
Başbaşı stansiyası təkcə göndərilən deyil, eyni zamanda bura gətirilən yüklərin həcmi ilə də tanınırdı. Belə yüklər içərisində kənd təsərrüfatı texnikaları və onların ehtiyat hissələri, o cümlədən əkinçilikdə istifadə olunan müxtəlif mineral gübrələr çoxluq təşkil edirdi. Bu da səbəbsiz deyil. Çünki muxtar respublikanın yeganə Maşın Traktor Stansiyası, el dili ilə desək, MTS-i Başbaşının bir addımlığında yerləşirdi. Təxminən, müasir aqrolizinqin funksiyalarını yerinə yetirən həmin stansiyaya Rusiya və digər müttəfiq respublikalardan müxtəlif maşın-mexanizmlər və onların ehtiyat hissələri, gübrələr, qoşqular və sair göndərilirdi.

Bəli, Başbaşı ötən dövrdə məhz belə tanınmış stansiyalardan olub. Ümid edirik ki, bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda dəmir yolları ilə bağlı həyata keçirilən strateji layihələr gələcəkdə Başbaşı stansiyasının da şöhrətini özünə qaytaracaq. Ən azından ona görə ki, duz istehsalında olduğu kimi, ən böyük layihələrdən sayılan Naxçıvan Sənaye Kompleksində istehsal olunan tikinti məhsullarının böyük həcmdə və sərfəli üsulla daşınmasında da bu stansiyanın həmin obyektlərə yaxınlığı ona geniş imkanlar yaradır. Bunun isə bir az zamana ehtiyacı var.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR