23 Dekabr 2024, Bazar ertəsi

İyulun 13-də Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində “Kanal 35” televiziyasının yaradılmasının 15 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov açmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək demişdir ki, ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə mətbuata qayğı ilə yanaşmış, kütləvi informasiya vasitələrinin yaradıcılıq imkanları xeyli artırılmışdır. Ötən əsrin 70-ci illərində sovet rejiminin sərt qadağalarına və senzuranın olmasına baxmayaraq, ulu öndərin milliləşdirmə siyasəti, milli özünüdərkə qayıdış sahəsində həyata keçirdiyi tədbirlər mətbuatı da əhatə etmiş, teleradio və mətbuatda Azərbaycan dilinin istifadə imkanları genişləndirilmiş, xalqımızın milli dəyərlərinin təbliğinə diqqət artırılmışdır. Ulu öndər ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycanda müstəqil mətbuat formalaşmış, senzura ləğv edilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır.

Qeyd olunmuşdur ki, bu gün ölkə Prezidentinin diqqət və qayğısı ilə teleradio və qəzetlərin fəaliyyət istiqamətləri xeyli genişləndirilmişdir. Naxçıvan Muxtar Respublikasında da medianın inkişafı yeni dövrün çağırışları nəzərə alınaraq həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov teleradio və qəzetlərin fəaliyyətini daim diqqətdə saxlayır, onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində kompleks tədbirlər görülür. Muxtar respublika teleradioları dünyada bu sahədə tətbiq olunan ən müasir maddi-texniki bazaya, o cümlədən yayım avadanlıqlarına malikdir. Rəqəmsal və yüksək­keyfiyyətli yayıma keçilməsi, İP televiziyanın tətbiqi, bütün yaşayış məntəqələrində televiziya yayımının təşkil olunması və sürətli internetə çıxış imkanının yaradılması insanların keyfiyyətli informasiya ilə təmin olunmasına imkan verir. Görülən işlər “Kanal 35” televiziyasını da əhatə etmişdir. 2004-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 35 illiyi münasibətilə yaradılmış tele­viziya ötən dövrdə mühüm inkişaf mərhələsi keçmişdir.
Ülvi Hüseynli demişdir ki, ötən dövrdə Ali Məclis Sədrinin qayğısı ilə “Kanal 35” televiziyasının fəaliyyəti də xeyli genişlənmiş, efir vaxtı artırılmış, müasir televiziya avadanlıqları qurulmuşdur. Həmçinin televiziyanın yubileyləri qeyd olunmuş, əməkdaşlar mükafatlandırılmışdır. “Kanal 35” televiziyasının 15 illik yubileyinin ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinin qeyd olunduğu gündə keçirilməsi mühüm əhəmiyyət daşıyır və məsuliyyəti daha da artırır. Ona görə də kollektiv fəaliyyətini bundan sonra da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəyyənləşdirdiyi vəzifələrin icrası istiqamətində qurmalıdır.
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov çıxışında bildirmişdir ki, “Kanal 35” televiziyası 2004-cü ilin 14 iyul tarixində nazirliyin Radio-Televiziya Ötürücü Mərkəzinin nəzdində fəaliyyətə başlamışdır. Ötən dövrdə göstərilən dövlət qayğısı hesabına televiziya müasir avadanlıqlarla təmin olunmuş, kadr potensialı artırılmışdır. İlk yayım dövründən başlayaraq öz fəaliyyətini maarifçilik prinsipləri üzərində quran televiziya muxtar respublika teleməkanında böyük tamaşaçı auditoriyası qazanmışdır.
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova bildirmişdir ki, “Kanal 35” televiziyasının yaradılması muxtar respublika rəhbərinin ulu öndərin əziz xatirəsinə böyük ehtiramının ifadəsidir.
Qeyd olunmuşdur ki, tamaşaçıların elmi dünyagörüşünü, məlumatlılığını artırmaq, milli-mənəvi dəyərlər aşılayan, yeniyetmə və gənclərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edən verilişlərin hazırlanması, əhalinin maarifləndirilməsi “Kanal 35” tele­viziyasının əsas prinsiplərindəndir. Naxçıvan Muxtar Respublikası Tele­viziya və Radio Şurasının televiziya ilə əlaqələri yaradıcılıq əməkdaşlığı şəklində qurulmuş, şura əməkdaşları televiziyanın yaradıcı işinə öz töhfələrini verməyə çalışırlar.
Sonra Televiziya və Radio Verilişləri Redaksiyasının baş redaktoru Elçin Əsədovun, “Naxçıvanın səsi” radiosunun bədii rəhbəri Səriyyə Alməmmədovanın, “Şərq qapısı” qəzetinin şöbə müdiri Səbuhi ­Həsənovun çıxışları dinlənilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 11 iyul tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında televiziya işi sahəsində səmərəli fəaliyyətlərinə görə “Kanal 35” televiziyasının 4 əməkdaşı “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuşdur.
Sonra “Rəşadətli əməyə görə” nişanı əməkdaşlara təqdim edilmişdir.
Təltif olunanlardan Rauf Əliyev əməklərinə verilən yüksək qiymətə və göstərilən etimada görə kollektiv adından Ali Məclisin Sədrinə ­minnətdarlıq etmişdir.
Sonda “Kanal 35” televiziyasının fəaliyyətindən bəhs edən filmə baxış olmuşdur.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR