“Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının üzvləri iyulun 10-da Naxçıvan Muxtar Respublikasına səfərdə olublar. Qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub. Proqramın üzvləri qədim diyarın bir sıra tarixi-mədəni abidələrinə, mədəniyyət, təhsil və səhiyyə ocaqlarına ekskursiya ediblər. Duzdağ Fizioterapiya Mərkəzi də gənclərdə maraqlı təəssürat yaradıb. Sonra onlar Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində, Naxçıvan Müəllimlər İnstitutunda yaradılan müasir tədris şəraiti, ali təhsil müəssisələrinin fəaliyyəti barədə geniş məlumat əldə ediblər.
Qonaqlar Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzində də olublar. Naxçıvan Biznes Mərkəzində nümayiş edilən məhsullar onlarda böyük təəssürat yaradıb. Gənc liderlər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini də ziyarət edib, Döyüş Şöhrəti Muzeyində sərgilənən hərbi texnikalara baxıb, “Görüş yeri” kafesində çay süfrəsi arxasında mədəni istirahət ediblər.
Proqramın üzvləri “Şərq qapısı” qəzetinə müsahibələrində layihənin məqsədi barədə danışıb, Naxçıvanla bağlı təəssüratlarını bölüşüblər.
Nuranə Məmmədova – Yeni Azərbaycan Partiyası Şamaxı Rayon Təşkilatı Gənclər Birliyinin sədri: – Bildiyimiz kimi, bu il ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 ili tamam olur və bu əlamətdar hadisə ilə bağlı keçirilən layihədə iştirak etdiyim üçün özümü çox xoşbəxt sayıram. Bu layihə vasitəsilə xalqımızın dahi rəhbərinin keçdiyi böyük və şərəfli siyasi yola, görkəmli dövlət xadiminin xalqı, milləti üçün gördüyü misilsiz işlərə daha geniş prizmadan baxmağa imkanımız yaranıb, bundan maksimum faydalanmağa çalışırıq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovla görüş zamanı onun ümummilli liderin siyasi fəaliyyəti ilə bağlı dərinməzmunlu çıxışından ulu öndərin Azərbaycan xalqı qarşısındakı, müstəqil dövlətçiliyimizin qorunub saxlanılmasındakı misilsiz xidmətləri ilə bağlı dəyərli tarixi-siyasi faktlar öyrəndik. Bu, hər bir müasir Azərbaycan gənci üçün olduqca əhəmiyyətli məlumatlardır. Muxtar respublika rəhbəri ilə səmimi görüş zamanı biz gənclərə dahi rəhbərin siyasi yoluna sədaqət ruhunda verdiyi tövsiyələr tutduğum yolda çox böyük stimul olacaq. Təbii ki, layihə çərçivəsində Naxçıvana gəlişimiz daha böyük anlam kəsb edir. Ən əsası ona görə ki, ulu öndər məhz bu torpaqda dünyaya göz açıb, gənclik illərini burada keçirib, siyasi fəaliyyətinin Naxçıvan dövrü müstəqillik tariximizdə həlledici rol oynayıb. Tarixi vərəqlədikcə aydın olur ki, uzaqgörən siyasətçinin ürəyi hər zaman Naxçıvanla döyünüb. Burada olduğumuz müddətdə gəzdiyimiz yerlərdə qarşılaşdığımız mənzərələr belə deməyə əsas verir ki, ümummilli liderin Naxçıvanla bağlı görmək istədiyi işlər bu gün reallığa çevrilib. Şəhər başdan-başa abadlığa, gözəlliyə qərq olub, müasir binalarla qədim abidələrin yan-yana dayanması isə bu diyara bir başqa ecazkarlıq gətirir. Səfərimiz zamanı görkəmli dövlət xadiminin adını daşıdığı muzeylə də yaxından tanış olduq, burada nümayiş etdirilən eksponatlara baxdıqca bu dahi şəxsiyyətin keçdiyi möhtəşəm ömür yolu gözlərim önündə canlandı.
Onu da deyim ki, mən ixtisasca bioloq olduğum üçün Duzdağ Fizioterapiya Mərkəzinin özünəməxsus quruluşu, mağaradakı duz layları, yaradılan müalicə şəraiti diqqətimi çəkdi. Öyrəndim ki, burada dünyanın bir çox ölkələrinin ağciyər xəstəliklərindən əziyyət çəkən insanları müalicə alaraq şəfa tapırlar. Təbii ki, bu səhiyyə ocağı Naxçıvanda turizmin inkişafı baxımından olduqca önəmli rola malikdir. Səfərimiz qısa olduğu üçün gələcəkdə Naxçıvana gəlib daha çox yeri gəzmək niyyətindəyəm və inanıram ki, bu xoşbəxtlik mənə nəsib olacaq.
Dağlar Babayev – Mingəçevir Şəhər Gənclər Evinin nümayəndəsi: – Layihənin başlanması xəbərini eşidən kimi mən də dərhal bu layihəyə üzv olmağa cəhd göstərdim və sevinirəm ki, 400 nəfər arasından seçilmişəm. Layihə çərçivəsində ulu öndərin Vətənində olmaq mənim üçün çox qürurverici haldır.
Səfər zamanı görkəmli dövlət xadiminin siyasi məktəbinin layiqli davamçısı olan Ali Məclisin Sədri cənab Vasif Talıbovla görüşümüz, onunla səmimi söhbət yaddaşımdan heç zaman silinməyəcək.
Biz Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksini gəzdikcə məndə burada yüksəkixtisaslı tibbi kadrların yetişəcəyinə əminlik yarandı. Muxtar respublikanın tarixi-mədəni abidələri də olduqca möhtəşəmdir. Möminə xatın türbəsinin görünüşü, üzərindəki həndəsi ornamentlər, burada nümayiş olunan eksponatlar qədim diyarın tarixi keçmişini gözlərim önünə gətirdi. Abidələrin ətrafında yaşıllıqların, istirahət guşələrinin salınması da olduqca heyranedici görünüş yaradır. Küçə və xiyabanlardakı səliqə-sahman, təmizlik də şəhəri gözəlləşdirən əsas amildir. Naxçıvandakı əmin-amanlıq, sabitlik insana müsbət aura bəxş edir.
İsa Bayramov – Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının nümayəndəsi: – Layihə çərçivəsində Naxçıvana gəldiyimə, bu qədim diyarla yaxından tanış olduğuma görə sevincliyəm. Dahi rəhbərin dünyaya göz açdığı bir torpağa ayaq basmaq, oradakı tarixi yerləri gəzmək, həqiqətən, çox qürurvericidir. Səfər müddətində biz ulu öndərin dəyərli irsi, xüsusilə görkəmli dövlət xadiminin Naxçıvanla bağlı gördüyü işlər barədə ətraflı məlumat əldə etdik. Bu mənada, Ali Məclis Sədri ilə görüşümüz çox faydalı oldu.
Səfər zamanı tarixi abidələrə də ekskursiya etdik, açıq səma altında nümayiş olunan daş abidələr mənə bu yerin keçmişi, insanların məşğuliyyəti barədə ətraflı bilgi verdi.
Naxçıvan Biznes Mərkəzində nümayiş etdirilən istehsal məhsulları da olduqca diqqətçəkici idi. Blokada şəraitində yaşayan muxtar respublikanın belə güclü iqtisadi potensiala malik olması məni heyrətləndirdi. Əshabi-Kəhf ziyarətgahına getdiyimdə burada insanların səliqə-sahmana fikir vermələri, bu müqəddəs məkanı təmiz saxlamaları da diqqətimi çəkdi. Bir sözlə, belə ecazkar diyarı görmək mənim üçün çox xoş oldu, əməyi keçənlərə minnətdarlığımı bildirirəm.
Zaur Babayev – ASAN Könüllülər Təşkilatının ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı: – Naxçıvan həm tarixi, həm də təbiətilə Azərbaycanın dilbər guşələrindən biridir. Naxçıvan 5 minillik şəhərsalma tarixinə malikdir. Muxtar respublikadakı tarixi abidələr bu diyarın nə qədər zəngin olduğunun göstəricisidir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 50 illiyinə həsr olunan bu proqram çərçivəsində Naxçıvana səfərimiz fərqli oldu. Ulu öndərin həyatını, siyasi fəaliyyətini daha dərindən öyrəndik. Bu, biz gənclər üçün böyük bir şans və təcrübədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşümüz zamanı muxtar respublika rəhbərinin dəyərli fikirlərini öyrəndik və bu fikirlər bizim gələcək inkişafımız üçün düzgün yol göstərəcək.
Sabir Rüstəmov – “Bakı Gənclər Klubu” İctimai Birliyinin beynəlxalq departamentinin rəhbəri: – Naxçıvanda ilk dəfədir, oluram. Bura qədim, zəngin tarixə malik bir diyardır. Buradakı qonaqpərvərlik məni valeh etdi. Bu gözəl adət Naxçıvanda həm yerli, həm də beynəlxalq forumların keçirilməsinə imkan verib. Azərbaycanın tarixini təbliğ etmək üçün buradan gözəl yer yoxdur.
Muxtar respublikada olan tarixi yerlər əcnəbilərin də diqqətini çəkir və onlar bu diyarın nə qədər zəngin tarixi məkan olduğunu görürlər. Yeri gəlmişkən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovla görüş zamanı da Naxçıvanı beynəlxalq səviyyədə gənclərin əməkdaşlıq mərkəzinə çevirməklə bağlı dəyərli fikirlər səsləndirildi. Bunun üçün muxtar respublikada hər cür şəraitin yaradıldığını və kifayət qədər təcrübənin olduğunu öyrəndik. Layihəyə gəlincə, əsas məqsəd 50 gənci bir araya toplayıb Heydər Əliyev irsini öyrənmək, həmçinin gələcəkdə Azərbaycanı dünya arenasında düzgün şəkildə təmsil etməkdir. Burada gənclər liderlik bacarıqlarının necə olduğunu, eyni zamanda tariximizi də dərindən öyrənirlər. Arzu edərdim ki, hər bir gənc gələcəkdə bu cür layihələrin iştirakçısı olsun. Ali Məclisin Sədri görüş zamanı bizi maraqlandıran sualları cavablandırdı. Bu cavablardan nəticə çıxarmalı, bilmədiyimiz tarixi hadisələri, siyasi prosesləri dərindən öyrənməliyik. Görüş zamanı aldığımız dəyərli tövsiyələr biz gənclər üçün unudulmaz olacaq.
İlahə Həsənova – Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri: – Bu layihə barədə fikirlərim çox yüksəkdir. İlk dəfədir ki, bu qədər geniş və səmimi olan liderlik akademiyasında iştirak edirəm. Buna görə bütün təşkilatçılara, xüsusilə də muxtar respublika rəhbərinə öz minnətdarlığımı bildirirəm. Bizi çox gözəl qarşıladılar, muxtar respublika rəhbəri ilə səmimi görüş bizə çox şeylər öyrətdi. Eyni zamanda Naxçıvanın tarixi və memarlıq abidələri ilə yaxından tanış olduq. Düşünürəm ki, Naxçıvan nəinki Azərbaycanda, hətta dünyada tarixi abidələrin qorunub saxlanılmasına görə tanınan əsas şəhərlərdən biridir.
Nail ƏSGƏROV
Ceyhun MƏMMƏDOV