23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində keçirilən kollegiya iclasını idarənin rəisi Fazil İbrahimov açaraq geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinə 2019-cu ilin birinci yarısında dövlət təşkilatlarından 8-i elektron olmaqla, 43 məktub daxil olub. İdarə tərəfindən isə 20-si elektron olmaqla, 47 məktub dövlət təşkilatlarına göndərilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin 2019-cu ilin birinci yarısında təsdiq edilmiş iş planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası büdcəsinin xərclərinə maliyyə-büdcə nəzarəti tədbir­ləri çərçivəsində idarə tərəfindən 4 müəssisə, idarə və təşkilatlar üzrə təhlil işləri, 7 təşkilat üzrə auditin keçirilməsinə hazırlıqla əlaqədar kənar dövlət maliyyə nəzarəti tədbirinin planlaşdırılması, proqramı və işçi planı hazırlanıb və 5 təşkilatda audit yoxlamaları aparılıb.

2019-cu ilin birinci yarısında həyata keçirilən audit tədbirləri 8845,9 min manat məbləğində vəsaiti əhatə edib. Audit tədbirlərinin əhatə etdiyi büdcə vəsaitlərinin 25,2 faizi mərkəzi icra hakimiyyəti orqanları və 74,8 faizi elm müəssisəsi tərəfindən icra olunub. İdarə tərəfindən aparılan audit tədbirləri ilə 3 təşkilatda 11 min 720 manat vəsait təyinatı üzrə xərclənməyərək büdcə xərclərinin iqtisadi təsnifatının 4 xərc maddəsi əvəzinə 3 xərc maddəsindən ödənilib. Audit zamanı aşkar edilən nöqsanlar barədə maliyyə orqanlarına məlumat verilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*   *   *

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin kollegiya iclasını departamentin direktoru Əkbər Novruzov açıb.
Bildirilib ki, 2019-cu ilin birinci yarım ili ərzində Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə bağlı məlumatların internetdə yerləşdirilməsi və onların yenilənməsi təmin olunub. Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə muxtar respublika ilə bağlı təbliğat materialları daxil edilib. Həmçinin Azərbaycanda və 20-yə yaxın xarici ölkədə fəaliyyət göstərən mehmanxana və tur operatorun elektron poçt ünvanına muxtar respublikanın turizm potensialı ilə bağlı məlumatlar göndərilib.
Qeyd olunub ki, hesabat dövrü ərzində turistlərin məlumatlılığının da artırılması diqqət mərkəzində saxlanılıb. 23 aprel 2019-cu il tarixdə Bakı şəhərində keçirilən 3-cü Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının 5-ci Assambleyasında iştirak edilib və muxtar respublikanın turizm potensialı haqqında forum iştirakçılarına geniş məlumat verilib. Naxçıvanın turizm bölgələrinin tanıdılması məqsədilə Gürcüstanın Batumi şəhərində keçirilən turizm sərgisinə və İranın Ərdəbil şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının keçirdiyi “II Səhiyyə Turizmi Konfransı və Sərgisi”nə təbliğat materialları göndərilib.
Departamentin hamiliyinə verilmiş tələbələrin istehsalat təcrübəsi keçmələri təmin edilib.
Vurğulanıb ki, yaradılan müasir infrastrukturun müsbət nəticəsi olaraq 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 196 min 474 turist gəlib ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur.
Məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Yarım ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən yığıncağı cəmiyyətin direktoru Mahir Əliyev açaraq məruzə edib. Bildirib ki, 2019-cu ilin 6 ayı ərzində Culfa Lokomotiv Deposunda lokomotivlər 194 min 494 kilometr yürüş edib, 59 milyon 860 min ton/kilometr yük daşıyıb. Plan-proqnoza uyğun 4,5 min ton yük vurulması və daşınması nəzərdə tutulduğu halda, faktiki olaraq 140 min 717 ton yük daşınıb. Bu da plan-proqnozda nəzərdə tutulduğundan 31 dəfə artıqdır. Bəhs olunan dövrdə yük dövriyyəsinin həcmi proqnozda nəzərdə tutulan 700 min ton/kilometrə qarşı, faktiki 11 milyon 21 min ton/kilometr olub və proqnoz tapşırıq 15,7 dəfə artıq yerinə yetirilib. Sərnişin dövriyyəsinin həcmi proqnozda nəzərdə tutulan 2,8 milyon sərnişin/kilometrə qarşı, faktiki 2 milyon 909 min sərnişin/kilometr olub və proqnoz tapşırığa 103,8 faiz əməl edilib.
Qeyd olunub ki, proqnozda nəzərdə tutulan 72 min nəfər sərnişin əvəzinə Şərur-Culfa, Ordubad-Şərur yük-sərnişin qatarlarında 83 min 631 nəfər sərnişin daşınıb. Bundan əlavə, cari ilin 6 ayında 87 min 135 kiloqram poçt-baqaj yükünün daşınması həyata keçirilib. Hesabat dövründə dəmir yolunun ayrı-ayrı sahələrində sağlamlaşdırma işləri aparılaraq qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində də bir sıra işlər görüldüyünü diqqətə çatdıran Mahir Əliyev bildirib ki, Ordubad-Culfa sahəsində hərəkət edən yük-sərnişin qatarlarında dartı vasitəsi kimi istifadə olunması məqsədilə ÇME-3 seriyalı yeni manevr teplovozu alınıb.
Sonra məruzə ətrafında çıxışlar olub.

*   *   *

Naxçıvan Tibb Kollecində keçirilən iclası kollecin direktoru Sona Məmmədova açaraq bildirib ki, bu orta ixtisas təhsili müəssisəsi ötən yarım ildə də muxtar respublikanın səhiyyə müəssisələri üçün tibbi kadrların hazırlanması istiqamətində fəaliyyətini davam etdirib. 2018-2019-cu tədris ilində kollecdə 39 qrup, 8 ixtisas üzrə tələbələrin ümumi sayı 712 nəfərə çatıb. Onlardan 420 nəfəri ödənişli əsaslarla, 292-si isə dövlət hesabına təhsil alır.
İxtisaslı kadrların hazırlanması və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi məqsədilə 2018-2019-cu tədris ilində kollecin 24 nəfərdən ibarət müəllim və tələbə heyəti Türkiyə Respublikasının Ankara şəhərindəki Yıldırım Bəyazit Eğitim və Araşdırma Xəstəxanasında təcrübə mübadiləsində olub.
Başa çatan tədris ilində kolleci 13 qrup üzrə 205 məzun bitirib.
Sonda çıxışlar dinlənilib.

*  *  *

AMEA Naxçıvan Bölməsində keçirilən tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bölmə qarşısında duran mühüm vəzifələrdən danışıb.
2019-cu ilin birinci yarısında aparılan elmi-tədqiqat işlərinin nəticələrini diqqətə çatdıran akademik qeyd edib ki, ötən dövr ərzində bölmə əməkdaşlarının 403 elmi əsəri çap olunub. Elmi məqalələrdən 14-nün impakt faktorlu jurnallarda işıq üzü gördüyünü deyən bölmə rəhbəri 46 əməkdaşın respublikada və xaricdə keçirilən 15 beynəlxalq tədbirdə məruzələrlə çıxış etdiyini vurğulayıb.
Bundan əlavə, “Nemətullah Naxçıvani: taleyi və sənəti” məqalələr toplusu çap olunub, “Naxçıvan tarixi mənbələrdə” və “Naxçıvan Duzdağı” kitabları çapa təqdim edilib.
İlin birinci yarısında bölmədə yerinə yetirilən iki respublika səviyyəli qrant layihəsinə yekun vurulub, ikisi beynəlxalq, biri respublika səviyyəli olmaqla, 3 qrant layihənin icrası isə davam etdirilir.
Qurumun beynəlxalq əlaqələrindən söz açan bölmə sədri Türkiyə, İran, Rusiya, ABŞ və Fransanın alim və tədqiqatçıları ilə sıx elmi əməkdaşlığın aparıldığını, bölmə ilə Türkiyənin İqdır Universiteti arasında elmi əlaqələrə dair memorandum imzalandığını bildirib.
Birinci yarım ildə akademik İsmayıl Hacıyevə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” kitabına görə Naxçıvan Muxtar Respublika mükafatı verilib. Bölmənin digər əməkdaş­ları da müxtəlif mükafatlara layiq görülüblər.
Sonda məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR