Şərur Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə 2019-cu ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, 2019-cu ildə də rayonda geniş quruculuq və abadlıq işləri davam etdirilib, istehsal və xidmət sahələrinin, təhsil, mədəniyyət, səhiyyə ocaqlarının tikintisi və infrastrukturların yenilənməsi diqqət mərkəzində olub. Şərur şəhərində Uşaq Xəstəxanasının, Kərimbəyli kəndində tam orta məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının tikintisi və ya yenidən qurulması, Mərkəzi Xəstəxananın əsaslı təmiri başa çatdırılaraq istifadəyə verilib. Hazırda Şərur şəhərində Mədəniyyət Sarayının, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti Şərur rayon filialı üçün inzibati binanın, Mərasim evinin, altımərtəbəli 40 mənzilli yaşayış binasının, Qarxun kəndi ərazisində Daxili Qoşunlar üçün nəzərdə tutulmuş infrastrukturların tikintisi, rayon mərkəzində Təqaüdçülər Klubunun, Mərkəzi Univermağın əsaslı təmiri və yenidən qurulması davam etdirilir. Naxçıvan-Sədərək avtomagistralından Şərur şəhərinə qədər olan, eləcə də şəhərdəki Heydər Əliyev prospektini və 6 küçəni əhatə edən 11 kilometrlik avtomobil yolu da yenidən qurulur.
Bildirilib ki, quruculuq tədbirləri rayonun digər ünvanlarında da aparılır.
Vurğulanıb ki, ümumilikdə, 2019-cu ilin ötən dövrü ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 26 milyon 341,7 manat və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox investisiya yönəldilib. Tikinti quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 4,3 faiz artaraq 25 milyon 633 min manat təşkil edib.
Qeyd olunub ki, ilin ilk altı ayı ərzində 43 milyon 915 min manatlıq, yaxud 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çox sənaye məhsulu istehsal edilib.
2019-cu ilin məhsulu üçün ötən ilin payızında və bu ilin yazında 17 min 115 hektar sahədə əkin keçirilib ki, bunun da 4 min 127 hektarını taxıl sahələri təşkil edir. İlin əvvəlindən indiyədək kənd təsərrüfatı məhsulları istehsalı 2,8 faiz artaraq 16 milyon manata çatıb. Bu prosesdə ailə təsərrüfatlarının rolu böyük olub. Hazırda rayonda 100-dək belə təsərrüfat vardır. Onların fəaliyyətinə hərtərəfli şərait yaradılıb. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi və fiziki şəxslərə 1 milyon 419 min 100 manat dəyərində 71 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlar lizinq yolu ilə güzəştli şərtlərlə satılıb.
Rayonda təhsil, mədəniyyət, səhiyyə, rabitə və digər sahələrdə qazanılan uğurlardan, mövcud nöqsanların aradan qaldırılmasının vacibliyindən danışan Kamal Cəfərov ilin ikinci yarısında qarşıda duran vəzifələrdən də bəhs edib.
Məruzə ətrafında müzakirələr olub.
* * *
Sədərək Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, muxtar respublikamızda geniş vüsət alan tikinti-quruculuq işləri Sədərək rayonunu da əhatə edib. Belə ki, Heydərabad qəsəbəsində 7 mərtəbəli, 48 mənzilli yaşayış binası tikilib istifadəyə verilib. Ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Monitorinq Laboratoriyası fəaliyyətə başlayıb.
Vurğulanıb ki, rayonda payız və yaz aylarında 2472 hektar sahədə taxıl əkini keçirilib. Artıq taxıl biçini yekunlaşmaq üzrədir. Bəhs edilən dövrdə rayonda 365 hektar sahədə tərəvəz, 182 hektarda bostan, 25 hektarda dən qarğıdalı, 25 hektarda günəbaxan, 96 hektarda kartof, 225 hektarda arpa, 38 hektarda paxlalı əkin və 131 hektar sahədə yonca əkilib. 2019-cu ilin yaz əkinləri üçün 580 torpaq mülkiyyətçisinə 505 min 186 kiloqram güzəştli şərtlərlə gübrə verilib.
İcra başçısı bildirib ki, rayon Suvarma Sistemləri İdarəsi tərəfindən bu ilin ilk 6 ayı ərzində 3744 manat dəyərində əsaslı təmir işləri aparılıb. Bu ilin birinci yarısında rayonda yaşıllaşdırma işlərinə də diqqət artırılıb, yolların bərpası və tikintisi istiqamətində də müəyyən işlər görülüb, poçt xidmətlərinin keyfiyyəti yaxşılaşdırılıb. Hesabat dövründə rayon məşğulluq mərkəzində 63 işaxtaran qeydiyyata alınıb və həmin vətəndaşlardan 57-si daimi işlə təmin edilib.
Diqqətə çatdırılıb ki, ilin ikinci yarım ilində rayonun sosial-iqtisadi inkişafı üçün yaradılmış imkanlardan maksimum istifadə edilərək daha yüksək nəticələr əldə olunacaq, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi təmin ediləcək.
Məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi