Görkəmli dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsinin 50 illiyinin qeyd edildiyi bu günlərdə Onun ideyaları işığında inkişaf və tərəqqi istiqamətində yeni-yeni uğurlar qazanan Naxçıvan Muxtar Respublikası özünün yüksəliş dövrünü yaşayır. 30 ilə yaxındır, blokadada yaşayan muxtar respublikanın çətin şəraitdə tərəqqiyə nail olması isə Heydər Əliyev siyasi kursunun təntənəsi, Onun yoluna dərin sədaqətin, böyük əzmkarlığın, yurda bağlılığın ən parlaq nümunəsidir. Bu gün də ulu öndərimizin strateji inkişaf konsepsiyası diyarımızda uğurla davam etdirilir, bütün sahələrdə olduğu kimi, ətraf mühitin qorunması istiqamətində də ardıcıl tədbirlər görülür.
Son illər yaşıllıqların artırılması, flora və faunanın mühafizəsi sahəsində görülən işlər də öz nəticəsini verib. Belə ki, dünyada son 10 il ərzində yaşıllıqların yox edilməsi 62 faiz artdığı halda, biz muxtar respublikada bunun tam əksinin şahidi oluruq. Əgər 1995-ci ildə doğma yurdumuzda yaşıllıqlar ümumi ərazinin 0,6 faizini təşkil edirdisə, bu gün həmin rəqəm 20 faizə çatıb. Bu, naxçıvanlıların iməciliklər yolu, el birliyi və əl birliyi ilə qazandıqları və dünyaya nümunə ola biləcək yüksək nəticədir. Görülən işlərin davamı olaraq iyunun 1-də Naxçıvan Muxtar Respublikasında iməciliklər keçirilib, yaşıllıq zolaqları və meyvə bağlarına aqrotexniki qulluq göstərilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə bağlarına qulluğun davam etdirilməsi barədə tapşırıqlar verib.
İsti yay günlərində əhali istirahətə daha çox ehtiyac duyur. Ona görə də muxtar respublikada mövcud təbii imkanlardan səmərəli istifadə olunur, sakinlərin və turistlərin istirahətinin təşkili üçün müvafiq tədbirlər görülür. Yeni xidmət sahələri və istirahət guşələri istifadəyə verilir, çimərliklər yaradılır.
İyunun 1-də Ali Məclisin Sədri Uzunoba Su Anbarındakı çimərlik zonasına gəlib, mövsümə hazırlıqla bağlı görülən işlərlə maraqlanıb, ərazinin genişləndirilməsi, təmizliyə və təhlükəsizlik qaydalarına əməl edilməsi barədə tapşırıqlar verib.
Yuxarıda qeyd etdiyimiz kimi, muxtar respublikada yaşıllıq sahələrinin ilbəil artırılması, yeni meyvə bağlarının salınması həm də tingçilik təsərrüfatlarının inkişafını zərurətə çevirib. Bu mənada, xüsusilə müxtəlif meyvə və həmişəyaşıl tinglərə, gül və bəzək kollarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi əhəmiyyətlidir. Naxçıvan Yaşıllaşdırma Xidmətinin tingçilik sahəsi üçün yeni kompleksin tikilməsi və “İqlim otağı”nın yaradılması bu sahədə uğurlu nəticələrin əldə edilməsinə yol açacaqdır. İyunun 7-də Naxçıvan Yaşıllaşdırma Xidməti üçün yeni ağacyetişdirmə sahəsi – “İqlim otağı” istifadəyə verilib.
Ali Məclisin Sədri “İqlim otağı”nın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, tələbata uyğun tinglərin və gül kollarının yetişdirilməsi, eləcə də yerli sortlara üstünlük verilməsi və fəaliyyətin genişləndirilməsi barədə tapşırıqlar verib.
Muxtar respublikanın davamlı inkişafını xarakterizə edən amillərdən biri də enerji təhlükəsizliyinin təmin olunması və müasir elektroenergetika infrastrukturunun yaradılmasıdır. Yeni elektrik stansiyalarının istifadəyə verilməsinin və energetika təsərrüfatının müasir tələblər səviyyəsində qurulmasının nəticəsidir ki, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar. Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyasının istifadəyə verilməsi də muxtar respublikada elektroenergetika sisteminin inkişafı sahəsində görülən işlərin davamıdır. İyunun 7-də yeni inzibati bina və yarımstansiya istifadəyə verilib.
Açılış tədbirində iştirak edən Ali Məclisin Sədri inzibati binanın tikilməsində və yarımstansiyanın qurulmasında əməyi olanlara təşəkkür edib, qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb.
Bu gün mühüm strateji tərəfdaş olan, eyni tarixə, eyni dilə, eyni dinə mənsub olan Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr sürətlə inkişaf edir. Ölkələrimiz arasındakı sarsılmaz əsaslara söykənən bu münasibətlərin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır. Xüsusilə muxtar respublika ilə qardaş ölkə arasındakı hərbi əməkdaşlıq məmnunluq doğurur. Keçən ay Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlməsi də bu gün həmin münasibətlərin yüksək səviyyədə olduğunu bir daha göstərir.
İyunun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.
Ali Məclisin Sədri Naxçıvana səfərlə bağlı qəbul etdiyi qərara görə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara hörmət və ehtiramını bildirib, bu tarixi səfəri muxtar respublikanın həyatında mühüm hadisə kimi dəyərləndirib. Söhbət zamanı qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə muxtar respublikada ordu quruculuğu sahəsində mühüm işlər görülür. Ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası gücləndirilməklə yanaşı, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır. İyunun 11-də Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün 44 mənzilli yeni yaşayış binasının, həmçinin hərbçi ailələri və sakinlər üçün yeni istirahət parkının istifadəyə verilməsi də görülən işlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak edib, parkda yaradılan şəraitlə tanış olublar.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimləri keçirilib.
İyunun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov birgə döyüş atışlı taktiki təlimi izləyiblər.
Ali Məclisin Sədri əsgər və zabitləri salamlayıb, onları və tədbir iştirakçılarını birgə təlimlərin uğurla başa çatması münasibətilə təbrik edib.
Sonra təlimdə fərqlənən zabit, gizir və əsgərlər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada sağlam gənc nəslin yetişdirilməsi ilə yanaşı, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır. Çünki gənclərimizin təhsil alması və peşə öyrənməsi, mənzil şəraitlərinin yaxşılaşdırılması ölkəmizin gələcəyinə xidmət edən məsələdir. Bu gün muxtar respublikamızda 457 mindən çox əhali yaşayır ki, onların da 140 mini və yaxud 30 faizdən çoxu gənclərdir. Ona görə də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. İyunun 12-də – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan şəhərində yeni “Gənclər Yaşayış Kompleksi”nin təməlatması olub.
Ali Məclisin Sədri beton qarışığı bünövrəyə töküb, yaşayış kompleksinin təməli qoyulub.
Bu gün muxtar respublikamızda müasir səhiyyə infrastrukturunun yaradılması və yeni xəstəxanaların istifadəyə verilməsi ixtisaslı tibbi kadrların hazırlanmasını zərurətə çevirib. İyunun 14-də – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksinin istifadəyə verilməsi və fakültənin yaranmasının 20 illiyinin qeyd olunması bu istiqamətdə əlamətdar hadisə kimi yadda qalıb.
Ali Məclisin Sədri fakültədə yaradılan tədris şəraiti ilə tanış olub, müəllimlərlə görüşüb, fakültə ilə muxtar respublikanın səhiyyə müəssisələri arasında onlayn tədris mərkəzinin qurulması və aparılan əməliyyatların auditoriyalarda birbaşa izlənilməsi barədə tapşırıqlar verib.
İyunun 14-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin Milli Qurtuluş Gününə və ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyinə həsr edilmiş konserti olub.
Ali Məclisin Sədri konsertə baxıb, konsertdən sonra orkestrin üzvləri ilə görüşüb, onları Milli Qurtuluş Günü və uğurlu konsert münasibətilə təbrik edib.
Ordu quruculuğu sırasında ixtisaslı hərbçi kadrların hazırlanması xüsusi yer tutur. Ali Məclis Sədrinin təşəbbüsü ilə yaranan, diqqət və qayğı ilə əhatə olunaraq mətinlik məktəbinə çevrilən Heydər Əliyev adına Hərbi Liseyin keçdiyi inkişaf yolu və malik olduğu müasir təlim-tədris bazası burada gələcəyin hərbçilərinin yüksək təhsil almalarına hərtərəfli şərait yaradır. İyunun 17-də liseyin 2019-cu il buraxılışı münasibətilə tədbir keçirilib.
Tədbirdə iştirak edən Ali Məclisin Sədri bu münasibətlə liseyin kursant, zabit və müəllimlərini, valideynləri və tədbir iştirakçılarını təbrik edib, əlaçı kursantlara attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.
Son illər istifadəyə verilən yeni inzibati və yaşayış binaları, xidmət sahələri, salınan park və küçələr qədim Naxçıvan şəhərinin simasını tamamilə dəyişib. Əhalinin yaşayışı, məşğulluğu və istirahətinin səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər görülüb, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlayıb. Naxçıvan şəhərinin arxitektura quruluşunu daha da zənginləşdirən növbəti quruculuq ərməğanı isə iyunun 21-də istifadəyə verilən “Saat Meydanı” turistik istirahət mərkəzi olub.
Tədbirdə iştirak edən Ali Məclisin Sədri kollektivə işlərində uğurlar arzulayıb, əməyi olanlara təşəkkürünü bildirib və yaradılan şəraitlə tanış olub.
Muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində görülən işlər öz nəticələrini verir. Mütərəqqi suvarma şəbəkələrinin qurulması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, texnika və gübrə təminatı, istehsal olunmuş məhsulun satışı üçün hərtərəfli şəraitin yaradılması taxılçılığın da inkişafına səbəb olub. İyunun 10-dan etibarən muxtar respublikada taxıl biçininə başlanılıb.
İyunun 25-də Ali Məclisin Sədri “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib, taxıl biçininin gedişi ilə maraqlanıb. Növbəti əkin mövsümündə dəmyə əkininə daha çox üstünlük verilməsi, eləcə də torpaq mülkiyyətçilərinin sifarişlərinə uyğun texnikaların alınıb gətirilməsi barədə tapşırıqlar verib.
Reallıq budur ki, əldə edilən dəqiq statistik məlumatlar istənilən ölkənin, diyarın inkişafı ilə bağlı düzgün qərarların qəbul olunmasına imkan verir. Eyni zamanda düzgün statistik məlumatlar inkişaf göstəricilərini, əhali artımını və buna uyğun olaraq ehtiyatların yaradılmasında mühüm rol oynayır. Bu mənada, statistikanın vacibliyi nəzərə alınaraq “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Dövlət Statistika Komitəsində Statistik Məlumatlar Sistemi yaradılıb. İyunun 27-də sistemin təqdimatı olub.
Ali Məclisin Sədri Statistik Məlumatlar Sistemini işə salıb, illik statistik məcmuənin hazırlanması, qəbul olunmuş dövlət proqramlarının icrası barədə hesabatların təqdim olunması, eləcə də digər müvafiq təşkilatlarda da elektron məlumat sistemlərinin qurulması barədə tapşırıqlar verib.
2019-cu ilin ilk 6 ayı muxtar respublikanın sosial-iqtisadi, ictimai həyatında mühüm hadisələrlə yadda qalıb. Bu dövrdə iqtisadi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artaraq 1 milyard 278 milyon 115 min manat olub. Bu dövrdə muxtar respublikada tikinti və yenidənqurmadan sonra, ümumilikdə, 67 obyekt istifadəyə verilib. 157 obyektin tikintisi və ya yenidən qurulması isə davam etdirilir. Bəhs olunan dövrdə muxtar respublikada 1173 yeni iş yeri açılıb ki, bunun da 99 faizi daimi iş yerləridir.
Muxtar respublikanın inkişafının yüksələn xətt üzrə davam etdiyini göstərən bu və digər əhəmiyyətli faktlar iyunun 28-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında qeyd olunub.
Sessiyada məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “2019-cu ilin birinci yarısının nəticələri onu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət Naxçıvan Muxtar Respublikasında inkişaf dinamikasını qoruyub saxlamışdır. Bu inkişafın davam etdirilməsində və qarşıya qoyulan vəzifələrin icrasında Sizə və muxtar respublika əhalisinə uğurlar arzulayır, çıxışımı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıram: “Biz bütün istiqamətlərdə uğurla inkişaf edirik. Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, tutduğumuz yoldan dönməyəcək və daim irəli gedəcəyik”.
Ali Məclisin Sədri 2019-cu ilin birinci yarısında muxtar respublikanın sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirib.
Bu gün görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvanla bağlı arzuları inamla reallaşdırılır. İldən-ilə, aydan-aya daha da müasirləşən doğma diyarımızda 24 ildir, həyata keçirilən dövlətçilik konsepsiyası çoxkomponentli olmaqla, bütün makroiqtisadi və makrososial sferaların əsas seqmentlərini əhatə edir, quruculuq, idarəetmə sahəsində toplanmış zəngin təcrübə yüksəlişin davamlı xarakter almasını şərtləndirir. Muxtar respublikada aqrar siyasət, sənayeləşmə uğurla reallaşdırılır, ən ucqar kəndlər belə, abadlaşır, şəhərlər daha da inkişaf edir, əhalinin sosial problemləri həll olunur. Bu gün paytaxt Naxçıvan şəhəri Avrasiyanın inkişaf etmiş regional mərkəzləri ilə müqayisə olunur. Əldə edilən nəticələr düzgün siyasi xəttin bəhrəsi olmaqla yanaşı, həm də Rəhbər amilinin real siyasi fəaliyyətdə təsdiqidir. Tarixi şəxsiyyətlərin həyatda qoyduğu iz, keçdiyi şərəfli ömür yolu isə gələcək nəsillər üçün nümunə, yaşadığı dövrün inkişaf salnaməsidir.
Rauf KƏNGƏRLİ