23 Dekabr 2024, Bazar ertəsi

Türkiyənin İqdır Universitetinin təşkilatçılığı ilə bir qrup elm adamının Naxçıvan Muxtar Respublikasına səfəri olub. 25 nəfərə yaxın alimdən ibarət qrup üzvləri Naxçıvan Günəş Elektrik Stansiyasının işi ilə maraqlanıblar.
Burada qonaqlara bildirilib ki, Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyinin təmin olunması dövlətin əsas prioritetləri sırasındadır. Naxçıvanın təbii sərvətləri arasında mühüm yer tutan günəşli günlərin potensialından istifadə olunması məqsədilə qurulmuş bu stansiya ən yeni texnoloji avadanlıqlara və mütərəqqi menecmentə əsaslanır.
Qonaqların diqqətinə çatdırılıb ki, layihə gücü 24 meqavat olan Günəş Elektrik Stansiyası Naxçıvan Muxtar Respublikasının enerji tələbatının 9,3 faizini ödəməkdədir. Ümumilikdə, Naxçıvanda istehsal olunan enerjinin 72,66 faizinin alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilməsi türkiyəli alimlərdə böyük maraq doğurub. Qonaqlar stansiyada tətbiq edilən texnoloji avadanlıqlar, onun iş prinsipi ilə tanış olub, muxtar respublikada enerji təhlükəsizliyi istiqamətində həyata keçirilmiş işlər barədə hərtərəfli məlumat alıblar.

Həmsöhbət olduğumuz Türkiyə Elmlər Akademiyası (TÜBA) rəhbəri, professor Müzəffər Şəkər Naxçıvana ilk dəfə gəldiyini və burada gördüyü gözəlliklərə heyran qaldığını bildirdi. Alim qeyd etdi ki, Naxçıvanda təmiz enerji istehsalı ilə bağlı potensial burada daha böyük perspektivlər vəd edir. O həmçinin Naxçıvanda müalicə turizmi sahəsində də geniş işlər görüldüyünü və buradakı təbii sərvətlərin insan sağlamlığı üçün böyük dəyər daşıdığını vurğuladı. Müzəffər Şəkər bu potensialdan istifadə məqsədilə gələcəkdə iki ölkə arasındakı müştərək elmi araşdırmaların əhəmiyyətini də qeyd etdi.
İqdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma isə söhbətində bildirdi ki, Türkiyənin Naxçıvanla qonşu vilayəti arasında geniş iqtisadi-mədəni əlaqələr vardır. Günəş enerjisindən istifadə sahəsində Türkiyədə də geniş imkanlar olduğunu diqqətə çatdıran rektor qeyd etdi ki, Naxçıvanda belə bir stansiyanın olması onun enerji asılılığının azaldılması və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dünyada vüsət alan modern çağırışlara cavab baxımından ən gözəl tədbirlərdəndir. Qonaq əvvəllər də Naxçıvanda olduğunu qeyd edərək hər səfərində Azərbaycanın bu qədim diyarında yeni gözəlliklər gördüyünü bildirdi.
Qeyd edək ki, qonaqlar səfər çərçivəsində müqəddəs Əshabi-Kəhf ziyarətgahı və Duzdağ Fizioterapiya Mərkəzinə də baş çəkib, Naxçıvan şəhərinin görməli yerləri ilə tanış olublar.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR