Dövlət Miqrasiya Xidmətində keçirilən kollegiya iclasını xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev açaraq geniş məruzə ilə çıxış edib.
Bildirilib ki, bu gün muxtar respublikaya gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı, yaşama icazələrinin verilməsi, vətəndaşlıq məsələlərinin həll edilməsi, eləcə də əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi, miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqi, qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri uğurla həyata keçirilir. Xidmət əməkdaşları muxtar respublikada miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, mexanizmlər əsasında idarə edilməsi üçün səylə çalışırlar.
Qeyd edilib ki, muxtar respublikada insan hüquq və azadlıqlarına daim diqqətlə yanaşılır və qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparılır. Belə ki, cari ilin birinci yarısında miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan 76 əcnəbi aşkarlanıb, həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Qanunvericiliyin tələblərini pozmuş və ölkə hüdudlarından kənara çıxarılması nəzərdə tutulmuş 1 əcnəbi öz ərizəsi əsasında 3 azyaşlı övladı ilə birgə könüllü olaraq xidmətin Qanunsuz miqrantların saxlanılması mərkəzində yerləşdirilib.
Vurğulanıb ki, hesabat dövrü ərzində 4227 müraciət daxil olub. Daxil olan müraciətlərdən 3540-ı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə əlaqədardır.
Bildirilib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq muxtar respublika ərazisində fəaliyyət göstərən sahibkarlarla maarifləndirici tədbir keçirilib. Həmin maarifləndirmə tədbirlərinin əsas məqsədi sahibkarlıq subyektlərinə əcnəbi işçilərin cəlb edilməsi və bu sahədə kadr hazırlığının əhəmiyyətinin artmasıdır. Həmçinin “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikamızda turizmin inkişafı üçün sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələrində sürətli keçidin təmin edilməsi Dövlət Miqrasiya Xidmətinin prioritet istiqamətlərindən birinə çevrilib, bu istiqamətdə də tədbirlər uğurla həyata keçirilir.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi