Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında qarşıya qoyulan vəzifələrin müzakirəsi ilə bağlı keçirilən yığıncağı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova açaraq geniş məruzə ilə çıxış edib. Bildirib ki, muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər 2019-cu ilin birinci yarısında da uğurla davam etdirilib.
Qeyd olunub ki, cari ilin ötən dövründə təsisat fəaliyyətini, əsasən, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq işlərin görülməsi, hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi və insan hüquqlarının müdafiəsi, aid dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurub. Bəhs olunan dövr ərzində insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılıb. Belə ki, Müvəkkilə ünvanlanmış hər bir müraciət araşdırılıb, aid qurumlara sorğular göndərilib və şifahi qəbul zamanı ərizəçilərə hüquqi məsləhətlər verilib. Vətəndaşlar tərəfindən müxtəlif formada daxil olmuş müraciətlərə, həmçinin elektron müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılıb və vaxtında araşdırılıb.
Vurğulanıb ki, cari ilin birinci yarısında Müvəkkil hüquqi maarifləndirmə sahəsində fəaliyyətini, əsasən, müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətlərində davam etdirib. Belə ki, hərbi qulluqçuların, məhkumların və əhalinin digər sosial qruplarının hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə işi diqqət mərkəzində saxlanılıb, təsisat tərəfindən müxtəlif sosial qruplara ünvanlanmış 36 tədbir təşkil edilib.
Hesabat dövrü ərzində Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 27 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 56 başçəkmə həyata keçirilib.
Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yeniləndiyini, qanunvericilik bazasının zənginləşdirildiyini, həmçinin insan hüquqlarının müdafiəsində hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edən Müvəkkil Ülkər Bayramova vurğulayıb ki, cari ilin birinci yarısında Müvəkkilin fəaliyyəti, dövlət orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sahəsində, həmçinin muxtar respublika əhəmiyyətli tədbirlər barədə Ombudsmanın rəsmi internet səhifəsində və digər kütləvi informasiya vasitələrində, ümumilikdə, 251 informasiya materialı işıqlandırılıb.
Müvəkkil qarşıda duran vəzifələrdən də danışaraq diqqətə çatdırıb ki, təsisat tərəfindən insan hüquq və azadlıqlarının etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılacaq, bu sahədə səmərəli hüquqi mexanizmlərin tətbiqi bundan sonra da davam etdiriləcəkdir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2019-cu ilin birinci yarımilliyinə həsr olunmuş müşavirəni xidmətin rəisi, polkovnik-leytenant Daşqın Rəhimov açaraq bildirib ki, cari ilin bəhs olunan dövründə çağırışçıların həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları əsasında gənclərin həqiqi hərbi xidmətə çağırışı təmin olunub. Çağırışın keçirilməsi haqqında nəzərdə tutulmuş tapşırıqlar xidmət tərəfindən tam həcmdə yerinə yetirilib, yanvar çağırışında 265, aprel çağırışında 291 çağırışçı müddətli həqiqi hərbi xidmətə göndərilib.
Qeyd olunub ki, cari ilin birinci yarısında qarşıda duran digər vəzifə çağırışaqədər gənclərin seçilərək sürücülük məktəbinə göndərilməsi olub. Bu ilin ilk altı ayında 124 gəncin sürücülük məktəbinin tam kursunu bitirdikdən sonra sürücülük vəsiqələri ilə təmin edilərək iyul və oktyabr çağırışlarında hərbi hissələrə göndərilməsi nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamının icrası ilə əlaqədar olaraq bu ilin 4 aprel və 21 may tarixlərində Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının tələbələri ilə hamilik tədbiri keçirilib. Həmçinin xidmət Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu ilə birgə aprelin 26-da Gənclər Mərkəzində “Hərbi vətənpərvərlik hissinin gənclərə aşılanmasında gənclər təşkilatlarının rolu və vəzifələri” mövzusunda tədbir təşkil edib.
Xidmət rəisi bildirib ki, hesabat dövründə hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi məqsədilə attestasiyanın keçirilməsi təmin edilib. Bundan əlavə, xidmətin idarə və şöbələri tərəfindən hərbi hissələrin hərbi qulluqçularla komplektləşdirilməsi işi davam etdirilib, ehtiyatda olan hərbi vəzifəlilərdən Əlahiddə Ümumqoşun Orduya 140, Fövqəladə Hallar Nazirliyinə 23, Daxili Qoşunlara 38, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına 44, Ədliyyə Nazirliyinə isə 4 nəfər olmaqla, ümumilikdə, 249 hərbi vəzifəli həqiqi hərbi xidmətə göndərilib.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.
* * *
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində keçirilən yığıncağı giriş sözü ilə müəssisənin direktoru Behruz Əzimov açaraq görülən işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə edib.
Qeyd olunub ki, hesabat dövründə muxtar respublika əhalisinin, idarə, müəssisə və təşkilatların neft və maye qaz məhsullarına olan tələbatını təmin etmək üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Bakı Neft Bazası ilə bağlanmış müqaviləyə əsasən ilin sonunadək muxtar respublikaya 40 min ton A-92 markalı benzin, 120 min ton dizel yanacağı, 20 min ton bitum, 11 min ton mazut, 1200 ton müxtəlif yağlar, 5 min ton maye qaz gətirilməsi nəzərdə tutulub. İlin ilk altı ayı ərzində muxtar respublikaya 15 min 26 ton A-92 markalı benzin, 49 min 817,5 ton dizel yanacağı, 4 min 708,1 ton bitum, 11 min ton mazut, 132 ton müxtəlif növ yağlar gətirilib.
Bildirilib ki, alınan yanacaq muxtar respublikaya İran İslam Respublikasını keçməklə və Bakı-Gürcüstan-Türkiyə marşrutları üzrə daşınır. 2019-cu ilin ilk 6 ayı ərzində Gürcüstan-Türkiyə xətti ilə 11 min 149,9 ton dizel yanacağı və 884,4 ton A-92 markalı avtobenzin, ümumilikdə, 12 min 34,3 ton neft məhsulları daşınıb. İran İslam Respublikasından keçməklə 38 min 549,9 ton dizel yanacağı, 14 min 85,8 ton A-92, 4 min 708,1 ton bitum, 11 min ton mazut, 132 ton müxtəlif növ yağlar, ümumilikdə, 68 min 475,8 ton neft məhsulları gətirilib.
Vurğulanıb ki, müəssisə tərəfindən hesabat dövründə ümumi dövriyyəsi 47 milyon 145 min manat olan 79 min 259,8 ton müxtəlif növ neft məhsullarının satışı həyata keçirilib. Bu da 15 min 299,8 ton avtobenzin, 48 min 743,8 ton dizel yanacağı, 4 min 708,1 ton bitum, 10 min 376,1 ton mazut, 132 ton müxtəlif növ yağlardan ibarətdir. Cari ilin 6 ayı ərzində müəssisə satışdan 484 min manat mənfəət əldə edib.
Naxçıvan Muxtar Respublikasının istilik sistemi olmayan təhsil, səhiyyə, mədəniyyət və turizm müəssisələrində 2018-2019-cu illərin payız-qış mövsümü üçün tələb olunan 159 min 810 litr dizel yanacağı yerlərdə təhvil verilib.
Diqqətə çatdırılıb ki, boruların, nasosların, elektrik avadanlıqlarının saz vəziyyətdə olması daim nəzarətdə saxlanılır və lazımi tədbirlər görülür. Müəssisəyə yanacaq daşıyan avtomaşınlar tam saz vəziyyətdədir, kifayət qədər yanacaq ehtiyatı yaradılıb. İyul ayının 1-nə müəssisənin anbarlarında 1774 ton A-92 benzini, 3 min 737 ton dizel yanacağı, 1490 ton mazut ehtiyatı vardır.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Musiqi Kollecində keçirilən yığıncağı kollecin direktoru Günay Əliyeva açaraq məruzə edib. Bildirib ki, kollecin kollektivi 2018-2019-cu tədris ilinin II yarım ilində iş planında nəzərdə tutulmuş tədbirləri həyata keçirməyə çalışıb.
Vurğulanıb ki, müntəzəm olaraq kollecin istedadlı tələbələrinin konsertləri təşkil olunub. Mart ayının 13-dən 17-dək Bakı şəhərində keçirilən “Testene-Art Baku 2019” III Beynəlxalq incəsənət festival-müsabiqəsində iştirak ediblər. Müxtəlif ölkələrdən 180-ə yaxın iştirakçının qatıldığı müsabiqədə kollecin 9 tələbəsi və 1 müəllimi instrumental ifaçılıq və xalq çalğı alətləri nominasiyaları üzrə yüksək yerlərə sahib olublar, diplomlarla təltif ediliblər. Nağara ixtisası üzrə IV kurs tələbəsi Nəcəf Hacılı isə Qran-Pri mükafatına layiq görülüb və Latviyanın paytaxtı Riqa şəhərində keçirilən beynəlxalq festivalda iştirak etmək üçün vəsiqə qazanıb. O, uğurlu ifasına görə həmin müsabiqənin qalibi olub.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Lira” intellektual yarışmasında Naxçıvan Musiqi Kollecinin 9 komandası iştirak edib.
Qeyd edilib ki, vaxtaşırı musiqi kollecində təhsil alan gənc istedadlı tələbələrlə tanınmış musiqişünasların görüşləri təşkil olunur. Xalq artisti, bəstəkar, professor Tofiq Bakıxanovla, Türkiyə Respublikasında pedaqoji fəaliyyətlə məşğul olan pianist Teymur Şəmsiyevlə Fortepiano ixtisası üzrə təhsil alan tələbələrin görüşləri yaddaqalan olub. Tələbələrin ifaları dinlənilib, onlara lazımi tövsiyələr verilib.
Diqqətə çatdırılıb ki, cari ilin dövlət imtahanına buraxılan 129 tələbənin hər birinin ifaçılıq və bilik səviyyəsi qiymətləndirilib və imtahan komissiyasının qərarı ilə onlara müvafiq ixtisas dərəcələri verilib. Tələbələrdən 9 nəfəri fərqlənmə diplomuna layiq görülüb, 120 məzun isə subbakalavr diplomu alıb.
Məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi