Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində 2019-cu ilin 6 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib. Tədbirdə çıxış edən agentliyin direktoru Samiq Sadıxov bildirib ki, ötən dövr ərzində agentlik tərəfindən icbari tibbi sığortanın tətbiqi diqqət mərkəzində saxlanılıb. Belə ki, agentliyin kadr potensialı formalaşdırılıb, maddi-texniki bazası gücləndirilib, əhalinin sığortalanması prosesi davam etdirilib və müraciət edən şəxslərlə sığorta müqaviləsi bağlanaraq onlara icbari tibbi sığorta şəhadətnaməsi verilib. Keçən dövr ərzində Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar əldə olunmuş uğurlu nəticələrə əsasən icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilərək Şərur rayonunda da tətbiqi ilə bağlı verilən tapşırıqlara uyğun olaraq bir sıra işlər həyata keçirilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 25 yanvar tarixli Sərəncamına uyğun olaraq 1 iyun 2019-cu il tarixdən Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb, Şərur Rayon Mərkəzi Xəstəxanası və Şərur Rayon Uşaq Xəstəxanasına publik hüquqi şəxs statusu verilərək tibb işçilərinin əməkhaqqı əhəmiyyətli dərəcədə artırılıb.
Qeyd olunub ki, Şərur rayonu üzrə iyun ayı ərzində rayon mərkəzi xəstəxanasına və uşaq xəstəxanasına, ümumilikdə, 3462, 2019-cu ilin ilk 6 ayı ərzində Sədərək rayonunda yaşayan əhali tərəfindən tibb müəssisələrinə isə 6222 müraciət edilib. Sədərək və Şərur rayonları üzrə sığortaolunanlara göstərilən bütün tibbi xidmətlərin maliyyələşməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən aparılıb.
Bildirilib ki, icbari tibbi sığortanın əhatə dairəsi genişləndirilərək Kəngərli rayonunda da tətbiqinə başlanılması üçün hazırlıq işləri görülüb. 2020-ci ildən etibarən isə muxtar respublikanın bütün ərazilərində tibbi sığortanın tətbiqi məqsədilə müvafiq hazırlıq işləri həyata keçirilir.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi