Naxçıvanda keçirilən “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfransın iştirakçıları tədbir çərçivəsində əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət edərək ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Konfrans iştirakçıları qədim diyarın bir sıra tarixi-mədəni abidələrini, mədəniyyət və səhiyyə ocaqlarını ziyarət ediblər. Qarabağlar Türbə Kompleksi, Duzdağ Fizioterapiya Mərkəzi, Naxçıvan Duz Muzeyi ilə yaxından tanış olan qonaqlar “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət ediblər.
Beynəlxalq konfransın iştirakçıları “Şərq qapısı” qəzetinə müsahibələrində konfransın əhəmiyyətindən danışıb, Naxçıvanla bağlı təəssüratlarını bölüşüblər.
Yaşar Kurt – Türkiyə Respublikasının Samsun 19 May Universitetinin professoru: – Nemətullah Naxçıvaninin həyat və yaradıcılığı barədə ilk doktorluq işi yazan biri kimi konfransda iştirak etmək mənim üçün çox önəmli hadisə idi. Bu torpağın yetirməsi olan görkəmli alimin təfsiri ilkləri özündə ehtiva edən, “Qurani-Kərim”in bütövlükdə əhatə olunduğu bir təfsirdir. Təxminən, 500 il öncə yazılan təfsirlər içində tam və əhatəliliyinə görə seçilən bu təfsir Naxçıvaninin dövrünün alimləri arasında elm, bilik cəhətdən üstün mövqedə dayandığını deməyə əsas verir. Araşdırmalar nəticəsində görkəmli alimin Türkiyənin bir sıra kitabxanalarında saxlanılan əlyazmalarının tapılması Anadolu coğrafiyasında da həmin əsərlərin geniş kütlə tərəfindən sevilərək oxunmasına sübutdur.
Onu da deyim ki, “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” layihəsi çərçivəsində azərbaycanlı alimlərin Türkiyədəki Ağşəhərə səfərinin təşkil edilməsi, səfər çərçivəsində Türkiyənin Konya vilayətində müştərək beynəlxalq konfrans keçirilməsi görkəmli alimin irsinin dərindən araşdırılaraq öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Təşkil olunan budəfəki konfrans da ortaq dəyərlərə sahib iki qardaş ölkənin daha da yaxınlaşması, alimlərimizin bir araya gələrək fikirlərini qarşılıqlı surətdə bölüşmələrinə imkan verdi.
Sevinirəm ki, konfrans çərçivəsində qədim türk torpağı olan Naxçıvanla da yaxından tanış ola bildim. Bu, mənim qədim diyara ilk gəlişimdir. Səmimi olaraq etiraf edim ki, gözlədiyimdən də daha böyük inkişafla, gözəlliklə qarşılaşdım. Hər tərəfdə əmin-amanlıq gördük. Naxçıvan şəhərinin küçələri, xiyabanları özünəməxsus gözəlliyi ilə könül oxşayır. Xüsusilə tarixi məkanlarda insanların ziyarət etmələri üçün yaradılan şərait, abidələrin ətrafının abadlaşdırılması, yaşıllıqların salınması çox təqdirəlayiq haldır. Səfər zamanı Əshabi-Kəhfi də ziyarət etmək imkanı qazandım və həqiqətən də, belə qeyri-adi quruluşa malik ziyarətgahın hər bir guşəsinədək rahat yolların salınması məni heyran etdi. İndiyədək dünyanın bir sıra ölkələrində belə ziyarət yerlərində, abidələrdə çox olsam da, ancaq etiraf edim ki, Naxçıvandakı qədər təmiz, səliqəli məkanlar rastıma çıxmayıb. Bu qədim türk torpağına gələcəkdə də tez-tez gəlməyi düşünürəm.
Alparslan Kartal – Qars Qafqaz Universitetinin İlahiyyat fakültəsinin hədis bölümünün rəhbəri, doktor: – Öncə bu beynəlxalq konfransda əməyi keçənlərə, bizim üçün yaradılan şəraitə görə öz minnətdarlığımı bildirmək istəyirəm. Konfrans çox yüksək səviyyədə keçdi, qarşılıqlı müzakirələrdə müəyyən nəticələr əldə etdik. Bu torpaqda yetişən görkəmli bir alimin Türkiyənin Konya və Ağşəhər bölgələrində yaşayıb-yaratması, elmi fəaliyyət göstərməsi bizim üçün böyük şansdır. İndi ayaq basdığımız bu diyar bizim ata torpağımızdır, buranın Anadolu ilə əlaqələrinin davamlı olmasını ürəkdən istəyirik. Məhz bu mənada, konfransın əhəmiyyəti olduqca böyükdür. İnanıram ki, konfransın davamı olacaq və görkəmli alimin irsi dərindən öyrənilərək yaşadılacaqdır.
Onu da deyim ki, bu, mənim Naxçıvanla ilk tanışlığımdır. Görməli yerləri gəzdikcə türk torpağının necə qədim köklərə malik sivilizasiya məkanı olduğunu gördük. Bənzərsiz memarlıq üslubunda inşa olunan türbələr, tikililər diqqətimizi çəkdi, hər addımda qarşılaşdığımız mehriban münasibət, qonaqpərvər davranış bizi olduqca məmnun etdi, mədəni dəyərlərimizin birgəliyinə bir daha əmin oldum.
Gülər Qafqazlı – Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru: – Konfrans çox uğurlu keçdi. Türkiyədən gələn alim və tədqiqatçılarla birgə Nemətullah Naxçıvaninin elmi fəaliyyətini daha dərindən araşdırıb öyrənmək məqsədilə fikir mübadiləsi apardıq. Çıxışlarda da qeyd olunduğu kimi, indiyədək görkəmli alimin bir sıra əsərləri hələ də ətraflı tədqiq edilməyib, təbii ki, Naxçıvanın milli-mənəvi dəyərləri sayılan bu əsərləri öyrənmək, qoruyub yaşatmaq biz alimlərin üzərinə düşən mənəvi borcdur. Bölmə iclaslarında Nemətullah Naxçıvaninin irsi, onun irfani fikirləri təhlil olundu. Yeri gəlmişkən onu da deyim ki, mənim iclasın gedişində görkəmli alimin “Qurani-Kərim”dən təfsir etdiyi bir surəni həmin dövrdə yaşayan misirli alim Cəlaləddin əs-Suyutinin təfsiri ilə müqayisəm maraq doğurdu. Hər iki alimin yanaşma tərzlərini müqayisə etdikdə, həqiqətən də, Nemətullah Naxçıvani elminin böyüklüyü bir daha təsdiq olunur. Çünki Naxçıvani “Qurani-Kərim”i təfsir edərkən bütün incəliklərə fikir verib və surələri, ayələri əhatəli şəkildə, aydınlığı ilə elm aləminə təqdim etməyi bacarıb. Ancaq Cəlaləddin əs-Suyutinin təfsirində əhatəlilik, dərinlik nəzərə çarpmır. Bu da qədim Naxçıvan torpağının yetirməsi olan görkəmli alimin üstünlüyünü, elm xəzinəsinə bəxş etdiyi incilərin son dərəcə önəmli, vacib olduğunu göstərir. Nemətullah Naxçıvaninin əsərlərində yer alan incə məqamlara diqqət yetirəndə görürük ki, o müsəlman bir alim kimi təkcə İslama deyil, digər elmlərə də dərindən bələd imiş. Təbii ki, belə dahilər yetişdirən torpaqda olmağımız böyük fəxrdir. Konfransda həmçinin görkəmli alimin bir sıra əsərlərinin də dərindən tədqiq olunması tövsiyə edildi. Biz də çalışacağıq ki, gələcəkdə Nemətullah Naxçıvani irsini öyrənək və ən yüksək şəkildə təbliğ edək.
Bu arada qeyd edim ki, mən Naxçıvana bir neçə dəfə gəlmişəm və hər səfərimdə burada böyük dəyişikliklərin, inkişafın, yeniləşmənin şahidi olmuşam. Blokada şəraitində olmasına baxmayaraq, Naxçıvanda belə yüksək səviyyədə quruculuq, abadlıq işlərinin aparılması çox təqdirəlayiq haldır. Tarixi məkanları seyr etdikcə gözoxşayan füsunkarlıq insanı valeh edir, abidələrin ətrafındakı səliqə-sahman, təmizlik həmin yerlərin qorunmasına, yaşadılaraq gələcək nəsillərə ötürülməsinə hesablanmış məqsədyönlü addımın nəticələridir.
Nail ƏSGƏROV