“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov, Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov, Ədliyyə nazirinin müavini, ədliyyə müşaviri Emin Səfərov, Gənclər və İdman nazirinin müavini Mirməcid Seyidov, Təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Şakir Ağalarov övladının hərbi xidmətə yola salınmasından böyük qürur hissi keçirdiyini bildirib, çağırışçı gənclərə xoş arzularını dilə gətirib.
Çağırışçılar adından çıxış edən Anar Əsədov Vətənə şərəflə xidmət edəcəklərinə söz verib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik-leytenant Daşqın Rəhimov bildirib ki, ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu gün Azərbaycanın, eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini sayıqlıqla qoruyan müasir və güclü ordusu var.
Qeyd edək ki, həmin gün Şahbuz və Sədərək rayonlarında da gənclərin ordu sıralarına yolasalma mərasimləri keçirilib.
Səbuhi HƏSƏNOV