23 Dekabr 2024, Bazar ertəsi

Cari ilin birinci yarısının yekunları ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində keçirilən kollegiya iclasında xidmətin rəisi Namiq Paşayev çıxış edib. O bildirib ki, 2019-cu ilin ilk yarısı ərzində muxtar respublikanın elektroenergetika sisteminin inkişafını təmin etmək məqsədilə qarşıya qoyulmuş vəzifələrin icrası təmin olunub. Belə ki, bu dövrdə muxtar respublikanın elektrik şəbəkələrinə 214 milyon 720 min 701 kilovat-saat elektrik enerjisi daxil olub.
Diqqətə çatdırılıb ki, 2019-cu ilin altı ayı ərzində İran İslam Respublikasına 25 milyon 449 min kilovat-saat elektrik enerjisi verilib, bu ölkədən 16 milyon 470 min kilovat-saat elektrik enerjisi alınıb. Ümumilikdə, 2019-cu ilin altı ayında Naxçıvandakı elektrik stansiyalarında 198 milyon 250 min 701 kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu enerjinin 63,4 faizi su elektrik stansiyalarında, 27,3 faizi istilik elektrik stansiyalarında, 9,3 faizi Günəş Elektrik Stansiyasında istehsal olunub.
Vurğulanıb ki, Kəngərli rayonu ərazisində 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası istismara verilərək Günəş Elektrik Stansiyasının layihə gücü 24 meqavata çatdırılıb, Ordubad rayonu ərazisində Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikinti işləri davam etdirilməkdədir.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə yeni layihələrin həyata keçirilməsi, hami təşkilatlar tərəfindən layihələri dəyərləndirəcək ekspert qruplarının yaradılması, startapların qəbulu və təqdimatlarının keçirilməsi kimi qarşıya mühüm vəzifələr qoyulub.
Sonra məruzə ətrafında çıxışlar­ dinlənilib.

*   *   *

“Naxçıvanqaz” İstehsalat Birliyində “2019-cu ilin I yarım ilində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən iclasda birliyin direktoru Ramin İsmayılov çıxış edərək bildirib ki, ötən dövr ərzində də əhalinin və digər istehlakçıların fasiləsiz, təhlükəsiz təbii qaz təchizatının təmin olunmasına xüsusi diqqət yetirilib.
Qeyd olunub ki, muxtar respublika üzrə təbii qaz istehlakçılarının 1 iyul 2019-cu il tarixə ümumi sayı 89 min 372 olub. Muxtar respublikanın şəhər və rayon ərazilərindən cari ilin 6 ayı ərzində daxil olan müraciətlərə əsasən 502 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb. Cari ilin ilk 6 ayında “Naxçıvanqaz” İstehsalat Birliyi üzrə təbii qazın qəbulu 121 154 349 kubmetr, satışı 116 164 795 kubmetr, toplanan vəsait isə 15 469 252 manat olub.
Vurğulanıb ki, cari ilin birinci yarısında da əhalinin mavi yanacaqla fasiləsiz təmin olunması üçün bir sıra tədbirlər görülüb, təbii qazdan qanunsuz istifadə hallarına yol verməmək üçün nəzarət gücləndirilib. Bundan əlavə, qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların ixtisas hazırlığına cəlb olunması da diqqətdə saxlanılıb. Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin ixtisasartırma kursunu və Ordubad Texniki Peşə və Sürücülük Məktəbində qaz çilingəri kursunu bitirən 48 müdavimə sertifikat verilib, Şərur Texniki Peşə və Sürücülük Məktəbində təşkil edilən qaz çilingəri kursuna 15 işçi cəlb olunub.
Bildirilib ki, Naxçıvan Dövlət Texniki Kollecinin hamiliyə verilmiş ixtisaslarının tələbələri ilə iş birlik tərəfindən diqqətdə saxlanılıb. Eyni zamanda “Naxçıvanqaz” İstehsalat Birliyində layihələrin qəbulunu və dəyərləndirilməsini həyata keçirən “Ekspert qrupu” və ictimai əsaslarla fəaliyyət göstərən “İnnovasiya Mərkəzi” yaradılıb.
Vurğulanıb ki, 2019-cu ilin I yarım ili ərzində muxtar respublikanın şəhər, rayon Qaz İstismar idarələrinin Qəza Dispetçer xidmətlərinə təbii qaz istehlakçıları tərəfindən 7067 çağırış daxil olub. Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə də işlər davam etdirilib, 1 iyul 2019-cu il tarixə cəmi 18805, o cümlədən cari ildə 1280 ədəd qaz sayğacı quraşdırılıb. Hazırda bu sahədə işlər davam etdirilir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR