Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasını giriş sözü ilə nazir Nicat Babayev açıb.
Qeyd edilib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı kompleks məşğulluq tədbirləri davam etdirilib, əmək bazarı təhlil olunub. 1329 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işə göndərilib, 80 nəfər ictimai işlərə cəlb olunub, kənd xidmət mərkəzlərində mövcud olan vakant yerlər üzrə 28 nəfər işlə təmin edilib. Əmək bazarının tələbinə uyğun olaraq təşkil olunmuş peşə kurslarına 178 nəfər cəlb edilib.
Bildirilib ki, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması müxtəlif təsərrüfat sahələrində çalışanlar üçün yeni imkanlar açıb. Ötən dövr ərzində 39 ailənin özünüməşğulluğu təmin olunub. “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” layihəsi, habelə cəzaçəkmə müəssisəsində xalçaçı kursu təşkil edilib.
Vurğulanıb ki, həyata keçirilən nəzarət tədbirləri nəticəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunan 346 işçi aşkar edilib. Əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün işəgötürənlərə xəbərdarlıq edilib, 15 halda isə əməkhaqqının real göstərilməsinə nail olunub. Cari ilin birinci yarısında muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 4,6 faiz artıb.
Qeyd olunub ki, ilk yarım il ərzində 243 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə evlərində, 8 nəfərə isə Ahıllar Evində stasionar sosial xidmət göstərilib, Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 198 şəxsin müalicəsi təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində müvafiq kateqoriyalı 8 nəfərə minik avtomobili, 8 ailəyə isə mənzillər təqdim olunub. Sağlamlıq imkanları məhdud 191 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 236 nəfər texniki reabilitasiya vasitələri ilə təmin edilib, 105 nəfərə protez-ortopediya xidmətləri göstərilib, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil məktəblərinə gedə bilməyən 2 uşaq distant tədrisə cəlb edilib.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib.
Xəbərlər şöbəsi