2019-cu ilin iyun ayının son 15 günü ərzində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul olunmuşdur.
Belə ki, 2019-cu il 20 iyun tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında peşəkar mühasib təşkilatının akkreditasiya olunması Qaydası”nın təsdiq edilməsi haqqında” və “Naxçıvan Muxtar Respublikasında peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar muxtar respublikada peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkilini, imtahanların keçirilməsini və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını, habelə peşəkar mühasib sertifikatının formasını müəyyən edir. Həmçinin Qaydaya əsasən peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestri (bundan sonra – dövlət reyestri) Maliyyə Nazirliyi tərəfindən kağız və elektron daşıyıcılarda tərtib edilir və Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.
Eyni zamanda “Naxçıvan Muxtar Respublikasında sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 noyabr tarixli 73 nömrəli Qərarında dəyişikliklər edilmişdir.
“İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 19 oktyabr tarixli 103 nömrəli Qərarında da dəyişikliklər edilmişdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.