23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Veteranlar Şurasının 2019-cu ilin birinci yarısında gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı nazirlikdə ümumi yığıncağı keçirilib. Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov, nazirlik aparatının aid xidmətlərinin, şəhər, rayon polis idarə, şöbələrinin, ictimai təhlükəsizlik bölmələrinin rəisləri və polis veteranlarının iştirak etdikləri yığıncaqda şuranın sədri, istefada olan polis polkovniki Yusif Həsənovun hesabat məruzəsi dinlənilib.
Şura sədri bildirib ki, 2018-ci ilin oktyabr ayında keçirilən ilk ümumi yığıncaqdan və nazirliyin Veteranlar Şurasının yaradılmasından sonra ərazi polis orqanlarında yığıncaqlar keçirilib, Veteranlar şuraları yaradılıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 2018-ci il 30 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının fəaliyyətinin təşkilinə dair Əsasnamə”yə uyğun olaraq şura daxili işlər orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində veteranların təcrübəsindən istifadə edir.
Məruzə ətrafında müzakirələrdə çıxış edənlər muxtar respublikada polis veteranlarına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Yığıncağın qərar layihəsi oxunduqdan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri, ­general-leytenant Fazil Ələkbərov çıxış edib. O bildirib ki, Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən ulu öndər yoluna sədaqət və dəqiq düşünülmüş idarəetmə sistemi nəticəsində möhkəm təməllərə söykənən sosial-iqtisadi inkişaf və əmin-amanlığa nail olunub.
Vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də muxtar respublikamız əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ölkə­də ən təhlükəsiz və sabit yerlərdən biri olaraq qalır.
Nazir deyib ki, Naxçıvanda dövlət siyasətinin əsas hədəflərindən biri olaraq gənclərin səmərəli məşğulluğunun təmin edilməsi, onlarla ideoloji işin aparılması, vətənpərvərlik hisslərinin yüksəldilməsi və gənc nəslin vahid dövlət ideologiyası ətrafında birləşdirilməsi prioritet məsələ kimi qarşıya qoyulub, aktiv gənclərin fəaliyyəti muxtar respublikanın təbliğatına, milli-mənəvi dəyərlərin yaşadılmasına və onların zərərli vərdişlərdən, neqativ ünsürlərdən qorunmasına yönəldilib.
Qeyd olunub ki, muxtar respublikada insan amilinə göstərilən ən yüksək qayğının tərkib hissəsi olaraq gənclərlə yanaşı, veteranlar, o cümlədən dövlət orqanlarından təqaüdə çıxanlar da dövlətimiz tərəfindən ciddi himayə olunurlar.
Nazir diqqətə çatdırıb ki, muxtar respublikada yaşayan müxtəlif kateqoriyalardan olan veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə ediliblər.
Hər il olduğu kimi, 2019-cu il may ayının 9-da veteranların sosial­ rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən növbəti tədbir bunun bariz nümunəsidir. Həmin tədbirdə bir qrup veterana və sosial himayəyə ehtiyacı olan şəxslərə minik avtomobilləri verilib.
Muxtar respublikada veteranlarla aparılan məqsədyönlü işin başlıca tərkib hissələrindən birini də daxili işlər orqanlarının polis veteranları və təqaüddə olan sabiq polis əməkdaş­ları ilə aparılan iş təşkil edir.
Vurğulanıb ki, son dövrlər Daxili İşlər Nazirliyi sistemində həyata keçirilən struktur islahatların tərkib hissəsi olaraq polis-vətəndaş həmrəyliyinin bərpasına və ictimaiyyət arasında daxili işlər orqanlarının nüfuzunun qaldırılmasına səbəb olub.
“Azərbaycan Respublikası ­Daxili­ İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli Sərəncamı polis veteranlarını da əhatə etməklə onların maddi vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərin növbəti mühüm mərhələsi olub.
Nazir deyib ki, muxtar respublikada veteranlarla aparılan iş Ali Məclisin Sədri cənab Vasif Talıbovun xüsusi nəzarəti, diqqət və qayğısı ilə əhatələnib və veteranlarla aparılan işin səmərəliliyini artırmaq aidiy­yəti dövlət orqanlarının qarşısına əsas vəzifələrdən biri kimi qoyulub. Polis veteranları da bu vəzifələrin layiqincə yerinə yetirilməsində öz köməkliklərini əsirgəmirlər.
Nazir tapşırıq və tövsiyələrini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb, 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə polis veteranlarını və polisləri təbrik edib, onlara cansağlığı, uzun ömür arzulayıb.
Sonra general-leytenant Fazil Ələkbərov polis veteranlarına mükafatlar təqdim edib.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR