Naxçıvan Dövlət Universitetində 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Rektor qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. 2016-cı ilin Aprel döyüşləri, 2017-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər daxil olmaqla, 11 min hektar ərazinin Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edilməsi Azərbaycan Ordusunun gücünün və qüdrətinin göstəricisi kimi dəyərləndirilib.
Universitetin Bədən tərbiyəsi və idman kafedrasının müəllimi Nazim Həsənov “Ulu öndər Heydər Əliyev və ordu quruculuğu” mövzusunda çıxışında bildirib ki, ölkədə peşəkar ordu quruculuğunun əsası 1993-cü ildə qoyulub. Ordu quruculuğu sahəsində ulu öndərin strateji siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Tədbirdə tələbələr vətənpərvərlik mövzusunda şeirlər bədii qiraət ediblər. Sonda “Heydər Əliyev irsində hərb tarixi” adlı sənədli film nümayiş olunub.
Səadət ƏLİYEVA