23 Dekabr 2024, Bazar ertəsi

Güclü ordu müstəqilliyimizin, ərazi bütövlüyümüzün, sülh və əmin-amanlığın əsas təminatçısıdır. Bu gün müasir və qüdrətli milli ordusu formalaşan ölkəmizin ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu tədbirləri uğurla davam etdirilir. Əlahiddə Ümumqoşun Ordunun birləşmələrinin maddi-texniki bazası gücləndirilir.

Muxtar respublikada yerləşən ordu, birləşmə və hissələrdə xidmət edən hərbi qulluqçular lazımi sosial­-məişət şəraiti ilə təmin olunur və onların mənzil şəraitlərinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə hər il yeni xidməti yaşayış binaları tikilir, zabit-gizir ailələrinə mənzillər verilir. Göstərilən diqqət və qayğı hərbi qulluqçuların nümunəvi xidmət etməsinə şərait yaradır.
İyunun 11-də Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binasının istifadəyə verilməsi sada­lananları bir daha təsdiq edir. 5 mərtəbəli, 44 mənzilli yaşayış binasında iki, üç və dörd­otaqlı mənzillərdə bütün kom­munal-məişət şəraiti yaradılıb, fərdi istilik sistemi qurulub. Mənzillər mebel dəstləri və məişət əşyaları ilə tam təmin olunub. Bununla yanaşı, binanın həyəti də abadlaşdırılıb, istirahət köşkü istifadəyə verilib.

Biz də 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində yeni evlə təmin olunan hərbi qulluqçuların sevincini bölüşmək üçün Qıvraq qəsəbəsinə üz tutduq.
İlk olaraq mənzillə təmin olunmuş hərbi qulluqçulardan əslən Qəbələ rayonundan olan kapitan Qeyrət Abdullayevin qonağı olduq. Söhbət zamanı evin xanımı Vüsalə Abdullayeva yeni evlərinin ilk qonağının biz olduğumuzu bildirdi. O dedi ki, artıq 8 ildir, Naxçıvanda yaşayır və bir qız övladı var. Ötən illərdə yoldaşının muxtar respublikamızın fərqli bölgələrində xidmət etməsinə baxmayaraq, hərbçi ailəsi olaraq onlara daim qayğı göstərilib, sosial­-məişət şəraiti daim diqqət mərkəzində saxlanılıb.
Vüsalə xanım onu da deyir ki, düzdür, harada yaşamağımızdan asılı olmayaraq, yoldaşımın işi ilə əlaqədar günlərlə, həftələrlə evinə gələ bilməməsinə görə hər dəfə nigarançılıq keçiririk. Buna baxmayaraq, evimizdə gecələr rahat yatırıq. Çünki bilirik ki, sərhədlərimiz etibarlı şəkildə qorunur. Kəngərli rayonunda istər təhsil, istərsə də səhiyyə müasir formada qurulub, bütün bunlar bizim firavan yaşamağımıza şərait yaradır. Yaşadığımız bölgənin sakinləri o qədər səmimi və mehribandırlar ki, mən özümü doğma rayonumdakı kimi hiss edirəm. Bura mənim üçün o qədər əzizdir ki, sanki burada doğulub, böyümüşəm.
Kapitan Qeyrət Abdullayev isə söhbət zamanı bildirdi: – Mən muxtar respublikada xidmət etdiyim müddətdə hərbi qulluqçuların məişət şəraitinin daim diqqət mərkəzində olduğunu görmüşəm. Bu gün Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində yeni əsgər yataqxanalarının, tibb məntəqələrinin, təlim-tədris mərkəzlərinin, hərbi şəhərcik­lərdə yeni yaşayış binalarının tikilməsi və məişət avadanlıqları ilə təchiz olunması buna bariz nümunədir. Mən və mənim kimi burada xidmət edən hərbi qulluqçular öz ailələrinin məişət şəraitindən, övladlarının təhsilindən, tibbi və sosial xidmətlərdən razılıq edirlər. Bu da bütün hərbçilərin məsuliyyətini daha da artırır. Söz veririk ki, göstərilən diqqət və qayğını öz nümunəvi xidmətimizlə doğruldacağıq.
Söhbət zamanı ailənin qız övladının sevincdən evdə dəcəllik etməsi və bizi otaqlarla tanış etmək istəyi də gözümüzdən yayınmadı. Bu sevincə biz də qoşulub onunla birgə ailənin əlverişli mənzil şəraiti ilə tanış olduq.
Cəbrayıl rayonundan olan Şəmmədovlar ailəsi isə 3 ildir ki, Naxçıvanda yaşayır. Onlar Şahbuz rayonundan sonra xidməti zərurətlə əlaqədar Kəngərli rayonuna köçürülüblər. Burada xidməti mənzillə təmin olunublar. Evin xanımı Ülviyyə Şəmmədovanın dedikləri:
– Hərbçi ailəsi olmaq mənim üçün izah edə bilməyəcəyim bir xoşbəxtlikdir. Çünki bu çətin, çətin olduğu qədər də şərəfli yolun yolçularından biriyəm. Bu məsuliyyətli adı daim layiqincə daşımağa çalışıram. İki övladım var, burada bizim yaxşı yaşamağımız üçün hər cür şərait yaradılıb. Məktəbimiz də, uşaq bağçası da müasir səviyyədədir.
Söhbətimizə qoşulan kapitan Loğman Şəmmədov isə qeyd etdi ki, dövlətimizin ərazi bütövlüyünü qoruyan hərbçi ailələri üçün yaradılan şərait, zabit-gizir ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətimizin öz ordusuna, onun zabitlərinə və ailələrinə göstərdiyi qayğının daha bir ifadəsi, dövlət-xalq-ordu birliyinin nəticəsidir. Vətənə ləyaqətlə xidmət edən əsgər və zabitlər daim diqqətdə saxlanılır. Bütün bunlar hər birimizdə qürur hissləri ilə bərabər, əminlik də yaradır.
Bu gün hərbçi ailələr ilə söhbətimiz zamanı bir daha şahidi olduq ki, muxtar respublikamızda hərbçi ailələrinin rahat yaşayışının təmin olunması istiqamətində zəruri tədbirlər görülür. Hər bir hərbçi ailəsi dövlətin qayğısını öz üzərində hiss etməklə xoşbəxt gələcək vəd edən sabaha inamla baxır. Çünki onlara yaradılan şərait bu inama daha çox güc verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir zabitin həyatında mənzilin çox böyük önəmi vardır. Çünki ailə­sinin rahat yaşayışının təmin olunması zabitin xidmətinin uğurlu olmasında başlıca şərtdir. Dövlətimiz xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların əməyini daim yüksək qiymətləndirir. Xidmət zamanı onlar hər­tərəfli qayğı ilə əhatə olunur, eyni zamanda 20 il qüsursuz xidmət edənlərə dövlət tərəfindən mənzil­lər verilir, digər güzəştlər tətbiq olunur. Bütün bunlar isə imkan verir ki, zabitlər öz xidmətlərini uğurla apararaq ordumuzun güclənməsinə töhfə versinlər”.

 Pərviz HACILI

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR