Bu gün muxtar respublikamızda onlarla nümunəvi ailələrimiz var. Bu ailələr arasında hansısa bir sahədə fərqlənənlər də var, ömrünü bir sənətə həsr edib, onu ailəlikcə yaşadanlar da. İstehsalat təcrübəsi ilə seçilənlər də var, əməyi ilə böyük uğurlara imza atanlar da. Elə nümunəvi ailələrimiz də var ki, bu ailələr Vətən torpağı uğrunda canlarından keçən şəhidlərimizin ailələridir ki, onların vətənpərvərliklə dolu həyat yolları hər kəs üçün örnəkdir.
Silahlı Qüvvələr Günü ərəfəsindı belə ailələrdən birinə yollanıb, onun ocağının işığını yandıran yadigarları ilə görüşüb söhbətləşməyi mənəvi borc bildik. Bu, Culfa rayonunun Camaldın kəndinin igid oğlu, bu gün şəhidlik zirvəsindən məhəbbətinə doymadığı Vətənini və ailəsini seyr edən Mirəyyub Seyidovun ailəsi oldu.
Mirəyyub 1966-cı ildə anadan olub. Camaldın kənd orta məktəbində səkkizinci sinfi bitirəndən sonra rayondakı texniki peşə məkəbində dülgərlik peşəsinə də yiyələnib. Əsgəri xidmətini Rusiyada başa vurub, doğma Vətəninə qayıtdıqdan sonra Culfadakı istehsalat kombinatında fəhlə kimi işə başlayıb. Böyük məsuliyyəti, işə can yandırması ilə müəssisə kollektivinin dərin hörmətini qazanıb. Daha sonra isə əmək fəaliyyətini Culfa Rayon Polis Şöbəsində polis serjantı kimi davam etdirib. Sərhədlərimizin təhlükədə olduğu bir vaxtda Mirəyyub burada da fəallıq, canıyananlıq nümayiş etdirib. Gecə-gündüz ona tapşırılan işlərin öhdəsindən layiqincə gəlib, hansı posta göndərilibsə, canla-başla gedib, üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirib. Şərurda, Sədərəkdə erməni hücumlarının qarşısının alınmasında iştirak edib. 1990-cı ildə xüsusi təyinatlı polis nəfəri kimi Sədərəkdə gedən qızğın döyüşlərdə iştirak edib, böyük şücaətlər göstərib. 1992-ci ilin 23 iyununda Sədərək uğrunda gedən döyüşlərdə şəhid olub.
Cəmi üç il birlikdə yaşadığı Süsən xanım onun yoxluğu haqqında böyük ürək yanğısı ilə danışır: – Mirəyyubun qəlbi Vətən sevgisi ilə dolu idi. O həm də çılğın təbiətli insan idi. Ermənilərin torpaqlarımıza göz dikməsini çox böyük əsəb və gərginliklə qarşılayırdı. Bu barədə danışanda gözləri sanki qan çanağına dönürdü. İşində isə məsuliyyətli insan idi. Üç il birgə yaşadığımız dövrdə evdə uşaqlar körpə olduqları üçün tez-tez problemlər yaranırdı. Mən bu problemləri yaxın qohumlarla həll edirdim. Mirəyyub isə ona tapşırılan işi yerinə yetirməyincə evə qayıtmazdı. Elə buna görə də daim çalışdığı kollektivin rəhbərliyi tərəfindən əməyi qiymətləndirilirdi. İndi Culfa şəhərində bir küçə və Mirəyyubun təhsil aldığı Camaldın kənd tam orta məktəbi onun adını daşıyır.
Süsən xanıma eşitdiyim andan məni çox mütəəssir edən, həm də səhərdən bəri onun yaralarının qaysağını qoparacağından ehtiyatlandığım sualımı birtəhər, çəkinə-çəkinə verdim: – Süsən xanım, evliliyinizin 3-cü ildönümü günü həyat yoldaşınızı itirmək…
– Həmin gün özüm də geyinib kecinmişdim, uşaqların da təzə pal-paltarlarını geyindirmişdim. Səhərdən axşamadək mətbəxdə onun sevdiyi yeməklərdən hazırlayıb süfrə açmışdım. Mirəyyubun yolunu gözləyirdim. Bilirdim ki, gec də olsa, gələcək, çünki həmin günə çox dəyər verirdi. O, hökmən gecəyarı da olsa, gəlib həmin günü bizimlə birgə qeyd etməli idi. Saatlar ötür, o isə gəlmirdi ki, gəlmirdi. Axşam saat 9-10 oldu. Uşaqlar yuxuladılar. Onları yerlərinə qoydum. İçimə qəribə bir narahatlıq doldu. Bilirdim ki, həmin günlər cəbhədə vəziyyət yaxşı deyildi. Ermənilər Naxçıvanla bütün sərhədboyu ərazilərdə münaqişələr yaradır, kəndlərimizə basqınlar edirdilər. Sən demə, mən onun yolunu gözlədiyim anlarda o yaralanıb, qanlar içərisində həyatla mücadilə edirmiş. İnanın, məndə belə bir hiss yaranmışdı ki, sanki indicə onunla bağlı nə isə eşidəcəyəm. Saat 12-yə yaxınlaşır, mən isə təlaş içərisində evdə gəzişirdim. Birdən qapı döyüldü. Qohumlarımızdan iki nəfər Mirəyyubun yaralandığı xəbərini gətirmişdi. Ürəyimə gələn başıma gəldi, – deyib, əllərimi dizlərimə çırpdım. Birazdan evliliyimizin 3-cü ildönümü “hədiyyəsini” qapımıza gətirdilər. Bu, Mirəyyubun susqun və soyuq cənazəsi idi. Sevdiyim insanın bir ömür gözlərimin önünə həkk olan və hər dəfə xatırladığımda mənə əzab verən görüntüsü idi. Bunun acısını isə təsəvvür etməyə söz yetməz...
Həmin gündən etibarən sevinc tariximiz olan 23 iyun həyatımızda öz yerini kədərə verdi. Artıq illərdir ki, o günü ailə qurduğumuz gün kimi deyil, həyat yoldaşımın, övladlarımın atasının şəhid olduğu gün kimi anıram.
Mirəyyub şəhid olan vaxt qızları Könül yaşyarımlıq, oğulları Mirqafar isə 10 aylıq imiş. Atalarının üzünü xatırlamayan, xasiyyətini, xarakterini bilməyən bu bacı-qardaşın analarından və yaxınlarından dinlədikləri söhbətlər əsasında qəlblərində bir ata heykəli qurulub. Övladlarının dediklərindən: – Atamız hündürboy, enlikürək, gursaçlı olub. Dostları və iş yoldaşlarından onun həmişə çox vətənpərvər, cəsarətli, igid bir insan olduğunu eşitmişik.
Süsən xanım 1992-ci ilin 23 iyunundan iki körpəsini tək böyütmək məcburiyyətində qalıb. Hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarını minnətdarlıqla qeyd edən bu ana göstərilən dəstəklə, bir də yaxınlarının köməkliyi ilə övladlarını boya-başa çatdırdığını deyir. Süsən xanım uşaqlarına gözəl tərbiyə verib. Onların hər ikisi təhsil alıb. Könül musiqi müəllimidir. Ailə qurub, iki övladı var. Mirqafar isə ali təhsilli iqtisadçıdır. O, atasının yolunu davam etdirir. Culfadakı “N” hərbi hissədə çalışır, böyük övladına da atasının adını verib. Ötən il qələbə sevincini yaşadığımız Günnüt kəndinin azad olunmasında Mirqafarın da əməyi olub. O deyir: – Atamla qürur duyuram. Buna görə də onun torpaqlarımızın azad olunması ilə bağlı arzularının davamçısı olmaq istədim. Söz yox ki, bütün şəhidlərimizin bir gün arzuları reallaşacaq, ruhları sevinəcək. O gün uzaqda deyil. Azad olunan torpaqlarımız Lələtəpə, Cocuq Mərcanlı, Günnüt kimi bir gün də Kərki, Qarabağ, Şuşa, Laçın erməni qəsbkarlarından geri alınacaq. Buna dövlətimiz hazırdır. Hər il iyunun 26-da Azərbaycan Milli Ordusunun yaranması günündə keçirilən paradda dövlət başçısı, Ali Baş Komandanımız cənab İlham Əliyevin çıxışında söylədiyi fikirlər, paradda nümayiş olunan müasir texnikalar, bu yaxınlarda Türkiyə Silahlı Qüvvələri ilə birgə keçirilən döyüş atışlı təlimin möhtəşəmliyi də o günün lap yaxında olacağından xəbər verir.
Süsən xanım Culfa Rayon Rabitə İdarəsində çalışır. Əməksevər bu qadın gözəl ana, həm də qayğıkeş qayınanadır. Gəlini də övladları kimi onun qürurundan ağızdolusu danışır. İndi o, oğlu, gəlini, bir də böyüyü həyat yoldaşı Mirəyyubun adını daşıyan iki oğlan nəvəsi ilə dövlətimiz tərəfindən Culfa şəhərində onlara verilmiş mənzildə Vətən torpaqları uğrunda canından keçmiş bir şəhidimizin çırağını yandırırlar. Bu çıraqdan Culfa şəhərinə süzülən işıq isə hər kəsin qürur hissi duyduğu şəhid Mirəyyub Seyidovun ocağının ünvanını bəlli edir. O ünvan ki daim yad ediləcək, qürur mənbəyimiz olacaq.
Şəhid ocağından ayrılıram. Yolboyu ailə üzvlərinin hər birinin 27 il öncəki itkilərini böyük yanğı hissi ilə yada salmalarını, eyni zamanda onunla fəxr etdiklərini xəyalımda canlandırıram. Süsən xanımla söhbətim zamanı ona da söylədiyim fikirləri yenidən xatırlayıram: Yüzlərlə şəhidimiz var ki, toysuz-büsatsız, övladsız dünyalarını dəyişiblər, nakam, qısacıq bir həyat yaşayıblar – İlhamla Fərizə kimi. Onlardan fərqli olaraq bu gün Mirəyyubun ocağının işığını yandıranlar – Mirqafarla Könül və dörd gül nəvən sənin təsəllilərin deyilmi?..
Mətanət MƏMMƏDOVA