Gözəl bir yaz səhərində Culfa-Boyəhməd marşrutu istiqamətində yola çıxdıq. Yolboyu müasirliyə qovuşmuş kəndlər bir-birini əvəz edirdi. Gördüyümüz mənzərələr qəlbimizdə isti duyğular yaradırdı. Bu gün Culfa rayonunun hansı guşəsinə üz tutsaq, bu cür təəssüratları yaşayır, sevinc hissləri keçiririk. Ona görə ki, ötən dövr ərzində bu yaşayış məntəqələrində həyata keçirilən quruculuq işləri, yaşıllaşdırma tədbirləri insanların yaşam tərzini kökündən dəyişdirib, evlərə firavanlıq gətirib.
Belə abadlaşan kəndlərdən biri də Əbrəqunusdur. Burada maşından enirik. Bir zamanlar rayon mərkəzi olan bu kənd rayonumuzun sosial-iqtisadi və mədəni inkişafında mühüm rola malikdir. Kəndin mərkəzində yerləşən yeni tikililər buraya əsl qəsəbə görkəmi verib. İlk rastlaşdığımız kənd ziyalısı Musa Quliyevlə söhbətləşirik. Əbrəqunusun dünənindən, bu günündən söhbət salırıq. O deyir ki, bu kənd vaxtilə, daha doğrusu, 1925-1930-cu illərdə 30 kəndi əhatə edən dairə mərkəzi, sonra isə 19 il rayon mərkəzi olub.
Musa müəllim Əbrəqunusun indiki dövründən də maraqla danışır. Söyləyir ki, kəndin müasir görkəmi muxtar respublikada bərqərar olmuş sabitliyin, inkişaf və tərəqqinin ifadəsidir. Tarixin heç bir dövründə Əbrəqunus bu qədər gözəl, abad, gözoxşayan olmayıb. Bir az söhbətləşdikdən sonra həmsöhbətimlə xudahafizləşib yolumuza davam edirik.
Yolboyu Bənəniyar, Saltaq, Göydərə, Əlincə, Qazançı, Milax, Ərəfsə kəndlərindən də keçirik. Bu kəndlərdə maşınımızı saxlayıb yolüstü sakinlərlə hal-əhval tutur, qısa da olsa, onlarla söhbət edirik. Görüşdüyümüz insanların hər biri dövlətimizin onlar üçün yaratdığı müasir şəraitdən, səliqə-sahmandan, yenilənən infrastrukturdan, torpaqların əkilib-becərilməsindən həvəslə danışır, bu rahatlığı bəxş edənlərə minnətdarlıq etməyi də unutmurlar. Söhbətləşdiyimiz Bənəniyar kənd sakini Sabiq Bağırov, Göydərə və Xanəgah kəndlərinin sakinləri İslam Əliyev, Kamal Gülmalıyev, Milax kəndində görüşdüyümüz Zöhrab Quliyev, Rizvan Hüseynov, Hatəm Zeynalov və başqaları son illərdə Əlincəçay boyunca yerləşən kəndlərdə aparılan quruculuq və abadlıq tədbirlərindən həvəslə söhbət açırlar.
Xanəgah kəndində də biz sakinlərlə görüşdük. Kəndin səliqə-sahmanı diqqətimizi cəlb etdi. Kənd ziyalısı Akif Səfərov onlara bəxş olunan quruculuq töhfələrinin göz bəbəyi kimi qorunmasından, burada yaradılan səliqə-sahmandan danışdı. Bildirdi ki, yurd sakinləri, icra orqanları və bələdiyyələr nəinki yaşıllaşdırma tədbirlərinə durmadan öz töhfələrini verirlər, onlar, həmçinin kəndin təmizliyinə də xüsusi diqqət yetirirlər. Çünki sakinlər yaxşı bilirlər ki, bu kənd qədim tarixə və mədəniyyətə malikdir. Xanəgah Abidə Kompleksi, hürufilik təliminin banilərindən olan Fəzlullah Nəiminin məzarı da buradadır. Bu səbəbdən də kəndə xarici turistlər tez-tez gəlirlər. Biz istəyirik ki, onlar həm kəndimizdən, həm də bu abidələrin ziyarətindən dolğun təəssüratlarla qayıtsınlar.
Erkən yazdan əkin sahəsinə çıxan, məhsul bolluğu yaratmağa çalışan Hatəm Zeynalovla isə Milax kəndinin girəcəyindəki əkin sahəsinə gedərkən görüşdük. O bildirdi ki, ötən il qardaşı ilə birlikdə onlara məxsus olan torpaqda xiyar, pomidor, lobya, kartof yetişdirib, bu məhsulları kənd təsərrüfatı məhsullarının satış yarmarkasına çıxarıblar. Hatəm Zeynalovun dediklərindən:
– Əgər torpağın nazını çəkə bilsək, onda istədiyimizi əldə edərik. Bu qiymətli sərvətdən lazımınca faydalanan, torpağı özünə iş yeri hesab edən insanlar yanılmırlar. Bu baxımdan ailə təsərrüfatları yaradanlar çəkdikləri zəhmətin bəhrəsini də görürlər. Onlara dövlət dəstəyi də yetərincədir.
Hatəm Zeynalov sözünə davam edərək kəndin dağlarını göstərib dedi ki, bu yerlərə baharın gəlişi, havaların istiləşməsi onların yaşayışına, mətbəxinə də öz təsirini göstərib. Kəndin qız-gəlinləri bu aylarda dağ pencərləri toplayır, müxtəlif yemək növləri hazırlayır, hətta bazara da çıxarırlar.
Rahat yolları, təbii yaşıllıqları, müasir tikililəri ilə gözoxşayan Ərəfsə və Ləkətağ kəndlərindən keçib Göy dağın ətəyində, Böyükçayın sağ sahilində özünə məskən salmış Boyəhməd kəndinə yol alırıq. Təpənin belinə dolanmış gümüş kəmər kimi bərq vuran asfalt yolla üzüyuxarı qalxdıqca dağ kəndlərinə məxsus harmoniya diqqəti cəlb edir. Göy dağın quzeylərinin qarı güneydə çiçək açmış badamça kollarının xoş təbəssümündən utanaraq əriyir, Böyükçayın şaqraq mahnısına qoşulurdu. Boyəhməddə heyvandarlıq, arıçılıq, meyvəçilik əsas inkişaf etdirilən sahələrdəndir. Ləkətağ kəndindən, təxminən, 5 kilometrədək məsafədə yerləşən bu kəndə çatanda günortadan xeyli keçmişdi. Xidmət mərkəzinin qarşısında ilk rastlaşdığımız Boyəhməd kənd tam orta məktəbinin müəllimi Nizami Yaqubov oldu. Gəlişimizin məqsədini öyrənən Nizami müəllim bizi kənd ağsaqqalları Əmralı Novruzov və Nəsrəddin Quliyevlə tanış etdi. Söhbətimiz bu ucqar dağ kəndinin keçmişi və bu günü üzərində kökləndi. Yaşı 85-i haqlayan Əmralı kişi dedi ki, bu kənd vaxtilə gözdən uzaq bir yurd yeri idi. Hətta adicə orta məktəbi oxuyub, bitirmək belə, çətin idi.
– Necə yəni burada məktəb olmayıb? – deyə soruşduqda Nizami müəllim söhbətə qoşularaq bildirdi ki, kənddə ilk məktəb 1920-ci ildə açılıb və təxminən, 1970-ci illərin əvvəllərinə qədər 4 illik, 1992-ci ilə qədər isə səkkizillik məktəb kimi fəaliyyət göstərib. O dövrdə bu məktəbdə cəmi 2 sinif otağı olub. Sinif otaqları çatışmadığından razılıq əsasında yaxınlıqdakı evlərin bir neçəsindən sinif otaqları kimi istifadə edilib. Burada oxuyan uşaqlar sonra Ləkətağ və Ərəfsədəki məktəblərdə orta təhsillərini başa vurardılar.
Əmralı dayı dedi ki, o vaxtlar kəndin yolları da bərbad vəziyyətdə idi. Adi bir iş üçün Ləkətağ və Ərəfsə kəndlərinə gedib-qayıtmaq, xüsusilə qış fəslində problemə çevrilirdi. Ancaq bütün bunlara baxmayaraq, kəndin zəhmətkeş, torpağa bağlı insanları bu yurd yerini heç vaxt tərk etməyiblər.
Nəsrəddin dayı da söhbətə qoşularaq qürur və iftixar hissilə bildirdi ki, son illərdə bu kənddə bir sıra məsələlər tamamilə öz həllini tapıb. Kənd qazlaşdırılıb, elektrik xətləri yenilənib. Qarlı dərənin yuxarı hissəsindən buraya su xətti çəkilib. Ləkətağda olduğu kimi, burada da kompleks quruculuq işləri görülüb. Kənd mərkəzində çalışanlar üçün rahat iş şəraiti yaradılıb. Kənddə yeni mağaza, bərbərxana fəaliyyətə başlayıb. Çox sevinirik ki, 2012-ci ildə kənddə istifadəyə verilən obyektlər içərisində məktəb binası da olub. İndi Boyəhməd məktəbindəki şərait şəhər məktəblərindən fərqlənmir. Bu gün şagirdlərimiz kilometrlərlə yolu qət edib başqa kəndlərə getmirlər.
Söhbət zamanı rayon mərkəzindən 64 kilometr uzaqlıqda yerləşən bu kənddən axan Böyükçayın içməli suyundan, Dəvəyatağı, Qaranlıqdərə, Qırxlar piri, Qız-gəlin çuxuru, Gədik dağlarının yamaclarında əkilən meyvə ağaclarından, buz kimi suyu olan Qoşa çeşmədən, Soyuqbulaqdan da danışırıq.
Artıq gəldiyimiz yolu geri qayıtmaq zamanı çatmışdı. Ətrafımıza toplaşmış digər kənd sakinləri ilə də görüşüb ayrıldıq. Yolboyu aldığımız xoş təəssüratlar duyğularımızı qanadlandırdı. Muxtar respublikamızın hər bir bölgəsindəki bu inkişaf və tərəqqinin kökündə hansı amilin durduğunu anlamağa çalışıram. Yadıma müdriklərdən birinin söylədiyi sözlər düşür: “Hansı ölkədə nizam-intizam varsa, ictimai-siyasi sabitlik varsa, o məmləkətdə əmin-amanlıq var, uğur var, qələbə var, işə yaradıcı münasibət var”. Hər bir insan bu amalla, məsləklə köklənəndə onun Vətənə, torpağa, xalqına, millətinə bağlılıq, sevgi hissləri də artır. Bu gün muxtar respublikamızdakı bu quruculuğun, inkişafın kökündə məhz bu amillər durur. Bu gün Culfa rayonunun hər bir sakini bu quruculuğun və inkişafın bəhrələrindən səmərəli istifadə edir.
Hüseyn ŞƏKƏRƏLİYEV
Məqalə “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda
yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.