23 Dekabr 2024, Bazar ertəsi

İnsan ömrünü fəsillər kimi düşünə bilərik. Ömrün də baharı, yayı, payızı və qışı vardır. Gənclik ömrün baharıdır. Gənclik də bahar kimi qaynar, bahar kimi rəngarəng, bahar kimi zəngindir. Gələcək məhsulun təməli baharda qoyulduğu kimi, insanın gələcək mənalı ömrünün də əsası gənclikdə qazanılır.
Xalqımızın mübarizələrlə dolu tarixi keçmişinə nəzər salanda bütün məqamlarda gənclərin fəal mövqeyinin, igidliyinin, qəhrəmanlığının, vətənpərvərliyinin şahidi oluruq. Bu gün də Azərbaycan gəncləri öz ulu keçmişinə sadiq olmalı, xalqımız üçün gərəkli gənclər kimi yaşamalı və mübarizə aparmalıdırlar.
Bu gün gənclərin qarşısında çox böyük və möhtəşəm vəzifələr durur. Öz müstəqilliyinin 28-ci ilində olan Azərbaycan Respublikası gənclərə arxalanır, çünki ümummilli liderimiz Heydər Əliyevin də söylədiyi kimi: “Gənclər Azərbaycanın gələcəyidir”. Elə azadlıq və müstəqilliyimizin qazanılmasında da gənclərin mübariz xidmətləri olmuşdur.

Azərbaycanda gənclərin sayı çoxdur. Elə buna görə də respublikamız gənclər ölkəsi adlandırılır. Gənclər öz milli dəyərlərinə – dilinə, dininə, musiqisinə, incəsənətinə, folkloruna sahib çıxmalı, onlarla fəxr etməli və qürur duymalıdırlar. Ümummilli liderimiz Heydər Əliyev gənclərə tövsiyəsində deyirdi ki, öz doğma ana dilimizi sevin, bu dildə danışmaqla fəxr edin. Nə qədər çox dil bilirsinizsə-bilin, amma öz dilimizi onlardan doğma və əziz bilin, onu qoruyub saxlayın. Biz gərək hansı ölkədə oluruqsa-olaq, danışmağımızla, etik normalara əməl etməyimizlə, düzgün nitqimizlə öz xalqımızı düzgün təmsil edək, digər xalqlarda təəssüratlar yaradaq.
Əsrimiz intellekt, təhsil əsridir. Bizim gənclərimiz yüksək təhsilli, geniş dünyagörüşlü, siyasi cəhətdən kamil gənc­lərdir.
Ümummilli liderimiz Heydər Əliyev gəncləri çox sevirdi və onların öz bilik və bacarıqları ilə dünyanın qabaqcıl gənc­ləri sırasında olmalarını arzu edirdi. Mən Azərbaycan gənclərini ulu öndər Heydər Əliyevin görmək istədiyi gənclər kimi görmək istəyirəm. Hər bir Azərbaycan vətəndaşı milli-mənəvi dəyərlərinə hörmət və ehtiramla yanaşmalıdır. Biz beynəlxalq idman yarışlarında, olimpiya oyunlarında, olimpiadalarda iştirak edərək öz bayrağımızı ləyaqətlə dalğalandırmalı, himnimizi səsləndirərək Vətənimizin adını yüksəklərə qaldırmalıyıq. O zaman biz ümummilli liderimizin görmək istədiyi kimi olmağı bacararıq.
Milli-mənəvi dəyərlər xalqın siması, kimliyidir. Bu dəyərlərimizi qorusaq, onlara sahib çıxsaq, mən inanıram ki, bu zaman dünyanın ən qabaqcıl xalqları arasında olaraq Vətənimiz Azərbaycanı layiqincə təmsil edərik.
Ana dilimiz də bizim üçün çox müqəddəs və əhəmiyyətlidir. Biz öz dilimizdən düzgün və yerli-yerində istifadə etsək, səlis və sərbəst bir nitqə sahib olarıq. Ata-babalarımızdan gənclərə miras qalmış böyük-kiçik yeri bilmək, yaşlılara, qadınlara hörmət etmək, uşaqlara qayğı ilə davranmaq gənclərin mənəvi borcudur.
Gənclərin qarşısında duran ən böyük vəzifələrdən biri də işğal olunmuş torpaqlarımızı azad və ərazi bütövlüyünü bərpa etməkdir.
Gözün aydın, Azərbaycan! Torpaqların azad edildi! Üçrəngli bayrağın Xankəndidə, Xocalıda, Şuşada, Laçında, Füzulidə, Qubadlıda, Ağdamda, Ağdərədə, Xocavənddə, Zəngilanda, Kərkidə dalğalanır. Bu xoş xəbəri, mən istərdim ki, Azərbaycan xalqına çatdıranlar içərisində gənclər birinci olsun.
Mən Azərbaycan gəncini öz mənəvi dəyərləri ilə tərbiyə edilmiş, soykökünə möhkəm bağlı olan, Vətənini, xalqını sevən bir şəxs kimi görmək istəyirəm. Vətəni sevmək azdır. Gərək Vətən yolunda hər cür çətinliyə, sınaqlara hazır olasan. Mən Azərbaycan gənclərini öz həmvətənimiz, Milli Qəhrəman Mübariz İbrahimov kimi Vətəni uğrunda canından belə, keçməyə hazır olan gənclər kimi görmək istəyirəm.

Şəbnəm İmanova
Culfa rayon Saltaq kənd tam orta məktəbinin XI sinif şagirdi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR