23 Dekabr 2024, Bazar ertəsi

May ayının 18-də Naxçıvan-­Əshabi-Kəhf-Naxçıvan marşrutu açılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin sektor müdiri Natiq Həsənovdan aldığımız məlumatda bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində bu gün muxtar respublikada əldə olunan dinamik inkişaf digər sahələr kimi, nəqliyyat sahəsinə də öz müsbət təsirini göstərib, bu istiqamətdə həyata keçirilən tədbirlər insanların rahatlığının təmin edilməsinə əlverişli şərait yaradıb.
O qeyd edib ki, qədim inancları, möcüzəvi sirləri özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə getmək istəyən çoxsaylı turistlərin, zəvvarların, qonaqların, eləcə də muxtar respublika sakinlərinin rahat gediş-gəlişini təmin etmək məqsədilə yeni Naxçıvan-Əshabi-Kəhf-Naxçıvan marşrutu fəaliyyətə başlayıb. Marşrut hər gün 2 reys olmaqla, saat 830 və 1400-da Naxçıvan şəhərindəki avtovağzaldan Əshabi-Kəhfə, saat 1200 və 1700-da isə “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksindən əks istiqamətə yola düşəcək. Sərnişin sıxlığı nəzərə alınaraq həftənin şənbə və bazar günləri dörd reys həyata keçiriləcək. Muxtar respublikaya gələn qonaqların bu marşrutdan səmərəli istifadə etmələri üçün “Təbriz” və “Grand” otellərinin, eləcə də “Cahan” Ticarət Mərkəzinin qarşısında avtobusların dayanacaq yerləri müəyyən olunub.

Avtovağzalda olarkən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə yola düşən sərnişinlərə yaxınlaşıb fikirlərini öyrəndik. Naxçıvan şəhərinin Əliabad qəsəbəsində yaşayan Xatın İbrahimova bildirdi ki, hələ kiçik yaşlarımdan ailəmlə birlikdə Əshabi-Kəhfə üz tutar, oranı ziyarət edəndən sonra sanki bir mənəvi rahatlıq taparaq evə qayıdardıq. Lakin əvvəllər bu istiqamətdə marşrutun fəaliyyət göstərməməsi səbəbindən istədiyimiz vaxt ziyarətgaha getmək mümkün deyildi. İki nəfər getsək belə, mütləq maşın tutmalı olurduq. Bu da, təbii ki, ailə büdcəmizə təsirsiz ötüşmürdü. İki-üç gün bundan öncə bu istiqamətdə marşrutun açılacağını eşidəndə çox sevindim. Xüsusilə qeyd edim ki, Əshabi-Kəhfə gediş-gəliş çox cüzi vəsaitə başa gəldiyi üçün arzu edən hər kəsin getmək imkanı olacaq. Bu da insanlara həm maddi, həm də mənəvi dəstək deməkdir. Bir şəhər sakini kimi biz ziyarətçilər üçün yaradılan şəraitə görə dövlətimizə minnətdaram.
Ziyarətgaha üz tutanlar arasında tələbələr də az deyildi. Onlardan Şəki rayon sakini Rəvanə Aslanova Naxçıvan Müəllimlər İnstitutunun İbtidai sinif müəllimliyi ixtisası üzrə II kursunda təhsil alır. Deyir ki, Naxçıvanda olduğum iki il ərzində qədim diyarın bir sıra gəzməli­-görməli yerlərində olmuşam. Əvvəllər tələbə yoldaşlarımla birgə Əshabi-Kəhfə getmək istəsək də qismət bu günə imiş. Yeni marşrutdan istifadə etməklə həm əlavə xərci­miz çıxmayacaq, həm də avtobus 2 saat 30 dəqiqə orada gözlədiyi üçün bu müqəddəs yeri rahat şəkildə ziyarət edə biləcəyik. Bütün tələbə yoldaşlarım adından dövlətimizə minnətdarlıq edirəm.
Qeyd edək ki, gələcəkdə bu marşrut xəttinin Duzdağ Fizioterapiya Mərkəzinə qədər uzadılması da nəzərdə tutulub.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR